Jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyir
Araşdırmaçı jurnalist Xədicə İsmayıl məhkəməyə müraciət edib.
Meydan TV-nin məlumatına görə, X.İsmayıl Binəqədi rayon Məhkəməsinə etdiyi müraciətində ölkədən çıxışına olan qadağanın götürülməsini istəyib. Müraciətə nə vaxt baxılacağı bilinmir.
X.İsmayıl bundan əvvəl də eyni məzmunda müraciəti məhkəməyə təqdim edib. Binəqədi rayon Məhkəməsi onun istəyini təmin etməyib. Həmin qərardan verilən apelyasiya və kassasiya şikayətləri də təmin edilməyib.
X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.
X.İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Ancaq onun ölkədən çıxışına icazə verilmir. X. İsmayıl bu qadağanı əsassız və absurd adlandırır.