“Xalqla mükaliməyə getmək lazımdır”

Zərdüşt Əlizadə: “Azərbaycan hakimiyyəti isə Azərbaycan xalqını saymır”

Mahmud Hacıyev: “DİN-in əlində müəyyən “əsas” var ki, qəsəbəyə daxili qoşunlar yeritsin”

Source:


Zərdüşt Əlizadə: “Azərbaycan hakimiyyəti isə Azərbaycan xalqını saymır”


Mahmud Hacıyev: “DİN-in əlində müəyyən “əsas” var ki, qəsəbəyə daxili qoşunlar yeritsin”

Dekabrın 1-də Azərbaycan hüquq-mühafizə orqanları paytaxtın Nardaran kəndində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində kəndin 20-ə yaxın sakini həbs olunub. Rəsmi məlumatlarda bildirilir ki, bir sıra mənzillərdən silah aşkarlanaraq müsadirə olunub, eyni zamanda, kəndin mərkəzi hissəsində dini simvolları əks etdirən şüarlar yığışdırılıb.

Ancaq hökumətin Nardaran kəndində apardığı əməliyyat birmənalı qarşılanmayıb.

Bu barədə Meydan TV-yə danışan siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, hər bir demokratik hökumət öz xalqıyla mükaliməyə gedib problemləri birgə müzakirə edir: “Azərbaycan hakimiyyəti isə Azərbaycan xalqını saymır, hökumət nə vətəndaş cəmiyyəti, nə müxalifət, nə də xalqla danışmır. Lazım olanda, 5-10 nəfər yaltaqla, hökumətdən asılı olan qoca adamla söhbət edirlər. Onlar da İlham Əliyevə qayğıya görə təşəkkür bildirir və bunlar telekanallarda xalqla müzakirə kimi təbliğ olunur. Nardaran əhlinə gəlincə, onların torpaqları alınıb, gül biznesi çökdürülüb, belə olanda sakinlər ümidlərini Allaha bağlayıb. Sual edirlər: niyə Əliyev Kəbədə Allaha dua edə bilir, amma bizim namaz qılıb dua edəndə, dini rituallar keçirəndə əngəl olurlar? Ona görə etiraz edirlər, 25 il dinc şəkildə etiraz edirdilər, gördülər ki, reaksiya verən olmadı. Əksinə, həbslər dayanmırdı, məmurlar, DİN zabitləri bunların torpaqlarını özəlləşdirirdilər. Belə olanda, nardaranlılar hökumətin daxili və xarici siyasəti nəticəsində silahlanmağa başladılar. Hətta mənə iqtidaryönlü adamlardan biri Nardaranı tamamilə məhv etmək barədə müzakirələrin aparıldığını dedi. Yəni əhalini köçürtmək istəyirdilər, 1 milyon qaçqını yerləşdirən hökumət 20 min insanı də başqa yerdə yerləşdirər. O zaman bunların Ermənistan işğalçılarıyla nə fərqi oldu?! Ona görə hakimiyyət qəsəbə sakinləriylə mükaliməyə getməlidir”.

Zərdüşt Əlizadə qəsəbədə İranın təsirinin olması barədə deyilənlərə belə reaksiya verdi: “Bu iddianı səsləndirənlər ortaya sübut qoya bilərlərmi? Taleh Bağırzadə Qumda oxuyubsa, bu, o demək deyil ki, Tehranın göstərişlərini yerini yetirir. Azərbaycanda xaricdə oxuyan o qədər məmur övladı var ki. Məgər onlar xarici dövlətlərə bağlıdır? İranlı deputatın dedikləri isə rəsmi Tehranın mövqeyi deyil. Bizim də o qədər deputatımız var ki, savadsız, yalan və böhtan fikirlər səsləndirir. Deputat hökumətin yox, onu seçmiş əhalini təmsil edir. Hökumətin mövqeyini XİN təmsil edir və İranın münasibətini də səfirlik yaydı. Bildirdi ki, onların qəsəbədə baş verən hadisələrə heç bir aidiyyatı yoxdur”.

Huquqşünas, sabiq polis zabiti Mahmud Hacıyevin fikrincə, Nardaran

əməliyyatı elə bir hadisədir ki, subyektiv fikir bildirəndə müəyyən mənada səhvlərə də yol vermək olar: “Əvvəla, DİN-in əlində müəyyən “əsas” var ki, qəsəbəyə daxili qoşunlar yeritsin, yəni hüquqi don geyindirə bilirlər. O mənada düzdür ki, daxili qoşunlar DİN-in tabeçiliyindədir. Müdafiə Nazirliyinin tabeliyində olsaydı, beynəlxalq konvensiyanı xatırladıb yerli əhaliyə qarşı qoşunlardan istifadəni yolverilməz hesab etmək olardı. Bəs hüquq-mühafizə orqanının tərkibində qoşunun olub-olmaması məsələnin ikinci tərəfidir. SSRİ dövründə də daxili qoşunlar DİN-ə tabeydi. Sovet ittifaqə dağılandan sonra baltikyanı respublikalar, Gürcüstan bu qaydanı ləğv etdi. Azərbaycanda isə qayda dəyişmədi, daxili qoşunlar polisin bir qurumudur. Məsələnin ikinci tərəfinə gəldikdə, DİN rəhbərliyində məxfi və qeyri-məxfi informasiyalar olub ki, post-patrul alayından istifadəni doğru saymayıb, daxili qoşunlardan istifadə ediblər. Məncə, məsələni bu istiqamətdə təhlil etmək olar, nəinki ittiham şəkilində ki, sakinlərə qarşı qoşun növündən istifadə edirsən. O ki qaldı daxili qoşunların qəsəbəyə yeridilməsinə lüzumun olub-olmamasına, bizdə dəqiq informasiya olmadığından fikir yürütmək çətindir. Subyektiv fikir yürüdəndə də, polis rəhbərliyi deyəcək ki, onlarda ictimaiyyətə açıqlanmasına ehtiyac olmayan məxfi məlumatlar olub”.

Ana səhifəXəbərlər“Xalqla mükaliməyə getmək lazımdır”