Hüquqşünas Ələsgər Məmmədli deputat Aqil Abbasın təklifinin Konstitusiyaya zidd olduğunu deyib.
O qeyd edib ki, Konstitusiyanın 50-ci maddəsinə görə hər kəsin məlumat yaymaq hüququ var, ona görə də deputat Konstitusiyada hər kəs üçün müəyyən olunan hüququ məhdudlaşdırmağı tələb edə bilməz.
Ə.Məmmədli bildirib ki, Konstitusiyanın 71-ci maddəsinə əsasən, Milli Məclis bu tip qanun qəbul edə bilməz.
“Azərbaycanda xarici media sərbəst fəaliyyət göstərmir. Konkret olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin müəyyən etdiyi qaydada akkreditasiya olduqdan sonra fəaliyyət göstərirlər. Azərbaycanda xarici media yox, yerli vətəndaş xarici mənbə üçün işləyirsə, onların da ayrıca akkreditasiyası tələb olunur. Bu akkreditasiya informasiya toplamaq üçün yox, fəaliyyət göstərmək üçündür”.
Hüquqşünas bildirib ki, bu “KİV haqqında” qanunun 50-ci maddəsində göstərilən şərtdən daha sərtdir.
“Tələblər sırasında pasportun nömrəsi və başqa məqamlar yer alıb. O aspekdən Azərbaycanda xarici media sərbəst fəaliyyət göstərmir. Həm də xarici medianın Azərbaycanda televziya sahəsində təsisçi olması qadağandır. KİV-də 30 faizdən çox xarici medianın formalaşması qadağandır. Ona görə məhdudlaşdırılmış şeyi yenidən necə məhdudlaşdıracaqlar?”
Ə.Məmmədli vurğulayıb ki, hökumət Rusiyanın məlum qanun layihəsini tətbiq edəcəksə, qonşu ölkədə bu istiqamətdə sərbəstlik olduğundan qanun layihəsinin mahiyyəti bizdə akkreditasiyanın praktiki yaratdığı hüquqi nəticəni doğuracaq.
“Hər iki ölkə Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Bu məsələ Avropa Şurasının üzv ölkələrində istisna hal kimi tətbiq edilə bilməz”.
Əgər qanun qəbul olunarsa, Böyük Britaniyanın BBC-Azərbaycanca, Rusiyanın sputnik.az media orqanı qapana bilərmi sualına hüquqşünas belə cavab verdi:
“Qeydiyyatdan keçməmiş ofis aça bilməzlər. Qadağan edilsəydi, ölkəyə buraxmazdılar. Əgər Rusiyanın sputnik.ru saytı Azərbaycanda sputnik.az saytını alıbsa, kiminsə adından qeydiyyatdan keçibsə, amma mahiyyətcə, sputnik.ru saytının davamıdırsa, burda hüquqi problem çıxmayacaq”.
***
Aqil Abbas: “Bizim də belə bir qanuna ehtiyacımız var”
Azərbaycanda xarici ölkələrdən maliyyələşən KİV-lərin “casus” hesab olunmasını nəzərdə tutan qanunun qəbul edilməsi təklif edilib. Deputat Aqil Abbas parlamentin Mədəniyyət komitəsinin iclasında bildirib ki, analoji qanun Rusiyada qəbul
edilib
.
Bu qanuna görə, xarici ölkələrdən maliyyələşən KİV-lər “xarici agent” hesab olunacaqlar.
“Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var” – deyə deputat bildirib.
Noyabrın 15-də Rusiyanın Dövlət Duması xaricdən maliyyələşən media orqanlarının “xarici agent” kimi tanınmasına imkan verən qanun layihəsini üçüncü – yekun oxunuşda qəbul edib. Duma yekdilliklə qanunun lehinə səs verib.
Daha öncə xarici işlər naziri Sergey Lavrov demişdi ki, Rusiya tərəfinin reaksiyası sürətli olacaq.
AzadAvropa/AzadlıqRadiosu Dövlət Dumasının qərarı ilə bağlı bəyanat
verib
.
Bəyanatda deyilir: “Bugünkü səsverməni Rusiyadan maliyyələşən medianın Birləşmiş Ştatlarda üzləşdiyi tələbələrə “qarşılıqlı” cavab hesab etmək yersizdir. RT və Sputnik ABŞ-da azad şəkildə yayılır, AzadAvropa/AzadlıqRadiosu isə administrativ təzyiqlər sonucunda yayım tərəfdaşlarını itirib, kabelə də çıxışı yoxdur. AzadAvropa/AzadlıqRadiosu-nun reportyorları Rusiyada qısnamaya və fiziki hücuma məruz qalırlar, RT-nin reportyorları isə ABŞ-da bu cür təhdidlə üzləşmirlər. AzadAvropa/AzadlıqRadiosu-nun işi Rusiya da daxil olmaqla, bütün dünyada rusdilli izləyicilərimizi dəqiq və obyektiv jurnalistikayla təmin etməkdir. Jurnalist işimizi davam etdirəcəyimizi gözləyirik”.