Xalqın qeyrəti

Aldadılmaq, doğurdan da, çox pis şey imiş…

Source:

Ötənlərdə bir gənc xanım dedi ki, atası ilə anası xalq hərəkatı zamanı mitinqdə tanış olublar. İndi valideynləri aksiyaya çıxmağa icazə vermir. Bir anda gözlərim önündə xeyli mənzərələr canlandı. Tale elə gətirdi ki, vaxtından əvvəl azadlığımı əldə etdim və bu da mənə hadisələrin ən azı şahidi olmaq şansı qazandırdı. Ruh yüksəkliyindən adamların reallıq hissini itirdiyi günləri xatırladım. O günlər ki, birmənalı qiymət vərmək olmur. O günlərə həm gülə bilərsən,  həm də o günlərlə  fəxr edə bilərsən.  Taksi sürücülərinin mitinqə gedən adamlardan pul almaması, rayonlardan adamların pul yığıb, Bakıya mitinq iştirakcılarına  göndərməsi…  nə idi bu? Karnaval, fədakarlıq, yoxsa bekarçılıq? Öz tərəfimdən bu suallara hələ də cavab tapa bilməmişəm.  Gənc xanıma isə dedim ki, onları qınamaq çətindir. Onların lideri meydandan kəndə qaçdı. Gözləri qorxub.

Bütün bunlara baxmayaraq, əgər biz diqqət etsək, görərik ki, ölkədəki vəziyyətlə barışmayan gənclərin çoxunun valideynləri bu və ya digər formada xalq hərakatında iştirak ediblər. Rayonda mənə bir kişi göstərdilər. Dedilər ki, bu kişi cəbhə hakimiyyəti dövründə vəzifədə işləyib və rüşvət almayıb. Bilmədim, bu sözü nə mənada dedilər. Bu faktla fəxr edirdilər, yoxsa rüşvət almayan kişiyə gülürdülər.

Sonralar  baş verən gülməli-ağlamalı, faciəvi hadisələrdən asılı olmayaraq, bir sözü qəti olaraq deyə bilərik ki, xalq hərakatında iştirak edən adamların çoxunun niyyəti xoş idi. Aldadılmaq, doğurdan da, çox pis şey imiş. Xüsusən bizim kimi formalaşmamış xalqlar aldananda uzun müddət özlərinə gələ bilmirlər. Son iyirmi ildə o iş qalmadi başımıza gəlməsin. Xalq olaraq davamlı zərbələr almaqdayıq. Xəyallarımız və arzularımız puç çıxdı. Xalq hərakatının iflasa uğraması nəticəsində xalqın özünə inamı itdi, adamlar pərt oldular. Ruh düşkünlüyünə yuvarlandılar. Nə qədər adam ölkəni tərk etdi. Nə qədər adam siyasətdən uzaqlaşdı. Siyasət sözünü dilinə gətirmədi. Daha sonra müxalifət düşərgəsi davamlı olaraq məğlubiyyətə uğradı. İntriqalar, dava- dalaş, qarşılıqlı ittihamlar adamları müxalifət düşərgəsindən küsdürdü. İnamsızlıq yarandı. İyrimi ildir müxtəlif cür zərbələr almaqdayəq. Torpaqlar itirildi. Milli qürurumuz taptalandı.  Adamlar itaətə alışdılar. Yaltaqlıq, rüşvət, üzə durmaq, tərbiyəsizlik, kobudluq normaya çevrildi.

İndi biz adamların təhqir olunduğu bir cəmiyyətdə yaşayırıq. Ən pisi də odur ki, adamlar özləri də təhqir olunduqlarını bilirlər və buna görə də hər cür zorakılığı zərurət kimi qəbul edirlər. Xaqani Hasın təbirincə desəm, bu hakimiyyət bizə yalnız bir azadlıq tanıyıb, bir-birimizi didmək azadlığı. Biz də maşallah, bu azadlıqdan maksimum istifadə etməkdəyik. Eyni problemi yaşayan adamlar, bir-birlərinə həyan olmalı insanlar bir-birlərinin ətini yeyib, qanını içməkdədirlər. Nəinki toxun acdan, heç acın da acdan xəbəri yoxdur.  İyirmi ildir İrandan, Turandan, ərəb ölkələrindən ölkəmizə külli miqdarda pullar axıdılır. Bu gətirilən pulların çox az hissəsi xoş niyyətlə gətirilir. İrandan, Turandan ərəb ölkələrindən gətirilən və xərclənən pulların böyük hissəsi bizim bir xalq olaraq ən böyük naliyyətlərimizdən və dəyərlərimizdən biri olan dünyəviliyimizi sarsıtmağa xidmət edir.

Balaca bir xalq Şərqdən gələn  cəhalətin qarşısında hələ də dayanmaqdadır. Necə dayanmışıq  sualına cavab tapmaq istədikdə, adam istər-istəməz əsrin əvvəlindəki ziyalıları, “Molla Nəsrəddin” jurnalını xatırlayır. Biz çox az saylı şərq xalqlarından biriyik ki, bizdə geyim inqilabı baş verib. Ən ucqar kənd rayonlarına gedirik. Adamlar köhnə geyinə bilərlər, pinti geyinə bilərlər, lakin onlar Avropa qiyafəsindədirlər. Hətta Türkiyədə belə tam olaraq geyim inqilabı baş verməyib.

Azərbaycan xalqının fikir tarixi avropamərkəzçi şəxslə –  Axundovla başlayır. Bu fövqəladə, tarixdə az rast gəlinən bir hadisədir. Biz əsrin əvvəlində qadına səs vermək hüququ vermişdik. Düzdür, o vaxt formanı götürmüşdük, məzmundan xəbərimiz yox idi. Qadına səs vermək hüququ verilmişdi, amma qadın azad deyildi, səs verə bilməyəcəkdi. Buna baxmayaraq, niyyət xoş niyyət idi. Əsas fikirdir.

Son iyirmi ildə kim nə qədər bacardı, xalqı aldatdı. Siyasətçi aldatdı. Ziyalılar aldatdı. Din xadimləri aldatdı.  Xüsusən din xadimlərimizi başa düşmək, onları bağışlamaq çətindir. Çünki insanlar iddialarina görə mühakimə olunurlar. Tutaq ki, siyasətçilərin işi adamlara vəd vermək, yeri gələndə aldatmaqdır, bəs din xadimlərinin hərəkətlərin necə başa düşək? Axı onlar öz sadə həyatları ilə adamlara nümunə ola bilərdilər. Təmənnasız yardımı, təmənnasız köməyi həyat normasına çevirə bilərdilər. Adamları israfçılıq etməkdən qoruya bilərdilər. Xurafatın çiçəklənməsinin qarşısın ala bilərdilər. Bunları ki, etmək mümkündür. Ən əsası bunları etmək borcdur. Vacibdir. Şərtdir. Yəni biz əlahiddə bir şey tələb etmirik. Adamlardan görməli olduqları işləri görmələrini gözləyirik.

Son iyirmi ildə yalançılıq, yaltaqlıq, itaət mükafatlandırıldı, gözəl və fəxr etməli sifətlərə  görə isə adamlar cəza aldılar. Sistemin insanlara təsiri şəksizdir. Taqorun təbirincə desəm, ölkə rifah içində olanda adamlar da mehriban və əxlaqlı olurlar. Baş verən hadisələrdən ən pislərindən biri  o oldu ki, müəllimləri seçki oyunlarına cəlb etdilər. Müəllimə süpürgə pulu yığdırdılar. Müəllimin nüfuzu düşdü. Həmçinin, həkimlər də hörmətlərin itirdilər. Bunun da bir xalq üçün nə qədər zərərli olduğunu xırdalamağa ehtiyac yoxdur.

Bu qədər zərbələrin qarşısında dayanmağın özü belə möcüzədir. Ölkədəki təhsil sisteminin bərbad olmasına baxmayaraq, valideynlər övladlarını məktəbə göndərirlər. Müəllim yanına aparırlar. Çətinliklə övlad oxudan valideynlər var. Torpağının bir hissəsini satıb, övladını oxudan adamlar tanıyıram. Bunun özü az şey deyil. Adamlar başa düşürlər ki, təhsil vacibdir, sadəcə qalanı və davamı dövlətin işidir.

Dövlət isə insanlara kömək etmək əvəzinə vətəndaşlara mane olmaqdadır. Dövlətin görməli olduğu işi görmək istəyən adamlar təzyiq altında saxlanılır. Onlara şərait yaratmaq əvəzinə fədakar adamlara müxtəlif üsullarla hücumlar edilir. Biz Robinzon Kruzo kimi hər bir işi özümüz görmək məcburiyyətindəyik. Bu iyirmi ildə kim xalqa doğru yol göstərdi? Kanalları müğənnilər, aşbazlar, meyxanadeyənlər, falçılar, cadugərlər işğal ediblər. Ölkədə düz-əməlli bir mədəniyyət jurnalı, qəzeti yoxdur.  Xalq kimin ardınca getsin? Kim ona yaxşı məsləhət verdi? Belə məlum oldu ki, bu xalq onun siyasətçisindən, onun ziyalısından daha təpərlidir. Bu qədər aldadıldığına baxmayaraq yenə də ayaqdadır. Öyrənmək istəyir, öyrədən yoxdur. Yol göstərən azdır. Xalqın inzibati üsullarla maariflənəcəyinə ümid etmək olmaz. Çünki bizi idarə edənlər bu işdə maraqlı deyillər. Heç həvəsləri də  yoxdur. Başları daha ciddi işlərə qarışıb.  Bu zaman əlac yenə də özümüzə qalır.

Nə etməli? Şəxsi əxlaq və şəxsi fədakarlıq nümayiş etdirməliyik. Bu haqda “Şəxsi əxlaq” adlı yazımda bəzi nüansları qeyd etmişəm. Necə  yanaşmadan çox şey asılıdır .  Bir dostum var, deyir ki, heç vaxt adamlara kitab tövsiyyə etmirəm. Kitab olur masamın üstündə. Otağa gəlib-gedənlər masanın üstündən kitabı götürüb vərəqləyir, baxır, sual verirlər. Nəticə də çox vaxt müsbət olur. Bu mənada hər bir rəhbər adam öz işcilərində kitaba maraq yaratmalıdır. Hər bir rəhbər idarə etdiyi şirkətdə, idarədə, firmada ən azı öz otağında kitabxana yaratmalıdır, Ofisin divarlarında  rəsm əsərləri  vurmalıdır. Bu, ölkədə rəssamlığın inkişafına, rəssamların həyatına xeyli müsbət təsir göstərə bilər (bax: “Pul xərcləmək mədəniyyəti”). Hər bir imkanlı şəxs ayrı-seçkilik qoymadan  qohumda, qonşuda, məhəllədə  olan ağıllı, istedadlı uşağa sahib çıxmalı, təhsil almasına imkan daxilində kömək etməlidir (bax: “Paylaşmaq mədəniyyəti”).

Hər bir kəs evində kitabxana yaratmalıdır. Ətrafdakı insanlarda ən azı musiqi və geyim  zövqünün formalaşmasına öz töhfəsini verməlidir. Ətrafdakı insanlarda ciddi filmlərə və bədii, elmi ədəbiyyata maraq oyatmalıdır. Kafe və taksilərdə ifrat bayağı mahnılara öz mənfi münasibətimizi bildirməli, gic mahnılardan narahat olduğumuzu göstərməliyik. Ən nəhayət geyimimizi dəyişməliyik. Qara rəngdən can qurtarıb, müxtəlif xoş rəngli paltarlar geyinməliyik. Bunu ki, heç kim bizə qadağan etməyib. Sarı, qırmızı, göy, yaşıl gödəkcə geyinməyə bizə ki,  heç kim mane olmur. Geyimdən başlamaq lazımdır. Çünki geyim yaradıcılığın bir növüdür. Hər bir insan yaradıcı olmalıdır. Geyim isə insana hər gün və daima yaradıcılıqla məşğul olmaq imkanı verir.

Ana səhifəMənim FikrimcəXalqın qeyrəti