Xədicə İsmayılın məhkəməsi təxirə salındı (yenilənib)

Jurnalist ölkədən çıxışına qadağa qoyulmasıyla bağlı Baş Prokurorluğa müraciət edəcək

Source:


14.00.

Baş Prokurorluq “Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılovanın ölkədən buraxılmamasının səbəblərini açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov apa-nın sorğusuna cavabında bildirib ki, Xədicə İsmayılovanın hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaqı aparılan cinayət işi ilə bağlıdır: “Onun qeyd edilən cinayət işi üzrə əlavə olaraq şahid qismində dindirilməsi, həmçinin aparılacaq digər istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. Bu səbəbdən də onun ölkədən çıxmasına məhdudiyyət qoyulub”.

Qeyd edək ki, X. İsmayılova oktyabrın 12-də Çexiyaya getmək istəyərkən ölkədən buraxılmayıb.


————————————————————————–


Jurnalist ölkədən çıxışına qadağa qoyulmasıyla bağlı Baş Prokurorluğa müraciət edəcək

Oktyabrın 13-də Binəqədi Rayon Məhkəməsi jurnalist Xədicə İsmayılovanın işi üzrə iclası oktyabrın 17-nə keçirib. Jurnalist  özü bu barədə Facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, məhkəmədə deyiblər ki, ölkədən çıxışına qadağa bu iş ilə əlaqədar deyil. X.İsmayılova Baş Prokurorluqdan açıqlama almaq niyyətindədir və bu gün ora rəsmən müraciət edəcək.

Oktyabrın 12-də X.İsmayılova Praqaya “Forum 2000” beynəlxalq konfransına gedərkən ölkədən çıxışına icazə verilməyib. Amma o, bugün Skype vasitəsilə foruma qatılıb.

Jurnalistə qarşı iddianı Xalq Cəbhəsi Partiyasının keçmiş fəalı Elman Həsənov qaldırıb. O, jurnalisti böhtan, şərəf və ləyaqətin təhqir olunmasında ittiham edib. İddiaçının versiyasına görə, jurnalist E.Həsənovun gizli agent olması barədə Milli Təhlükəsizlik Nazirliyinin məxfi sənədini açıqlayıb.

Lakin jurnalistin dərc etdiyi materialda E.Həsənovun adı yoxdur.

Ana səhifəXəbərlərXədicə İsmayılın məhkəməsi təxirə salındı (yenilənib)