Film Xocalı faciəsi və döyüşçü Natiq Qasımovdan bəhs edir
Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar fevralın 28-də “Nizami” Kino Mərkəzində xarici film istehsalçılarının lentə aldığı “Oğul” (“The son”) sənədli ekran işi nümayiş olunacaq.
Bu haqda Meydan TV-yə “Film distribution”dan məlumat verilib.
Film 22 nəfər Xocalı sakinini xilas etmək üçün əsir düşən Birinci Qarabağ müharibəsi döyüşçüsü Natiq Qasımov haqqındadır.
46 dəqiqəlik filmin ssenari müəllifi və rejissoru Karan Sinqhdir.
Sənədli film Natiq Qasımovun başına gələnləri və onun itkin düşməsində kimin məsuliyyət daşıya biləcəyini açıqlayır.
Filmin çəkilişləri üç il davam edib.
Bu müddət ərzində həqiqət axtarışında olan rejissor Ermənistandakı şahidlərlə danışıb, Azərbaycanda, İtaliyada və Rusiyada olub.
Qarabağ Ermənistanın nəzarəti altında olanda ora səfər edib. Natiq Qasımovun döyüşdüyü kilsəni tapmaq üçün məsul şəxslərlə görüşüb.
Rejissor həmçinin itkin düşmüş döyüşçünün Gəncədə yaşayan ailəsi ilə görüşüb.
“Bu film Avropanın Uzaq Şərqində amansız müharibədə iştirak edən sadə insanların gözü ilə görünən 1990-cı illərin unudulmuş münaqişəsindən bəhs edir. Minlərlə insan hələ də itkin düşüb”, – deyə filmin rejissoru bildirib.
Onun sözlərinə görə, bu, Ermənistan-Azərbaycan münaqişəsindən də kənara çıxan universal hekayədir: “Oğlunun ölümünə inanmayan, otuz ildir ki, onun yolunu gözləyən ananın hekayəsi bütün dünyada çoxlarının başına gəlib”.
Filmdə Rusiyanın “Огонёк” jurnalı üçün münaqişəni işıqlandıran italyan müharibə fotoqrafı Enriko Sarsinin çəkdiyi, əvvəllər heç yerdə dərc olunmamış fotoşəkillərdən istifadə edilib.
Fotoqraf 19 yaşlı Natiq Qasımovun müdafiə etdiyi Ağdam yaxınlığındakı strateji əhəmiyyətli alban kilsəsinin mühasirəsi zamanı erməni silahlı qüvvələri ilə birlikdə olub.
“Oğul” filminin premyerası 2021-ci ilin iyulunda Vaşinqtonda, dünyada insan haqlarının pozulması hallarını işıqlandırmaq üçün hər il keçirilən “Whistleblower” Film Festivalında olub.
Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramurad kəndində doğulub.
1975-ci ildən ailəsi ilə birlikdə Mingəçevirə köçüb.
Natiq Qasımov Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmət edib. 1991-ci ildə könüllü Birinci Qarabağ döyüşlərinə yollanıb.
1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yerləşən alban kilsəsində uzun sürən döyüşlərdən sonra 22 nəfər Xocalı sakinin xilas etmək məqsədilə erməni silahlılarına təslim olub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var.
Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.
Birinci Qarabağ müharibəsi 1988–1994-cü illəri əhatə edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.
44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.