Deputat: “Ümumi razılıq oldu ki, bu kreditlər banklara köhnə məzənnə,qaytarılsın, amma sonradan razılıq nə üçünsə birdən-birə pozuldu”
Nazir: “Bank xeyriyyə cəmiyyəti deyil”
“Bu səfərlər gözlənilən idi, dövlət başçısı özü də Davos səfərində beynəlxalq maliyyə qurumlarının rəhbərlərilə görüşlər keçirdi və bütün bunlar göstərirdi ki, belə səfərlər olacaq”, -deyə deputat Vahid Əhmədov beynəlxalq maliyyə qurumları missiyalarının Azərbaycana səfərinə münasibət ifadə edib.
O, Beynəlxalq Valyuta Fondunun maliyyə dəstəyinə ehtiyac olan dövlətlərə yardım etdiyini vurğulayıb. Onun fikrincə, bu maliyyə kreditlərinin verilməsi bank sistemini sağlamlaşdırmağa, digər nəzərdə tutulan islahatları həyata keçirməyə imkan verir. “Düzdür, 4 milyard dollar vəsaitdir, bu, ÜDM-in 10%-i deməkdir, xarici borc artır, amma başqa da yol yoxdur”, – deyəV.Əhmədov qeyd edib.
Bununla yanaşı, V.Əhmədov bankların bağlanması və təmərküzləşməsinə də toxunub. “Mən şəxs olaraq heç zaman bankların bağlanmasının tərəfdarı olmamışam, amma təmərküzləşmənin, birləşmənin tərəfdarı olmuşarm”, deyə deputat son vaxtlar bank sektorundakı proseslərə aydınlıq gətirib. Onun sözlərinə görə, bank böyükləri təmərküzləşməyə gedərək ölkədə normal fəaliyyət göstərən 15-20 bankın qalması ilə razılaşmalı idilər. V.Əhmədov dövlət başçısının da bankların birləşdirilməsi barədə fikirlər söyləməsinə diqqət çəkib.
O, daha sonra əhalinin 10 min dollar həcmində olan istehlak tipli kreditlərinin qaytarılması məsələsinə toxunub. “Ümumi razılıq oldu ki, bu kreditlər banklara köhnə məzənnə, yəni, 1,05 məzənnəsilə qaytarılsın, çünki, bununla bağlı çoxsaylı müraciətlər olurdu, mənim özümə 200-ə yaxın müraciət edilmişdi”, deyə deputat bildirib. Onun sözlərinə görə, bu razılıq nə üçünsə, birdən-birə pozuldu. Deputat bu məsələ ilə bağlı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun bu tip kreditlərin köhnə məzənnə ilə qaytarılmaması üçün komanda mövqeyi olması haqda bəyanatını da xatırladıb. “Buna baxmayaraq, bunu düzgün mövqe saymıram, yenə də bu düşüncədəyəm ki, bu tip kreditləri könə məzənnə ilə qaytara bilmək üçün imkanlar var”, – deyə V.Əhmədov vurğulayıb.
Nazir Samir Şərifov isə borclarla bağlı deyib ki, dollarla kredit borcu olanlar gözləmə mövqeyindədir. Onlar borcları qaytarmaq istəmir: “Hər bir adam borc götürəndə saf-çürük etməlidir. Bank xeyriyyə cəmiyyəti deyil. Bir tərəfdən borc verirsə, digər tərəfdən də əmanət saxlayır. Biz çalışırıq ki, sosial ədalət prinsiplərini pozmayaq. Biz nəyə görə bir borc alanı digərindən fərqləndirməliyik. Dövlət özəl bankla müştəri münasibətlərinə niyə müdaxilə etməlidir? Banklar çox yüksək faizlə kredit verəndə dövləti axtarmırdı. İndi niyə axtarırılar? Mənim yanaşmam bundan ibarətdir”.