Xarici işlər nazirləri Hamburqda toplandı

Tofiq Zülfüqarov: ”İclasda münaqişənin əsas məsələ kimi müzakirə olunduğuna və irəliləyişə inanmıram”

Source:
foto report.az
foto report.az


Tofiq Zülfüqarov: ”İclasda münaqişənin əsas məsələ kimi müzakirə olunduğuna və irəliləyişə inanmıram”

Dekabrın 8-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda 23-cü iclası keçirilib.

Toplantını açan ATƏT-in fəaliyyətə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətinin narahatlıq mənbəyi olaraq qaldığını deyib.

APA-nın məlumatına görə, o bildirib ki, bu ilin aprelində vəziyyətin gərginləşməsi münaqişənin nə qədər təhlükəli olduğunu göstərdi: “Bu hadisə göstərdi ki, atəşkəsi möhkəmləndirmək və münaqişənin düzgün həll yolunu tapmaq üçün müzakirələr apardığımıza əmin olmağımız nə qədər vacibdir”.

Nazir hesab edir ki, ATƏT məkanında münaqişələrin həlli üçün səylərin artırılması çox vacibdir: “ATƏT Dağlıq Qarabağ, Ukrayna münaqişələrinin həlli istiqamətində mükəmməl iş aparır. ATƏT bəzi hallarda hətta bu münaqişələrin açıq müharibə vəziyyətinə gəlməsinin qarşısını alıb”.



Kerri: “Postsovet məkanındakı münaqişələr Avropanı təhdid altında saxlayır”

ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan arasındakı həlli uzanan münaqişənin Avropanın təhlükəsizliyini təhdid altına qoyduğunu deyib.

Kerri və Lavrov
Kerri və Lavrov

Dövlət katibi Avropanın üzləşdiyi təhlükənin tək Ukraynada olmadığını deyərək, bu sırada Dağlıq Qarabağ, Moldova və Gürcüstandakı münaqişələri də qeyd edib.



Lavrov: “Münaqişələr mövcud formatlar çərçivəsində həll olunmalıdır”

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər çətin problemlərin həllində daha əvvəl əldə olunmuş razılıqlara sadiqlik əsas rol oynayır.

Lavrov deyib ki, münaqişələr bütün tərəflərin maraqlarının balansının qorunması şərti ilə mövcud formatlar çərçivəsində həll olunmalıdır.



Zanyer: “Danışıqlar formatına yeni enerji verməyə və yeni yanaşmalara ehtiyac var”

ATƏT-in baş katibi Lamberto Zanyer Cənubi Qafqazdakı münaqişələrin həllinin tərəflərin siyasi iradəsindən asılı olduğunu söyləyib.

O bildirib ki, Moldova və Cənubi Qafqazdakı münaqişələrin həlli üçün səyləri ikiqat artırmaq və tərəflər üçün məqbul olan həll yolunu tapmaq məqsədilə danışıqlar formatına yeni enerji verməyə və yeni yanaşmalara ehtiyac var.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT məkanındakı münaqişələrin regionda sülh və təhlükəsizliyi təhdid edən əsas səbəblərdən sayıb.

“Bu səbəblər tez bir zamanda aradan qaldırılmalıdır”,- nazir belə deyib.



Məmmədyarov Putinə təşəkkür etdi

Elmar Məmmədyarov

Nazir bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılması aprel ayında münaqişə zonasında eskalasiyanın əsas səbəblərindən biridir: “Bu fakt münaqişənin siyasi həllinə ən böyük maneədir. Aprel eskalasiyası göstərir ki, təmas xəttində vəziyyəti təhlükəlidir və istənilən vaxt gərginləşə bilər. Status-kvo dayanıqlı ola bilməz və dəyişməlidir. Biz Vyana və Sankt-Peterburq müzakirələrini yüksək qiymətləndiririk və hesab edirik ki, bunlar düzgün istiqamətdə atılan addımlardır. Həmsədrlərə və xüsusilə Rusiya prezidenti Vladimir Putinə bu istiqamətdə səylərinə görə təşəkkür edirik. Bu dinamikanı saxlamaq lazımdır. Ümid edirik ki, Minsk qrupu bu istiqamətdə vacib rol oynayacaq. Münaqişənin nəticələrinin mərhələli şəkildə aradan qaldırılması, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, nəqliyyat əlaqələrinin bərpası və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ümumilikdə münaqişənin həllinə imkan verəcək. Bu yanaşma BMT-nin müvafiq qətnamələrində də göstərilib”.

E. Məmmədyarov xatırladıb ki, etimadyaradıcı tədbirlər kimi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı qərar qəbul edilib: “Azərbaycan bunu qəbul edib və konstruktiv danışıqlar gözləyir. Son vaxtlar Ermənistan tərəfinin çıxışları göstərir ki, bu ölkə konstruktiv danışıqlar aparmaq istəmir. Ermənistan işğal olunmuş ərazilərdə hərbi potensialını genişləndirir və oradakı vəziyyəti dəyişir. Bu, Ermənistanın əsl məqsədini göstərir. Yaxın gələcək göstərəcək ki, Ermənistan həqiqətən münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak edəcək, yoxsa regionda qeyri-stabilliyə təkan verəcək”.



“Nəsə gözləməyə ehtiyac yoxdur”

Tofiq Zülfüqarov foto Amerikanın səsi

Toplantıda səslənən fikirləri Meydan TV-yə şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburq iclasını ənənəvi tədbirlərdən biri sayıb.

O bildirib ki, hər ilin dekabrında belə bir tədbir keçirilir: “Nazirlər, yaxud prezidentlər səviyyəsində məsələlər müzakirə olunur. Əgər Dağlıq Qarabağ məsələsi gündəmdədirsə, diqqət yetirilir. Məsələn, məşhur Lissabon sammiti münaqişənin həllində böyük töhfə idi, yaxud Budapeşt sammiti”.

Ancaq sabiq nazir son vaxtlar Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqların gedişatını əsas götürərək deyib ki, o, iclasda münaqişənin əsas məsələ kimi müzakirə olunduğuna və irəliləyişə inanmır:

“Əslində, heç geniş müzakirənin də yeri yoxdur. Hər bir tərəf öz nümayəndəsini göndərir və onlar da öz mövqeyini açıqlayır. Həm də format elə böyük deyil ki, hansısa məsələ həll olunsun. Ona görə nəsə gözləməyə ehtiyac yoxdur”.

Ana səhifəAnalitikaXarici işlər nazirləri Hamburqda toplandı