“Bu, məni dayandıra bilməz, mən həqiqəti söyləməkdə davam edəcəm”
Azərbaycan hakimiyyəti araşdırmaçı jurnalist Xədicə İsmayılın noyabrın 19-da keçiriləcək ABŞ Konqresinin Helsinki Komitəsinin dinləmələrində iştirakına mane olub. Tədbir ATƏT məkanında korrupsiya problemlərinə həsr olunub.
Bir ay öncə X.İsmayıl Çexiyaya da konfransa buraxılmamışdı. Səbəb olaraq onun “dövlət sirrinin yayılması” işi üzrə şahid kimi keçməsi göstərilib.
Lakin ötən müddətdə o dindirməyə çağırılmayıb. Hazırda səfərlə bağlı istintaqa ilkin xəbərdarlıq göndərsə də rəsmi cavab almayıb.
Bu açıqlamanı jurnalist Facebook səhifəsində yayıb.
X.İsmayıl tədbirdə məruzəçilərdən biridir və öz çıxışını dinləmələrə göndərib. O ümidvar olduğunu bildirib ki, tədbir zamanı Azərbaycanda korrupsiya məsələsinə lazımi diqqət yetiriləcək.
X.İsmayıl həmçinin bildirib ki, prokurorluğun qanunsuz hərəkətlərindən məhkəməyə şikayət edəcək.
Jurnalist xatırladıb ki, Azərbaycanın Cinayət-Prosessual Məcəlləsində məhkəmənin qərarı və ya yazılı öhdəlik olmadan şahidin ölkədən çıxışına qadağa qoyulması nəzərdə tutulmur.
O, prokurorluğun hərəkətini hakimiyyəti tənqid etdiyinə görə onun hərəkət azadlığının məhdudlaşdrılması kimi qiymətləndirir.
“Bu, məni dayandıra bilməz, mən həqiqəti söyləməkdə davam edəcəm”, – deyə X.İsmayıl yazır (Turan İA).