Xalq artistinin intimofobiyası…

Alim Qasımovun o tamaşada nə işi vardı?

Source:

2008 ci ildə keçirtdiyim qəzadan sonra, aylarla yataq şəraitində qalmalı oldum. 7-8 aydan sonra əlil arabasına oturdum. Həyətə-bacaya, ictimai yerlərə bir il olardı ki, çıxmırdım. Gəzdiyim və olduğum yerlərdə insanların davranışı məni çox heyrətləndirmişdi. İlahi, insanlar bir ilə nə qədər dəyişərmiş?! Bu dəyişikliklərin hamısı mənfi yöndə idi. İnsanlar çox mədəniyyətsiz olmuşdular. Küçədə yeriyənlər böyük-kiçik bilmədən bərk səslə danışır, şəxsi həyatlarında baş verənləri kənardakılara elə nümayiş elətdirirlər ki, sanki böyük qəhramanlıqlar ediblər. Bu söhbətləri eşidən adama elə gəlir ki, nəhəng bir tok-şoudadır. Bir ilə baş vermiş, başqaları üçün adiləşmiş bu “inkişaf” mənə qeyri adi görünürdü. Yanimdakı dostlarisə hər gün bu şeyləri gördükləri üçün elə də mütəəssir olmurdular.

Öyrəşmək belə, bir az da təhlükəli hissdir…

İndiki gənc nəsil intim əlaqəyə tam fərqli anlayışla yanaşır. Təbii ki, intim adından bəlli olduğu kimi, məhrəm və şəxsi məsələdir. Amma gəlin görək, bizim cəmiyyətdəki bəzi oğlan və qızlar bu məsələyə necə yanaşırlar. Əl-ayağı sağlam olub, özünü sırf tənbəllikdən heç bir işə verməyib, bir neçə ay ağzını əyə-əyə ofisiant və ya fəhlə işləyib o işdən qazanılan pula bahalı telefon alıb, gecə-gündüz internetdə “qız tutmağa” çalışan oğlanlarımız var. Əlində təsbeh oynadıb özlərini avtoritet kimi göstərmək istəyən oğlanlarımız avtobus və metrolarda camaatın gəlininə bacısına sürtünür, əlləyir. Hansısa bir qızı “bişirib”, onunla yatıb, gizli kameraya çəkən, sonra həmin video lentlə qıza min-bir hədə gəlib özündən asılı vəziyyətə salaraq öz dost-tanışları yanında öyünən oğlanlarımız var. Bu oğlanların 90 %-i  özünü başqalarının yanında vətənpərvər və mental keşikçisi kimi göstərirlər.

 Qızlarımızın bəziləri isə bakirəliklərinə görə özlərini müqəddəs Məryəmə tay tuturlar. Bir oğlanla münasibət qururlar. Yaxınlıq eləməyə qadağa qoyulduğundan, ya avamlığı, ya da görməmişliyi ucbatından oğlanların çəkdiyi gizli video lentlərə düşürlər. Ya da görməmişlikləri ucbatından ruhən fahişəyə çevrilirlər. Bir də pis tendensiya var bəzi qızlarımızda.  Qızlar arasında öz ilk toy gecələrində baş verən hadisəni və yoldaşları ilə intim əlaqəni bütün təfərrüatlarıyla rəfiqələrinə, qız qohumlarına açıq şəkildə danışırlar.

Ümumiyyətlə, bizim ölkədə hər şey təhrif olunur. Ən gözəl şeylər bayağılaşdırılır. İntim mövzu isə bu iylənmiş mental dəyərlərin “kralına” çevrilib.

 Ədəbiyyatda, incəsətdə intim mövzu ən təbii hallardan biridir. Çünki ədəbiyyat insan həyatını təsvir edir və bu təsvir nə qədər detallı, səmimi olsa insan təxəyyülünə və şüuruna bir o qədər təsirli olur.

Bu yaxınlarda Akademik Milli Dram Teatrında yazıçı Elçinin müəllifi olduğu  “Qatil” pyesinin tamaşasında qalmaqal yaşandı. Qalmaqalın qəhrəmanı isə xalq artisti Alim Qasımovdur. Onu hiddətləndirən tamaşadakı yataq səhnələri olub. Xalq artisti ayağa qalxaraq, qışqır-bağır salıb. Səhnədə baş verənləri biyabırçılıq adlandıraraq, gəzdiyi ölkələrin heç birində belə bir biabırçılıq görmədiyini söyləyib. Tamaşanı yarımçıq tərk edib. Onun etirazlı çıxışını aktyorlar, rejissorlar hətta teatrın direktoru bilsə də, əhəmiyyət verən olmayıb.

Alim Qasımov xanəndədir və o, teatra gəlib seyircilər arasında əyləşirsə, onun ordakı tamaşaçılardan xüsusi statuslu fərqi olmamalıdır. Onun heç bir halda haqqı yoxdur ki, mədəniyyət ocağında bəyənmədiyi səhnəyə görə tamaşa gedə-gedə səsli, etiraz bildirsin. Bəlkə də o, nümunə olsun deyə, zalda bəzi oturanlara  etiraz edə bilər ki, tamaşa vaxtı bərkdən danışılmasın. Qara camahata irad tuta bilər ki, teelfonla danışmasınlar.

Alim müəllimin intimafobiyası ola bilər. “İntimafobiya” elmdə intim olan şeylərdən qorxanlara deyilir. Sovet dövründə xeyli müddət yaşadığı üçün “SSSRİ-də seks yoxdur” təfəkkürü beyninə hopub, yayıla bilər. Kitab oxumadığı üçün, kitablarda açıq şəkildə, intim səhnələrin olduğundan xəbərsiz ola bilər, ömründə ilk dəfə teatrada gələ bilər, amma hər bir halda mədəni çərçivələri aşmamağı vacibdir.

 Şekspirin məşhur ifadəsi var ki, “Həyat bir tamaşadır, biz insanlar isə onun aktyorlarıyıq”. Alim Qasımov kimi düşüncədə olan insanlar anlasınlar ki, həyat tamaşamızda intimin də rolu mütləqdir. Teatrdakı aktyor qruppası isə, əsəri həmişə tam şəkildə səhnələşdirmək üçün çox təbii rol oynamalıdırlar ki, tamaşaçıya təsir edə bilsinlər. Bütün dünyada teatr mədəniyyət ocaqlarının ən üstün və məşhurlarındandır. Ora gələn insanlar isə həm mədəni səviyyələrini yüksəldir, həm də tamaşalardan zövq alırlar.

 Özünü xalqın artisti sayan Alim Qasımov isə teatrda gördüyü  seks səhnəsindən də dəhşətli olan, ölkədə baş verən biabırçı reallıqlara reaksiya versin. Alim Qasımov seks səhnələrinə belə reaksiya verirsə, ölkəmizdə təhsilsizlikdən və mədəniyyətsizlikdən yaranan böyük zorakı qrup seksi xatırladan özbaşınalıqlara reaksiya versin.  Qayda-qanunların bir çoxunun  işləməməsindən yaranan pozğunluqlara, “viaqra effekti” verib benzin və ərzaqın qiymətini qaldıran “Tarif şurasına” heç belə reaksiya verməz Alim Qasımov. Dövlət büdcəsini və neft buruqlarını ehtirasla souran məmurlara heç belə reaksiya verməz Alim Qasımov. Ölkədəki işsizlikdən, qadınlarımızın Türkiyəyə və BƏƏ-yə gedib, fahişəlik edib, sekslə məşğul olmağına, kişilərimizin isə Rusiyada işləyərək rus qızları ilə sekslə məşğul olub, ailələrindən aylarla, illərlə uzaq düşməsinə reaksiya verməz Alim Qasımov.

Onun gücü elə səhnədə öpüşənlərə çatar…


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəXalq artistinin intimofobiyası…