Fasilədən sonra proses davam edib.
Xədicə İsmayıl deyib ki, 125-ci maddə ilə bağlı suallara yalnız zərərçəkən Tural Mustafayevin prosesdə iştirakı ilə cavab verəcək:
“Bir daha işin bel tələsik aparılmasına iradımı bildirirəm. Yəqin kurorta tələsirsiz. Bəlkə də Avropa ölkələri vaxtında sanksiya tətbiq etsəydi, indi Karlovı Variyə tələsməzdiz. Bizim hüquqlarımızı özünüzün istirahət hüququnuza qurban verirsiz. Mən məhkəmənin tələsik şəkildə keçiriməsinə etiraz edirəm”.
“İradınızı Con Kerriyə ünvanlaya bilərsiz”
Xədicə İsmayıl ifadə verməyə başlayıb. O deyib ki, Azad Avropa/Azadlıq Radiosunun nümayəndəliyinin rəhbəri kimi vəzifə səlahiyyətlərindən sui- istifadə, vergidən yayınma və 3-cü şəxsin xeyrinə mənimsəmədə ittiham edilir: “Mən Azərbaycan nümayəndəliyinin rəhbəri olmamışam. Bakı bürosu Azərbaycan nümayəndəliyi deyil. Azərbaycan nümayəndəliyinin əsasnaməsi var. Nümayəndəliyin idarə edilməsini şirkət tərəfindən müəyyən edilən rəhbər həyata keçirir. Mən heç kimi işə götürməmişəm, mənim özümü işə götürüblər. Mən heç kimlə müqavilə bağlamamışam. Mənimlə müqaviləyə Con Kapler imza atıb. Ümumiyyətlə, Azadlıq Radiosunun Bakı bürosu deyə hüquqi şəxs olmayıb. Bakı bürosu radionun şöbələrindən biri olub. Büro rəhbəri kimi mənim işim keyfiyyətli məhsul ortaya qoymaq, işçi qüvvəsini effektiv bölmək olub. Ümumiyyətlə, qərb mətbuatında iki qanad olur – maliyyə və yaradıcılıq. Mən yaradıcılıq qanadına baxmışam, maliyyə işlərinə aidiyyatım olmayıb. Radiodaki digər işçilər kimi mən də işə götürülmüşəm. İşimin öhdəsindən də yaxşı gəlmişəm. Elə ona görə də həbs olunmuşam. Azadlıq Radiosunun ölkədəki həqiqətlərin üzə çıxarılması üçün əvəzsiz xidmətləri olub. Həbsimiz səbəblərindən biri də budur. Tezliklər və lisenziyalarla bağlı müqavilələr də ABŞ Yayım İdarəetmə Şurası ilə bağlanıb”.
Xədicə İsmayıl Azadlıq Radiosunun hüquqi nümayəndəsi Adil İsmayılovun sorğuları əsasında Teleradio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Teleradio İstehalat Birliyinin verdiyi məktubların sürətlərini ifadəsinə əlavə kimi məhkəməyə təqdim edib. Həmin məktublardan bəlli olur ki, radionun 2009-cu il yanvarın 1-ə qədərki yayımı qanunsuz olmayıb:
“Lisenziyanı ABŞ Yayım İdarəetmə Şurası alıb, həmin qurum da Vaşinqtonda yerləşir, rəhbəri də ABŞ Dövlət katibidir. Bu məsələ ilə bağlı hər hansı iradınız varsa, Con Kerriyə ünvanlaya bilərsiz”.
Daha sonra Xədicə İsmayıl büro rəhbərliyindən istefa verdikdən sonra radioda ştatdan kənar çalışdığını vurğulayıb: “Azərbaycanda elə redaksiya yoxdur ki, orada ştatlı işçilərlə yanaşı ştatdan kənar işçilər olmasın. Mən özüm rəhbər vəzifədən çıxandan sonra ştatdankənar işləməyə üstünlük vermişəm. Çünki sərbəst olmaq istəyirdim. Mən azadlığıma üstünlük vermək, başqa qurumlarla da əməkdaşlıq etmək üçün bu seçimi etmişəm. Kefim istəyəndə gəlirdim, istəməyəndə yox. Mənə ştatlı işçi kimi əmək müqaviləsi bağlamaq təklif olunmuşdu, özüm istəməmişəm.
Mən burada qatığın ağ olmasını sübut etməklə məşğulam. Çünki ittiham tərəfinin ən adi məsələləri belə anlamaq problemi var. Başa düşürəm, tapşırıq verilib ki, məni tutmaq lazımdır. Heç olmazsa, bir az səy göstərərdilər, nəsə ortaya qoyaydılar. İntiqam müəllimin işində nəsə düzüb- qoşublar, mənim işimdə isə yox. Küsürəm sizdən. İntiqam müəllimə qoyduğunuz hörməti mənə də qoyardız. Belə adi şeylər haqqında uzun-uzadı danışmaq intellektimi təhqir edir. İşə bu cür yanaşmaqla mənim intellektimi təhqir etmiş olursuz. Hətta daltoniklər də başa düşür ki, qatıq ağdır. Amma prokurorluq işçiləri bunu başa düşmür. Bakı bürosunun Azərbaycan nümayəndəliyi olmadığını başa düşmək üçün məni 8 ay həbsdə saxlamaq lazım idi? Məni həbsdə saxlamaq üçün dövlət bu qədər xərc çəkməli idi?
Yeri gəlmişkən məni ora aparmaqla gizlinləri də bilmiş oldum. Məsələn, bildim ki, məhbuslara verilməli olan ət, pendir verilmir. Yaxşı olar ki, prokurorluq bu cür korrupsiya hallarını araşdırsın. Prokurorluq orqanlarının harda, necə saxtakarlıq etdiyini, kimdən rüşvət aldığını da orada öyrəndim”.
“ANLAMAQ ÇƏTİNLİYİNİZ VARSA…”
Daha sonra Xədicə İsmayıla 125-ci maddə üzrə ifadə vermək təklif olunub. Lakin o bildirib ki, Tural Mustafayev özü prosesdə iştirak etməyincə, bu ifadəni verməyəcək. Bildirib ki, Tural Mustafayevə sualları var, çarpaz dindirilmə aparılmalıdır.
Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynov deyib ki, lazımi suallara o cavab verə bilər, amma Xədicə İsmayıl buna etiraz edib: “Tural Mustafayevin şəxsi həyatı ilə bağlı suallara Səfər Hüseynov necə cavab verə bilər? Mənim sualların Səfər Hüseynovun şəxsi həyatı ilə bağlı deyil”.
Hakim Tural Mustafayevin məhkəmədə Xədicə İsmayılın suallarını cavablandırdığını bildirərək, bu barədə protokoldakı qeydləri elan edib.
Katib Tural Mustafayevin atası ilə telefon əlaqəsi yaratdığını və onun da oğlunun harada olması ilə bağlı məlumatsız olduğunu bildirib.
Daha sonra Xədicə İsmayıl heç kəsi işdən çıxarmaq səlahiyyətində olmadığını bir daha vurğularkən prokurorla aralarında belə bir dialoq olub:
Xədicə İsmayıl:
– Anlamaq çətinliyiniz varsa və ya danışdığım dili başa düşmürsüzsə, bunu deyin bilək.
Prokuror:
– Xədicə İsmayıl, mən özümə hörmətlə yanaşıram, ona görə də sizə hörmət edirəm, sizdən də bunu gözləyirəm.
Xədicə İsmayıl:
– Özümə hörmət etdiyim üçün saxta ittihamları irəli sürən adamlara hörmət edə bilmərəm.
Prokuror 125-ci maddə üzrə Xədicə İsmayıla suallar verməyə başlayıb. Xədicə İsmayıl isə həmin sualların heç birini cavablandırmayıb, deyib ki, yalnız zərərçəkən Tural Mustafayev gəldikdən sonra suallara cavab verəcək. Xədicə İsmayıl Tural Mustafayevin prosesə çağırılması ilə bağlı vəsatət də qaldırıb.
Katibə istinadən hakim elan edib ki, Tural Mustafayevin atası ilə əlaqə saxlayıblar, yaxınları onun harada olduğunu bilmir, neçə gündür ki, evə də gəlmir.
Vəsatət təmin olunmayıb.
Daha sonra prokuror 125-ci maddə ilə bağlı suallarını səsləndirib. Xədicə İsmayıl yenə sualları cavablamaqdan imtina edib. Yalnız prokurorun “Sizi martın 8-də “Status” kafesinə kim və hansı məqsədlə dəvət etmişdi” sualına ironik cavab verib: “Orada dövlət çevrilişi planını müzakirə edirdik”.
Prokuror: “Sevdiyiniz, münasibət qurduğunuz adamın birdən birə düşəmənə çevrilməsinin səbəbi nə idi?”
Xədicə İsmayıl: “Mən heç kimi düşmən hesab etmirəm. Hətta İlham Əliyevi də düşmən saymıram. Mən, ümumiyyətlə, düşmənçilik və nifrət hissindən uzağam. Bu hissi daşıyan adamlar zəif adamlardır”.
Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb. Azadlıq Radiosunun ofisində axtarış protokolu, aralıq akt, məhkəmə mühasibatlıq ekspertizasının rəyi, Tural Mustafayevin intiharı ilə əlaqədar Bakı Şəhər Prokurorluğunun Milli Təhlükəsizlik Nazirliyinin antiterror mərkəzinin rəisi Elçin Quliyevə ünvanlandığı məktub elan olunub.
Məhkəmə prosesi avqustun 19-da saat 15:00-da davam edəcək.
***
Xədicə İsmayıl: “Prokuror açıq şəkildə göstərir ki, Azadlıq Radiosunda axtarış məhz mənə görə aparılıb”.
Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam edib.
Məhkəmə sədrinə məktub ünvanlanıb
Proses başlayan kimi Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ünvanladığı məktubu təqdim edib. Həmin məktubda hakim Ramella Allahverdiyevanın məzuniyyətə buraxılması xahiş olunur. Jurnalist qeyd edib ki, ailəsi ilə görüş, telefon və gəzinti hüquqlarından istifadəyə imkan verilmir, məhkəmə heyəti məzuniyyətə çıxmaq üçün işi tələsik yekunlaşdırmaq istəyir: “Tələsik qərarlarla məhkum olunmaq istəmirəm. Ədalətli mühakiməmin təmin olunması üçün xahiş edirəm, hakim Ramella Allahverdiyevanı məzuniyyətə göndərin, mən gözləyərəm”.
Hakim bildirib ki, bu məktubu yalnız poçt vasitəsilə göndərə bilər. Ona görə də Xədicə İsmayıl həmin məktubu ünvanına göndərilməsi üçün vəkillərinə verib.
Xədicə İsmayılın növbəti etirazı Məhkəmə Hüquq Şurasına olub. Ədalətli məhkəmə prosesinin keçirilmədiyini, heç bir vəsatətin təmin edilmədiyini, sübutların işə əlavə olunmadığını və “ekspress proses” aparıldığını əsas gətirən jurnalist məhkəmə tərkibinin dəyişdirilməsini xahiş edir: “Məhkəmə tərkibindəki hakimlər prokurorluqla əlbir olaraq təqsirləndirilən şəxs kimi mənim hüquqlarımı tapdayırlar. Hakim Novruz Kərimov təkcə qanunsuzluğa dəstək verməyib, həm də protokola müdaxilə edib. Onun ədalətliliyi məndə şübhə yaradır. Ona görə də məhkəmə heyətinə etiraz edirəm”.
Məhkəmə heyətinə etirazın əsaslı dəlillərlə göstərilmədiyini deyən dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib.
“Təqsirləndirilən şəxs bizi qanunsuz həmrəylik etməkdə günahlandırır. Əgər mövqelər üst-üstə düşürsə, bu, qətiyyən həmrəylik kimi qəbul edilə bilməz. Etiraz ümumi xarakter daşıyır, əsassızdır”.
Hakim vəsatəti təmin etməyib.
“Ramal Hüseynov, Nailə Bağırova və Elçin Zahidoğlu ifadə versin”
Xədicə İsmayıl növbəti vəsatətini verib: “Mənə qarşı irəli sürülən ittihamda göstərilir ki, fiziki şəxsləri qanunsuz əməyə cəlb etmişəm və az vergi ödəməklə dövlətə ziyan vurmuşam. İşin içində mənim imzamla olan müqavilələr yoxdur. Əgər kimisə qanunsuz əməyə cəlb etmişəmsə, kiminləsə müqavilə bağlamışamsa, həmin sənədlər işə əlavə edilsin”.
Dövlət ittihamçısı vəsatətə qarşı çıxıb və vəsatət təmin edilməyib.
Xədicə İsmayıl şahid qismində ona qarşı ifadə verən interpress.az-ın rəhbəri Ramal Hüseynovun məhkəmədə dindirilməsini tələb edib. Vəkil Fariz Namazov isə Tural Mustafayevin vaxtilə çalışdığı ann.az, aznews.az saytlarının rəhbərləri Nailə Bağırova və Elçin Zahidoğlunun da məhkəmədə ifadə verməsini istəyib.
Zərərçəkən kimi tanınan Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynov buna əsas görməyib. Fariz Namazlı deyib ki, nümayəndə müdafiə etdiyi şəxsin fikirlərinin əleyhinə çıxış edə bilməz: “Tural Mustafayev Xədicə İsmayıla qarşı yalan ifadə verdiyini dediyi halda, nümayəndəsi onun fikirlərinin əleyhinə danışır”.
Hakim vəsatəti təmin etməyib: “Tural Mustafayev istintaqa verdiyi ifadəsindən imtina edib, hamısını təzyiq altında yazdığını deyib. Buna görə də əlavə şəxslərin dindirilməsinə ehtiyac yoxdur”.
“Jurnalistika lisenziyalaşdırılmış fəaliyyət növü deyil”
Təqsirləndirilən şəxsin vəkili Cavad Cavadov növbəti vəsatəti elan edib. Bildirib ki, istintaq jurnalist fəaliyyətini lisenziyalaşdırılmış fəaliyyət növü kimi təqdim edir. Halbuki “KİV haqqında” qanunda, eləcə də prezidentin 2 sentyabr 2002-ci il tarixli Fərmanında jurnalist fəaliyyəti xüsusi icazə tələb etməyən fəaliyyət növü kimi qeyd olunur. Vəkil Konstitusiya Məhkəməsinin qanun və fərmanı şərh etməsini istəyib.
Dövlət ittihamçısı “göstərilən fərman və qanunlar Azərbaycan dili qrammatikasına uyğun olaraq aydın şəkildə yazılıb, ona görə də şərhinə ehtiyac yoxdur”.
Xədicə İsmayıl: “Prezidentiniz jurnalistləri toplayıb deyir ki, beynəlxalq mediaya çıxın. Siz isə onun iradəsi əleyhinə gedib beynəlxalq media ilə işləyəni cəzalandırırsız”.
Bu vəsatət də təmin olunmayıb. Cavad Cavadov: “Deməli, belə hesab edirsiz ki, jurnalistika lisenziyalaşmış fəaliyyət növüdür”.
“Dövlət ittihamçı yalan danışır”
Növbəti vəsatət Tural Mustafayevin psixoloji durumu ilə bağlı olub. Müdafiə tərəfi Tibb Universitetinin dosenti, psixiatr Araz Mənuçehrinin dəvət olunmasını istəyib.
Dövlət ittihamçısı Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinikasının verdiyi arayışda Tural Mustafayevin heç bir psixi və narkoloji asılılığının olmadığını və qeydiyyata alınmadığını bildirib və ekspertin dəvətini əsassız sayıb. Xədicə İsmayıl prokuroru yalan danışmaqda suçlayıb: “İstintaq materiallarının içərisində Məhkəmə Tibbi Ekspertizasının rəyi var. Həmin rəydə də göstərilir ki, Tural Mustafayevin özünün dediyinə görə, 2 ildir psixi problemlərdən əziyyət çəkir.
Tural Mustafayevin nümayəndəsi də vəsatətə qarşı çıxıb. Vəsatət təmin olunmayıb.
““Aralıq aktı” nə deməkdir?”
Vəkil Cavad Cavadov növbəti vəsatəti səsləndirib. Deyib ki, Azadlıq Radiosunda axtarış aparılarkən aralıq aktı tərtib edilib və bundan sonra Xədicə İsmayıla növbəti ittihamlar elan olunub: “Axtarış zamanı bütün sənədlər topa şəklində götürülüb, nömrələnməyib və əlçatımlı deyil. Qanunsuzluğa yol verildiyindən istintaqa sübut kimi təqdim olunmuş həmin sənədlər qanunsuz hesab edilsin”.
Xədicə İsmayıl vəsatəti müdafiə edib: “Sənədlər götürülərkən səhifələnməyib. Orada radio əməkdaşlarından heç kim olmayıb. Bu gün prokurorluq məni olmayan sənədlər əsasında ittiham edir. Bəlkə də orada sənədlər olub, ancaq prokurorluq götürüb ki, sonra məni ittiham etsin. Mövcud olmayan sənədlər əsasında istintaq aparılıb. O sənədləri radiodan tələb ediblərmi? Vergi qanunvericiliyinə görə, sənədlər 5 il müddətinə saxlanılmalıdır. Mən 7 il öncə büronun rəhbəri olmuşam. 2010-cu ildə Vergilər Nazirliyi Azadlıq Radiosunun Bakı bürosunda yoxlama aparıb və elan edib ki, ciddi qanun pozuntusu aşkarlanmayıb. 2014-cü ildə isə məlum olur ki, qanun pozuntusu varmış. Xahiş edirəm, Vergilər Nazirliyindən 2010-cu ildə aparılmış həmin yoxlamanın nəticəsi ilə bağlı sənəd istənilsin. Mən müstəntiq Sənan Paşayevə dəfələrlə bu barədə demişəm. O da deyib ki, bizə lazım olan bütün sənədlər götürüləcək. Ancaq cinayət işində həmin sənəd yoxdur. Bu sənədlə tanış olmağınız çox vacibdir”.
Dövlət ittihamçısı aralıq aktında bütün bu məsələlərə aydınıq gətirildiyini və bunun üçün əlavə sənədin lazım olmadığını qeyd edib. Vəsatət təmin olunmayıb.
Xədicə İsmayıl: “Vergi Məcəlləsində “aralıq aktı” adlı hüquqi sənəd yoxdur. Xahiş edirəm “aralıq aktı”nın nə demək olduğunu mənə izah edin”.
Hakim bu sualı cavabsız buraxıb.
Şifahi vəsatət
Xədicə İsmayıl şifahi vəsatət verib: “Həmin akt Azadlıq Radiosuna təqdim olunubmu? Mənə təqdim olunub, oxumuşam və geri alıblar. Mübahisələndirmək imkanım olmayıb. Xahiş edirəm həmin aktın Azadlıq Radiosuna təqdim edilib-edilməməsi araşdırılsın”.
Dövlət ittihamçısı deyib ki, bu akt Azadlıq Radiosundakı axtarışın Xədicə İsmayılla bağlı hissəsinə aid olduğu üçün radioya təqdim olunmayıb, buna zərurət yoxdur. Xədicə İsmayıl: “Bu işdə o qədər aydın şəkildə qanun pozuntusu var ki, Avropa Məhkəməsində asan şəkildə mübahisələndiriləcək. Prokuror açıq şəkildə göstərir ki, Azadlıq Radiosunda axtarış məhz mənə görə aparılıb”.
Xədicə İsmayıl müdafiəsinə hazırlaşmaq üçün bir həftə vaxt verilməsini istəyib. O, deyib ki, məhkəmə zalında vəkilləri ilə görüşməsinə imkan yaradılmır, nəzarətçilər onların söhbətini dinləyir, sənədlərini alıb baxırlar. Bu isə hüquqlarının pozulmasıdır.
Dövlət ittihamçısı isə hesab edib ki, təqsirləndirilən şəxsə kifayət qədər vaxt verilib, onun əlavə 1 həftə vaxt istəməsi məhkəmə prosesinin süründürülməsinə xidmət edir.
Xədicə İsmayıl Tural Mustafayevə suallar vermək istədiyini, bundan sonra ifadə verəcəyini deyib. Səfər Hüseynov Tural Mustafayevin ölkədə olmadığını və onunla əlaqə saxlayacağını bildirib.
Bundan sonra fasilə elan edilib.