Xarici İşlər Nazirliyinin əməkdaşlarına hökm oxunub

Səlim Əlizadə, Foto: DTX

Keçmiş idarə rəisləri şərti cəza alıblar

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci ilin iyulunda Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat nəticəsində həbs olunan İşlər İdarəsinin müdiri, Tender Komissiyasının rəhbəri Fərhad Mollazadə və bu idarənin tərkibindəki Təsərrüfat şöbəsinin rəhbəri Səlim Əlizadənin məhkəməsi yekunlaşıb. Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə əsasən, adları çəkilən sabiq məmurların hər birinə 2 il sınaq müddəti olmaqla, 6 il şərti cəza verilib. Bundan başqa, Səlim Əlizadənin üzərinə 167 min manat ödəmək öhdəliyi qoyulub.

Fərhad Mollazadə və Səlim Əlizadə Yaşıl bazarda göyərti satan, taksi sürücüsü olan, əlil və başqa şəxslərin adların açılmış şirkətləri XİN-in tenderlərində qalib elan edərək, onların hesabına köçürülən vəsaitlər nağdlaşdırılandan sonra onları geri alıb mənimsəməkdə ittiham olunur. Cinayət işində bu yolla ümumilikdə 2.5 milyon manatdan artıq vəsaitin yeyintisindən söhbət gedir.

Hökmdən əvvəl təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib, özləri son sözlərini deyiblər.

Fərhad Mollazadənin vəkili Kamandar Nəsibov çıxışında deyib ki, hüquqlarını müdafiı etdiyi şəxs 2 milyon 500 min manata yaxın ziyanı ödəyib. Vəkilin sözlərinə görə, Fərhad Mollazadə qanunsuz yolla əldə olunmuş pulları sərf eləməyib:

“Fərhad Mollazadə özü də ifadələrində dedi ki, mənimsəmə kimi yazılan məbləğ əslində, təsərrüfat işlərinə və başqa xərclərə yönəldilib. Yəni həmin pullar mənimsənilməyib, aidiyyəti üzrə xərclənib. Müvəkkilimin elə bir imkanı da yoxdur – nə fərdi maşını var, nə şəxsi evi. Atasından qalan bir mülk vardı, onu da satıb ziyanı ödədi…”

Fərhad Mollazadə, Foto: DTX

Vəkil xahiş edib ki, hökm çıxarılanda Fərhad Mollazadənin səmimi ifadələri, istintaqın gedişinə mane olmaması və dəymiş ziyanı ödəməsi nəzərə alınsın.

Səlim Əlizadənin vəkili Rəşad Mirmehdizadə deyib ki, müvəkkili sadəcə, ona verilən göstərişləri icra edib:

“Səlim Əlizadəyə verilən ittihamın onun işlədiyi idarəyə aidiyyəti yoxdur. Səlim Əlizadə icraçı olub, ona konkret göstəriş veriblər. O da həmin göstərişləri icra edib. Əldə olunan pullara da nazirlik üçün xeyli işlər görülüb. İndi hamının gördüyü işlər bu iki nəfərin üstündə qalıb”.

Vəkil hakimlərdən xahiş edib ki, müvəkkilinə həbslə bağlı olmayan cəza təyin olunsun.

Daha sonra təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

“Vəkilimin dediklərilə tamamilə razıyam. Etdiyim əməldən də çox peşmanam. İnanın ki, mən özüm-özümə cəza vermişəm. Xahiş edirəm, qərar qəbul edərkən vəziyyətimi nəzərə alasınız”, – Fərhad Mollazadə son sözündə bildirib.

Digər təqsirləndirilən Səlim Əlizadə də peşman olduğunu söyləyib: “Mən indiyədək dövlətimə, xalqıma xidmət etmişəm. Əməlim çox peşmanam. Xahiş edirəm, məni bağışlayasınız”.

Səlim Əlizadənin son sözündən sonra hökm elan edilib.

Fərhad Mollazadə və Səlim Əlizadə DTX-nın 2020-ci ilin iyulunda keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. 2.5 milyonluq yeyintidən 2.3 milyona yaxın vəsait ödəniləndən sonra onlar 2020-ci ilin dekabrında ev dustaqlığına buraxılıb.

Ana səhifəSiyasətXarici İşlər Nazirliyinin əməkdaşlarına hökm oxunub