Xədicə İsmayıla 9 il həbs istənildi

Xədicə İsmayıl dövlət ittihamçısının çıxışına gülərək reaksiya verib

Source:

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam etdirilib. Prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev çıxış edib. O bildirib ki, Xədicə İsmayıl Azadlıq Radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən istifadə edib, vergidən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub: “Amma Xədicə İsmayıl özünü heç bir maddə üzrə təqsirli bilməyib. Məhkəmə istintaqı zamanı dindirilən Aynurə İmranova göstərdi ki, o, ali təhsilli şəxsdir, onu nəsə yazmağa məcbur etmək olmaz. Bunu əsas götürərək, demək mümkündür ki, Aynurə İmranova öz ifadələrində bilərəkdən Xədicə İsmayılı məsuliyyətdən yayındırmağa çalışırdı. Ona görə də onun dedikləri sübut kimi götürülməməlidir. Digər şahid Esmira Cavadova bildirir ki, 2009-cu ildən xidməti müqavilə bağlayıb, aylıq gəliri 1400 manata qədərdir, həmin gəlirdən sadələşdirilmiş vergi əsasında yalnız 4 faiz ödəyib. Əgər o, xidməti deyil, əmək müqaviləsi bağlasaydı, buna görə 14 faiz ödəyərdi. Esmira Cavadova istintaqa ifadəsində bildirmişdi ki, ona xidməti müqavilə bağlamağı Xədicə İsmayıl məsləhət görüb. Bu da onu göstərir ki, Xədicə İsmayıl bilərəkdən vergi yayınmasına şərait yaradıb. Sonradan məhkəmə istintaqında Esmira Cavadova Xədicə İsmayılı görüb əvvəl dediklərindən imtina etdi. Hesab edirəm ki, onun istintaqda verdiyi ifadəsi əsas götürülməlidir. Məhkəmədə ifadə verən Çingiz Sultansoy da xidməti müqavilə bağladığını deyib. Onun işi redaktədir və daim redaksiyada oturmağı tələb edir. Belə olan halda, onunla niyə xidməti müqavilə bağlandığı hamıya məlumdur. Məqsəd radionu 14 faizlik vergidən yayındırmaqdır”.

Prokuror deyib ki, Azadlıq Radiosunun ofisindən 12 əmək kitabçası, ştamp və möhür götürülüb: “Əgər Xədicə İsmayılın dediyi kimi Bakı bürosu işə götürən deyildisə, o zaman bunlar nəyə lazım idi? Aralıq Aktından və digər sənədlərdən bir daha aydın olur ki, 12-14 nəfər ştatda olduğu halda redaksiyada 30 kompüter olub. Muzdlu işçi kimi fəaliyyət göstərən şəxslərlə xidməti müqavilə bağlanıb”.

Ramazan Hadıyevin sözlərinə görə, Xədicə İsmayılın radioya rəhbərlik etdiyi sonuncu bir ildə Azadlıq Radiosu lisenziyasız fəaliyyət göstərib.

125-ci maddə ətrafında danışan dözlət ittihamçısı bildirib ki, zərərçəkən Tural Mustafayevi Xədicə İsmayıl ölüm həddinə çatdırıb:

“Tural Mustafayev məhkəmə istintaqı zamanı mənim suallarıma ancaq “bilmirəm”, “belə istəmişəm” deməklə hər vasitə ilə Xədicə İsmayılı müdafiə etməyə çalışırdı. Ona böhtan atdığını söyləmişdi. Ancaq o, bəzi şeyləri unudurdu. Məsələn, o bir neçə dəfə hüquq-mühafizə orqanlarına müraciət etmişdi və heç kimə məlum olmayan, doğruluğu şübhə doğurmayan fikirlər doğurmuşdu. Onun istintaq zamanı verdiyi ifadəsi keçmiş həyat yoldaşı Şəfa Mustafayeva tərəfindən də təsdiqlənmişdi. Məhkəmədə ifadə verən ailə üzvləri, eləcə də, ekspertizanın nəticələri Tural Mustafayevin anlaqlı, fiziki və psixoloji cəhətdən sağlam olduğunu göstərir”.

Prokuror Xədicə İsmayılın Tural Mustafayevi ölümə təhrik etdiyinin sübutu kimi şəxsi yazışmaları məhkəmədə oxuyub, deyib ki, Xədicə İsmayıl Tural Mustafayevi özündən maddi asılılığa məcbur edib. Sonradan imkansız vəziyyətə düşən Tural Mustafayev əvvəlki durumunu bərpa etmək üçün dəfələrlə Xədicə İsmayıla onu bağışlaması üçün yalvarıb, ancaq Xədicə İsmayıl onu bağışlamayıb və bununla da Tural Mustafayev intihar həddinə çatıb. Prokurorun iddiasına görə, 125-ci maddənin ictimai təhlükəsi ondadır ki, insanı ölümə sürükləyir və bu da insanlıqdan kənar əməldir.

Dövlət ittihamçısına görə, Xədicə İsmayıl islah və yenidən tərbiyə olunması üçün məhkum olunmalıdır. O, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 8 il, 192.2.2-ci maddəsi ilə 4 il, 125-ci maddə ilə 5 il, 213.1-ci maddəsilə 2 il, 308.2-ci maddəsilə 2 il azadlıqdan məhrum edilməlidir: “Maddələri ümumiləşdirib, yekun olaraq Xədicə İsmayılın 3 il dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyirəm. Cəzası ümumirejimli cəzaçəkmə müəssisəsində çəkilsin, 364 manat məhkəmə xərci Xədicə İsmayıldan tutulsun”.

Xədicə İsmayıl sonuncu cümləni gülüşlə qarşılayıb: “Bax, onu verməyəcəm”.

Daha sonra prosesdə Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynov çıxış edib, prokurorun fikri ilə razı olduğunu bildirib.

Müdafiə tərəf çıxış üçün məhkəmədən vaxt istəyib. Növbəti proses avqustun 26-ı, saat 11:00-a təyin olunub.

Ana səhifəXəbərlərXədicə İsmayıla 9 il həbs istənildi