Xaricdə yaşayan blogerlər barəsində qiyabi həbs qərarları davam edir

İllüstrasiya: Meydan TV

Bu dəfə İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev və Qurban Məmmədov barəsində həbs qərarı verilib

Azərbaycandan kənarda yaşayan blogerlər İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev və Qurban Məmmədov barəsində qiyabi həbs qərarı verilib.

Baş Prokurorluğun təqidmatlarına iyunun 3-də Binəqədi rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatları təmin edib, adları çəkilən blogerlər haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Azərbaycan Baş Prokurorluğu tərəfindən verilən məlumata görə, bu şəxslər Cinayət Məcəlləsinin 220.2, (hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmək) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmək, həmçinin bu cür məzmunlu materialları yaymaq) maddələri ilə ittiham olunurlar.

Daha əvvəl, iyunun 2-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə blogerlər Tural Sadıqlı, Orduxan Temirxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində həbs qətimkan qərarı çıxarılıb.

Bu şəxslərin sosial şəbəkələrdə yayımladıqları videolar və yazılar vasitəsilə hakimiyyətə qarşı çağırışlar və kütləvi iğtişaşlara təhrik etdikləri bildirilir.

Bundan başqa “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Azadlıq” qəzetinin yazarı Natiq Ədilov və “Azərbaycan saatı” Youtube kanalının aparıcısı Emin Əhmədbəyov barəsində də qiyabi həbs qərarı çıxarıldığı bildirilir.

Bu ilin martında Azərbaycanın Baş Prokurorluğu bu ölkədən xaricə mühacirət etmiş bır sıra şəxsləri bir sıra cinayətlərdə şübhəli bilərək istintaqa çağırıb.

Ana səhifəSiyasətXaricdə yaşayan blogerlər barəsində qiyabi həbs qərarları davam edir