Xədicə İsmayılın həbs müddəti uzadıldı

Jurnalistin vəkilinə prosesə bir neçə saat qalmış məlumat verilib

Source:


Jurnalistin vəkilinə prosesə bir neçə saat qalmış məlumat verilib

Martın 6-da Nəsimi Rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin uzadılması ilə bağlı proses keçirilib.

Bu barədə Meydan TV-yə jurnalistin vəkili Fəxrəddin Mehdiyev məlumat verib. O, bildirib ki, Xədicə İsmayılın həbs müddəti mayın 24-nə qədər uzadılıb: “Mənə prosesə bir neçə saat qalmış məlumat veriblər. Məsələ ondadır ki, Xədicə xanımın həbs müddəti martın 27-də, yəni bayram günlərində bitdiyindən belə qərara gəlinib”.

Jurnalist ötən ilin dekabrın 5-də Tural Mustafayevi özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilmişdi. Yanvarın 27-də həmkarımızın həbs müddəti 2 ay daha uzadılmışdı.

Fevralın 13-də isə Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyətilə bağlı maddələr üzrə əlavə ittihamlar təqdim olunub.

Son ittihamlar QHT-lərə açılan cinayət işində Azadlıq Radiosunun ofisində aparılan yoxlamalarla bağlıdır. Vəkil Yalçın İmanov həmin yoxlamalarla əlaqədar şahid qismində ifadə verib. Qanunla eyni cinayət işində şahid qismində cəlb olunan şəxs bu iş üzrə ittiham olunan başqa şəxsin hüquqlarını qoruya bilməz. Bu səbəbdən Yalçın İmanovun jurnalistin müdafiəsindən uzaqlaşdırılacağı gözlənilir.

İttihamlar təsdiqlənərsə, jurnalisti 12 ilədək həbs cəzası gözləyir.

Xədicə İsmayıl irəli sürülən bütün ittihamları rədd edib.

Ana səhifəXəbərlərXədicə İsmayılın həbs müddəti uzadıldı