Xəcalət, dəhşət və cəsarət

Şair nazirin onu cəzalandırmağını gözləməməlidir…

Source:

Artıq illərdir ki, biz (yəni cəmiyyətin daha həssas qrupu) Azərbaycanda baş verənlərin getdikcə daha vahiməli şəkil almasından şikayətlənir, yaşananlardan dəhşətli sarsıntı keçirdir, gələcək günlərimizdən qorxur, panikaya qapılırıq.

Bütün bu inkarın, əsəbin, depresyanın fonunda nəyi necə edəcəyimiz, vəziyyətdən necə qurtulacğımız barəsində sonsuz müzakirələr açır, min bir fikir səsləndiririk.

Bu fikirlər içərisində iki əsas xətt var. Bir qism insan düşünür ki, hər bir xalq, inkişaf yolunu keçmiş xalqlar kimi o yolu keçməlidir. Məsələn, hər bir xalq dini radikalizmi də, millətçiliyi də, maariflənməyi, inqilabı və s. keçməlidir ki, indiki dünyanın sivil toplumuna qoşula bilsin. Bu fikir müdafiə edənlər tarixdən çoxsaylı ağlabatan misallar gətirir. Başqa sözlə, hər bir xalq neqativ olanı yaşamalıdır ki, müsbəti görə və onu dəyərləndirə bilsin.

Digər bir qism isə düşünür ki, bir xalqın sivilləşməsi, yaxşı həyat standartına, demokratiyaya çatması üçün o, heç də bütün mərhələləri keçməsinə ehtiyac yoxdur. Bunu üçün dünyada mövcud olan dövlətlərdən, onların tarixlərindən ibrət götürüb dəyişmək, inkişaf etmək olar. Sadə misalla desək, işıqforsuz yolda qəza olana kimi oturub gözləmək lazım deyil ki, qəzadan sonra işıqfor quraşdırasan, bunu öncədən görüb işıqforu əvvəldən qurmaq lazımdır. Bu fikri müdafiə edənlərin dedikləri doğurdan da çox məntiqli səslənir və ilk baxışda heç bir şübhə yeri qoymur. Doğurdan da, tapançanın təhlükəli olduğunu bilmək üçün onu öz başında yoxlamağa nə ehtiyac var ki?!

Yerdə qalan qism isə ümumiyyətlə heç nə düşünmür, onlar üçün bütün bunlar maraqsızdır.

Slavon Zizek

“Axır vaxtlarda yaşayarkən”

(“

Living in the End Times

”) adlı əsərində yazır: “

Gündəlik həyatımızın “özü-özlüyündəki” halı, əslində bir yalanı yaşamaqla eynidir və bu dairədən çıxmaq da daimi mübarizə tələb edir. Bu proses insanın özündən dəhşətə düşməsindən sonra başlayar”

. Karl Marks 1843-cü ildə yazmağa başladığı “

Hegelin Hüquq Fəlsəfəsinin Tənqidinə Əlavə

” başlıqlı mətində Almaniyanın geriliyini təhlil eləmiş, xəcalət, dəhşət və cəsarət arasındakı çox az insanın fərqinə vardığı amma çox önəmli bir müşahidəni yazıb:



Mövcud yükə, onun (yəni yükün) fərqində olmağı da əlavə edərək, yük daha da ağır hala gətirilməlidir. Bunu cəmiyyətə göstərməklə onun alçaldılması artırılmalıdır. Alman cəmiyyətinin hər bir sahəsi, o cəmiyyətin “partie honteuse” (xəcalət duyulacaq bir hissəsi) olaraq göstərilməli və onlara öz mahnıları tərrənüm edilərək bu daşlaşmış şərtlərin rəqs etməsi təmin olunmalıdır! Xalqa cəsarət vermək üçün xalqın özündən dəhşətə düşməsinə yol açmaq lazımdır

”.

Sonuncu cümləyə bir daha diqqət edirik:

Xalqa cəsarət vermək üçün xalqın özündən dəhşətə düşməsinə yol açmaq lazımdır

.

Buradan çıxarılan nəticə budur ki, Azərbaycan cəmiyyəti ya hələ problemlərinin fərqində deyil və ya usta şəkildə onun mövcudluğunu inkar edir. Onun problemin fərqində olmaması və ya onu görməzdən gəlməsi təbii olaraq ikinci mexanizimanın işə düşməsinə əngəl olur, yəni azərbaycanlı düşdüyü vəziyyətdən xəcalət hissi keçirtmir. Xəcalət hissi keçirtmədiyi üçün cəmiyyət dəhşətə qapılmır və nəticə olaraq da, düşdüyü vəziyyətdən çıxmaq üçün “ciyinlərini” qaldırmaq cəsarətini özündə hiss etmir.

Xalqın öz problemlərinin fərqində olması üçün “yolu” necə açmalı və nə etməli?

Bu mexanizmin işə düşməsi və nəticəyə hədəflənən istiqmət alması, ümumi desək problemlərin yaranma qaynağı, hardan başlaması, səbəbi haqqında məlumatın əldə edilməsi və necə (bu çox önəmlidir) ötürülməsi məsələsidir. Daha da xırdalasaq, birincisi, ölkədə bütün sahələrdə tonlarla problem var, ikincisi, azərbaycanlı bunun yükünü daşıyır amma problemlərin nədən qaynaqlandığı haqqında çox az məlumatlıdır və ya bulanıq məlumatlıdır, buna görə də problemin çox da fərqinə vara bilmir. Məsələ burasındadır ki, problemlərin yaranma səbəbləri haqqında məlumatları insanlara çatdırmaq elə ilkin mərhələdə mane ilə üzləşir.

Çox uzatmadan qeyd edək ki, ölkənin ənənəvi (TV, Radio, qəzet) və hazırda internet-mediası da demək olar ki, hökümətin tam nəzarətinə keçirilib. Yerdə qalan dörd-beş azad – azad dedikdə, hökmətdən maddi və ya digər formada heç bir asılılığı olmayan medianı nəzərdə tuturam – medianın isə əsas problemi (onların basqıya məruz qalması, jurnalistlərinin həbs olması, ölkədən çıxmalarına əngəl yaradılması vəs) onların əhalinin əsas hissəsinə əlçatımlı olmamasıdırsa, ikinci dərəcəli problem məlumatın çatdığı insanların əksəriyyətinin artıq başqa qarışıq “məlumat zəhərlənməsi” (bunu internetdə etmək çox asandır) yaşadığı üçün istənilən effekti verməməsidir.

Demək ki, azərbaycanlının çəkdiyi yükün fərqində olmasında bir problem var (bu yerdə “hökümət işləməyə imkan vermir” sualına verəcəyim qısa cavab budur ki, bu həmin hökmətin idarəçilik sisteminin mahiyyətindən, təbiətindən irəli gəlir və bundan şikayət etmək faydasız enerji sərfidir). Buna görə də, problemin fərqinə vara bilməyən azərbaycanlını “alçaldaraq” onun xəcalət hissi keçirtməsinə nail olmaq mümkün olmur.

Amma əldə olanla yetinərək (bu prosesdə rol ala biləcək vətəndaş cəmiyyətinin tam çökdüyünü, siyasi partiyaların isə funksanallığını itirdiyini nəzərə alaraq, onlarla bağlı xüsusi nəsə vurğulamaq istəmirəm), yəni dörd-beş media orqanının çata bilcəyi hələ “xəcalət” duymayan, zəhərləndiyi üçün “xəcalət” hissi keçirtməkdə tərrədüd edən amma potensial olaraq sağalıb xəcalət duya biləcək insanlar üçün dayanmadan yazmaq, video çəkmək, rəsm çəkmək, bir sözlə məlumatı çatdıra

bilən bütün vasitələrdən istifadə etmək lazımdır.

“Danışmağın, yazmağın nə faydası?!” deyib xəcalət hissi keçirdən, gördüklərindən dəhşətə düşən, amma cəsarətlənmək əvəzinə ruh düşkünlüyü yaşayan səmimi insanlar üçün deyəcəyim cəmi bir fakt var. Əgər söz demək azadlığı hökümət üçün bu qədər qorxulu olmasaydı, Azərbaycan höküməti bu qədər jurnalisti, hüquq müdafiəçisini, aktivisti, siyasətçini həbs etməz, onları repressiyaya məruz qoymazdı. Odur ki, yazmaq, danışmaq, bir sözlə susmamaq lazımdır.

Azərbaycanlının “partie honteuse”-ları hansılardır?

Burada azərbaycanlının xəcalət hissi keçirtməli olduğu nəsnələri abstrakt, emosional olaraq duyulması, qavranılması çətin olan “avtoritarizim”, “diktatorluq”, “sistem” vəs kimi anlayışlarla ifadə etməkdən yayınıram. Çünki bu sözlər artıq, qısa desək, heç kimə “toxunmur”. Bir sözlə, azərbaycanlı xəcalət dolu yaşayışı ilə avtoritarizim arasında əlaqə qurmaqda çətinlik çəkir. Məncə bütün problemləri – iqtisadi, siyasi, sosial – çılpaq formasına salaraq, onları həm də anlaşılan, toxunan, incidən, xəcalət hissi yaradan dilə çevirmək lazımdır.

Məsələn, azərbaycanlı həkim, el arasında “Semaşko” deyilən xəstəxanaya gətirilən xəstəni düzgün müalicə edə bilməməsindən xəcalət hissi duymalıdır, bu az deyilmiş kimi, öldürdüyü adamın yaxınlarından pul istəməsindən dərin daxili sarsıntı keçirdərək, ikiqat xəcalət hissi keçirtməli, yer yarılıb yerin içinə girməlidir. Bunu müşahidə edən ölünün adamı, səhiyyənin düşdüyü bu vəziyyət, onun simvoluna çevrilən cəllad həkim qarşısında için-için, çölün-çölün ağlamalı, sonra həkimi qucaqlayıb, bir yerdə dəhşətə düşməldir. Həkimlərlə bağlı misalları çox uzada bilərik, məsələn bir başqa versiya, azərbaycanlıların müayinə üçün İrana getməsi özü səhiyyədə çalışan hamını utandırmalıdır.

Təhsil:

Bir müəllim, tələbənin oxumaması üçün ondan pul almasından, bir sözlə, evinə yemək-içmək almaq üçün ondan da betər gündə olan tələbənin pulundan asılı olmasından utanmalı, özünü alçaldılmış, təhqir olunmuş hiss etməlidir…

Məsələn yazıçı, şair:

Yazıçı, şair indiyə kimi yazdığı məddahlıqlardan xəcalət duymalı, bir yeni məddahlığı yazdığı yerdə kürəyi sancmalı, infarkt olmalıdır. Daha nazirin onu cəzalandırmasını gözləməməlidir…

Məsələn polis:

Polis xalqın ona qoyduğu addan utanmalı, elə həmin sözə görə dəhşətə düşməlidir.

Bir pensiyaçı, neftlə zəngin ölkəsində aldığı xırda-xuruş pensiyasından birbaşa dəhşət hissi keçirtməlidir.

Siyahını çox uzadıb, cəmiyyətin bütün qruplarını ora əlavə etmək olar.

Ən əsası odur ki, bütün bunlar haqqında dayanmadan, anlaşılan, çılpaq dildə yazılmalı ki, xalq xəcalət hissi keçirtsin, dəhşətə düşsün və ən nəhayətində cəsarətlənməsi üçün “yolu” açılsın.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəXəcalət, dəhşət və cəsarət