Xədicə İsmayılın bank hesabına həbs qoyula bilər

”Başa düşürəm ki, həmin məbləği mənə verməmək üçün belə bir fırıldaq qurublar”

Source:


”Başa düşürəm ki, həmin məbləği mənə verməmək üçün belə bir fırıldaq qurublar”

Vergilər Nazirliyi araşdırmaçı jurnalist Xədicə İsmayılın hesablarına həbs qoyulması ilə bağlı 1 saylı İqtisad Məhkəməsinə müraciət edib.

Bu barədə jurnalistin özü Meydan TV-yə məlumat verib.

X.İsmayılın sözlərinə görə, səbəb kimi bildiriblər ki, məhkum olunduğu iş üzrə Azadliq Radiosunun vergidən yayındığı məbləği o ödəməlidir.

Jurnalist deyib ki, aldığı mükafatın bir hissəsi “Kapitalbank”a köçürülüb:

“Hökumətin hansısa əngəl yaradacağına əmin olduğumdan mükafatın məbləğinin tam köçürülməsini istəmədim. Yəni hansısa şəkildə mükafatın məbləğini mənə verməməyə çalışacaqlar. Başa düşürəm ki, həmin məbləği mənə verməmək üçün belə bir fırıldaq qurublar”.

Xədicə İsmayılın sözlərinə görə, onun üzərinə qoyulan 63 min manat vergi borcunun hardan götürülməsi aydın deyil:

“Məhkəmə hökmünü kənara qoyaq, hətta ittiham haqqımda da belə bir rəqəm yox idi. İkinci, məhkəmə qərarında dövlətə ziyan vurmağımın müəyyənləşmədiyi qeyd olunub. Üçüncü, Azadlıq Radiosunun vergi məsələsi hələ istintaqdadır. Vergilər Nazirliyi ilə Azadlıq Radiosu öz aralarında hələ müəyyənləşdirə bilməyiblər ki, qarşılıqlı olaraq vergi borcu nə qədərdir. Məsələ ondadır ki, mənim məhkum olunduğum maddələrdən biri Azadlıq Radiosunun Bakı Bürosunun rəhbəri olduğum dövrdə gəlir vergisindən yayınmasıdır. Əlbəttə, bunun mənə aidiyyatı yoxdur, sadəcə, məhkəmə qərarında belə yazılıb. Ən əsası məhkəmə qərarında mənim dövlətə vurduğum ziyanın müəyyənlləşmədiyi və mülki iddianın olmadığı yazılıb. Ona görə Vergilər Nazirliyinin nəyə əsaslandığı naməlumdur, dəfələrlə vergi borcumun olub-olmaması ilə bağlı nazirliyin 195 saylı mərkəzinə zəng edirəm, borcumun olmadığı cavabını verirlər. Mənə borcun hardan yarandığı maraqlıdır. Başqa bir yalan, Vergilər Nazirliyi məhkəməyə göndərdiyi iddia ərizəsində borcumun olduğu və 5 gün ərzində ödəməyim haqda məktub göndərdiyini qeyd edib, halbuki, elektron və ev ünvanıma heç bir məktub gəlməyib”.

X.İsmayıl 1 saylı İqtisad Məhkəməsindən izahat istəyəcəyini deyir:

“Yəqin ki, bu əməliyyat hesabıma gələn vəsaiti geri qaytarmamaq və mənə verməmək üçün qurulub. Həbs qoyulma təhlükəsi var. Məhkəmədən birinci xahişim vəsaitə həbs qoymaması, ikinci isə özümə verilməsi barədə olacaq. Görünür, yeni məhkəmələrlə vaxtımı almaq istəyirlər, amma çox biabırçı işdir”.

Bu il sentyabrın 26-da X.İsmayıl “Nobel mükafatına alternative” – “Dürüst Həyat” (Right Livelihood) laureatı adını qazanıb. Ondan 3 gün sonra Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi “Allard” mükafatına layiq görülüb.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, ittihamları qəbul etmir, araşdırma yazılarına görə sifarişlə həbs olunduğunu bəyan edirdi.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Əvvəlki hökm 3 il 6 ay şərti cəza ilə əvəz edilib. Avqustda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Ancaq şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb.

X.İsmayıl həbsdən buraxılsa da, ölkədən kənara buraxılmır. Ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından ötrü Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb. Bakı Apelyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.

Ana səhifəXəbərlərXədicə İsmayılın bank hesabına həbs qoyula bilər