Xədicə İsmayılın həbsi beynəlxalq etiraz doğurdu

“Bu həbs Azərbaycanda demokratiya və qanunun aliliyinə və insan hüquqlarına hörmətə zərbədir”

Source:


“Bu həbs Azərbaycanda demokratiya və qanunun aliliyinə və insan hüquqlarına hörmətə zərbədir

Beynəlxalq təşkilatların “Hüquqlar naminə idman” koalisiyası birgə bəyanatında Xədicə İsmayıl barəsində hökmü kəskin şəkildə pisləyib.

Sənəddə jurnalist barəsində hökm “biabırçı”, ədalətli mühakimənin “ələ salınması” adlandırılır.

Koalisiya beynəlxalq ictimaiyyəti İsmayılovın azad edilməsi üçün bütün mümkün addımları atmağa çağırır.

Koalisiya qeyd edir ki, Azərbaycan hakimiyyəti Avropa Oyunları ərəfəsində hakimiyyətin korrupsiya və özbaşınalığını ifşa edən tənqidin qarşısını almaq üçün vətəndaş cəmiyyətinə və mətbuata qarşı geniş repressiyalara başlayıb.

“Hökumətin jurnalistlərə və onların ailə üzvlərinə qarşı bu misli görünməmiş ovuna son qoymasını tələb edirik”, deyə bəyanatda qeyd edilir. Sənəddə bu yaxınlarda reportyor Rasim Əliyevin qətlə yetirildiyi, Meydan TV-nin rəhbəri Emin Millinin qohumlarının təqib edildiyi və digər faktlar xatırladılır.

Koalisiya Azərbaycan hökumətini qarşıda duran parlament seçkiləri kontekstində ölkədə insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə təcili və konkret tədbirlər görməyə çağırıb.

Həmçinin, Koalisiya beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətini məsuliyyətə və insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırmaq üçün səyləri fəallaşdırmağa çağırır.

Bəyanatı 20-dən çox hüquq müdafiə təşkilatı, o cümlədən Article 19, Civil Rights Defenders, CPJ, Front Line Defenders,  HRHF, Freedom Now, Index censorship, FIDH,  International Media Support və s. imzalayıb.

Eyni zamanda, ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və İnsan Hüquqları üzrə Avropa komissarı Nil Mujnieks bu gün Xədicə İsmayılın 7,5 il azadlıqdan məhrum edilməsini qınayıb.

Onların birgə bəyanatında deyilir ki, hakimiyyət Azərbaycanda tənqidi səsləri susdurmaq üçün davam edir. “İsmayıla qarşı ədalətsiz məhkəmə aydın şəkildə göstərir ki, Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmağa davam edir. Mən yenidən hakimiyyəti jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırıram”, deyə Miyatoviç bildirib.

“Xədicə İsmayıl tənqidi səsləri bir-birinin ardınca susmağa vadar edən ölkədə araşdırmaçı jurnalist kimi cəsarətli işinə görə cəza çəkir. Bu, Azərbaycanda demokratiya və qanunun aliliyinə və insan hüquqlarına hörmətə zərbədir,” deyə öz növbəsində Mujnieks qeyd edib.

ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi də hökmü pisləyib, İsmayılın işi üzrə prosesi “məzhəkə” adlandırıb və hakimiyyəti hökmü ləğv etməyə çağırıb.

“Sərhədsiz reportyorlar” Bakı məhkəməsinin bu gün məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayıl barəsində çıxardığı 7,5 il azadlıqdan məhrumetmə cəzasından sarsılıb. Bu barədə bu beynəlxalq hüquq müdafiə təşkilatının “Turan İA”a göndərilmiş bəyanatında deyilir.

“İsmayıl barəsində uzunmüddətli həbs cəzası təəccüblü deyil, belə ki, Azərbaycanda məhkəmə sistemi funksiyası, görünür, dövlət repressiyalarına qanunilik donu geyindirmək üçün mövcuddur”, deyə SR-in Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri İohan Bir bildirib.

“Amma bütün bunlar hökmün dəhşətini azaltmır. İsmayılın yeganə cinayəti hökumətdəki korrupsiya faktlarını cəsarətlə araşdırması olub. Onun işi həmkarları – Azərbaycandakı bütün jurnalistlər üçün qorxutma vasitəsidir”, deyə o qeyd edib.

İsmayılın məhkəmədə son çıxışını belə tamamlamasına imkan verilməyib, müstəqil mətbuat və ictimaiyyət isə məhkəmə prosesinə buraxılmayıb.

2014-cü il dekabrın 5-də həbs edilmiş İsmayılova artıq 9 ayını saxta ittihamlarla həbsdə keçirib.

Nəhayət, o, absurd özünü öldürmə həddinə çatdırma ittihamından başqa, demək olar ki, bütün ittihamlar üzrə mühakimə olunub.

“Sərhədsiz reportyorlar” təşkilatı İsmayılın və Azərbaycanda həbsdə olan digər 11 jurnalist və blogerin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır, habelə Bakının beynəlxalq tərəfdaşlarını israrla onun məsələsini bütün ikitərəfli danışıqlarda qaldırmağa çağırır”, deyə bəyanatda qeyd edilir.

Avropa Şurasının Baş Katibi Turbyern Yaqland jurnalist Xədicə İsmayıl barəsində məhkəmənin bugünki 7,5 il azadlıqdan məhrumetmə hökmünü pisləyib.

Bu barədə Baş Katibin mətbuat katibi Daniel Höltgenin bəyanatında deyilir.

Hüquq müdafiəçiləri Leyla və Arif Yunus barəsindəki hökmdə də olduğu kimi, Baş Katib Azərbaycan hakimiyyətindən İsmayılın təqsirinin ətraflı dəlillərini tələb edib.

Yaqland yenidən Azərbaycanın məhkəmə sistemində sistemli şəkildə olan nöqsanlar və ölkədə fikri ifadə azadlığına mənfi təsir göstərən hüquq müdafiəçiləri və jurnalistlərin cinayət təqibi hallarının artması kimi həyəcan doğuran tendensiya ilə bağlı narahatlığını bildirib.

(Turan İA).

Ana səhifəXəbərlərXədicə İsmayılın həbsi beynəlxalq etiraz doğurdu