Xalidə Bayramova: Sosial mediada və mətbuatda yazılanlar həqiqətəuyğun deyil

Sözügeden video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi

Source: google.az


İcra başçısının müavini Meydan TV-yə açıqlama verib

162 saylı məktəbin şagirdi olmuş 14 yaşlı Elina Hacıyevanın intiharından sonra ictimaiyyət tərəfindən ittiham olunanlardan biri də Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədri Xalidə Bayramovadır.

Aprelin 4-də Elina Hacıyeva özünü oxuduğu məktəbin üçüncü mərtəbəsindən atıb. Rəsmi açıqlamalara görə, məktəbli hadisə baş verəndən 2 saat sonra təcili yardımla xəstəxanaya çatdırılıb və orada da həyatını itirib.

Hadisədən sonra yayılmış videogörüntülərdən belə məlum olur ki, Elina Hacıyeva məktəbin direktoru Sevinc Abbasovanın otağına gətirilib və divana uzadılıb. Uzanmış halda ağrı çəkən yeniyetmə isə sorğu-suala tutulur və çəkiliş aparılır.

İlk paylaşımlarda Elinanı sorğu-suala tutan qadının kimliyi bəlli olmasa da, sonradan

Meydan TV

araşdırma apararaq, həmin şəxsin Xalidə Bayramova olduğunu müəyyənləşdirdi. Bu faktı müğənni Röya Ayxan da sosial şəbəkələrdəki hesabından paylaşdı.

Lakin ötən müddət ərzində Xalidə Bayramovadan məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmadı.

Aprelin 20-də icra başçısının müavini Meydan TV-yə yazılı açıqlama göndərərək, baş verənlərə münasibətini bildirib. Meydan TV onun yazdıqlarını olduğu kimi dərc edir:

“Bir sıra səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir ki, uşağı qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına səmimi qəlbdən başsağlığı verirəm. Bugünə kimi dövlət məmuru və məsul şəxs olaraq hər hansı bir açıqlamadan və şərhdən yayınmışam. Və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam. Bütün hallarda, istintaq gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər. Lakin bəzi məsələlər vardır ki, mətbuatda və sosial mediada spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir və hansındakı mənim adım hallandırılır. Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən, Səbail rayon İcra hakimiyyətinin başçısının birinci müavini olmaqla yanaşı, yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam. Uşaqlarla iş mənim vəzifələrimə daxildir. Buna görə də belə bir zəng başadüşülən idi. Zəngdən dərhal sonra birbaşa rəhbərim olan rayon içra hakimiyyəti başçısına hadısə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim. Yolüstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən təcili yardıma zəng etdim. Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdə yayılan uşaqla birinci danışığın videoyazılışı mənim tərəfimdən təcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib. Belə çətin vəziyyətlərdə video çəklişin aparılması praktikasına uzun illərdir malikəm. Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub. Xəstəxanada sadəcə müşahidə etmirdim, Elinan həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil.

Sözügeden video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi. Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə idi.

Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətəuyğun deyildir. Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürəkyanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın”.

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, məktəbin direktoru, direktor müavini və psixoloq işdən çıxarılıb. Direktor Sevinc Abbasova aprelin 15-də Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərXalidə Bayramova: Sosial mediada və mətbuatda yazılanlar həqiqətəuyğun deyil