Xaçmaz sakini həyətyanı torpaq sahəsinin mənimsənildiyini deyir

Foto Meydan TV

“Hara müraciət edirəm, baxan yoxdur”

“Həyat yoldaşım 1995-ci ildə Xaçmaz rayonu, Fariz Bünyadov küçəsində mənim adıma ümumi sahəsi 4 sot olan həyətyanı torpaq sahəsi almışdı. Ev tikmək istəyirdik. Orada yaşayan digər qonşular tərəfindən torpağım mənimsənilib. Hara müraciət edirəm, baxan yoxdur”.

Bunu Meydan TV-yə Xaçmaz rayonu, Mehdi Hüseyn küçəsi, 8 ünvanda yaşayan Fəridə Umud qızı Axundova deyir.

Şikayətçi iddia edir ki, ona aid torpağın iki sotunu Mətanət Abbasova, bir sotunu isə Emin Abbasov mənimsəyib:

Torpağım əldən gedir. Xaçmazda mənim işimə heç kim baxmır. Əlimizdə sənədlərdən torpağın qərarı, bir də ki kadastrdır. Çıxarış ala bilməmişəm, bunlar imkan vermir. Dəfələrlə polisə müraciət etmişəm. Məhkəmə də bunların tərəfindədir. Bələdiyyə deyir ki, qorxuram, onlara gücüm çatmır”.

“1995-ci ildə torpağı alandan sonra ev tikməyə imkanımız olmadı. Hasarlamaq istəmişəm, həmin qonşular dağıdıblar. Fundament qoymuşam, onu da uçurublar. 2016-cı ildə məhkəməyə müraciət etdim, məhkəmə qərarı ilə torpaq mənə verildi. Yenə də bu adamları çıxara bilmirəm. Hər dəfə ora gedəndə üzərimə hücum çəkirlər, məni vururlar. Üstümə it qısqırdırlar”, – deyə o bildirib.

Xaçmaz Şəhər Bələdiyyəsindən Meydan TV-yə bildirilib ki, sahə bələdiyyə torpağı deyil.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən Meydan TV-nin zəngləri cavablandırılmayıb.

Xaçmaz Rayon Məhkəməsindən məsələyə münasibət bildirmək istəməyiblər.

Mətanət Abbasova Meydan TV-yə bildirib ki, Fəridə Axundovanın iddiaları əsassızdır.

Hətta məsələ məhkəmə yolu ilə həlli olunub: “Əlimdə torpaq sahəsinin çıxarışı var. Fəridənin iddiaları əsassızdır. Onun əlində sənədi olmadığı halda bizi məhkəməyə vermişdi.
Məhkəmə prosesi düz bir il uzandı. Səbəb də Fəridənin daşınmaz əmlakın dövlət reyestrinin aparılması məsələləri ilə əlaqədar rüsumu ödəməməsi idi. Hətta hakim ona hirsləndi ki, insanları ələ salmısan? Bir ildir camaatı Bakıdan bura gətirirsən?”

Mətanət Abbasovanın dediyinə görə, həmin ərazidən torpağı 1989-cu ildə alıblar.

Onun sözlərinə görə, həmin vaxt, ərazidə yaşayış olmayıb:

“Biz orada yayda dincəlmək üçün ev tikdik. Sonradan qonum-qonşu gəldi. Orada quyular vardı, üstünü örtüb, evlər tikiblər. Yoldaşımdan qalan torpaqdır. Mənə heç kimdən bir çöp də lazım deyil. Kiminsə torpağını götürməyə ehtiyacım da yoxdur. Deyir ki, mənim torpağımı mənimsəmisən. Halbuki onunla mənim evimin arasında daha bir ev var. Başa düşə bilmirəm, həmin adamın evini sökdürüb, mənim tərəfimə keçəcək? Yaxşı, torpağın çıxarışını göstərsin, əgər torpaq onundursa, mən ərazini sökməyə hazıram. Əlimdə sənədlərim var, elə-belə danışmıram”.

Digər qonşu Emin Abbasov Meydan TV-yə deyib ki, məsələyə iki dəfə Xaçmaz Rayon Məhkəməsində baxılıb və hər ikisində də onunla Mətanət Abbasovanın lehinə qərar verilib:

“Məhkəmənin gedişatında reyestr idarəsindən məsələ aydınlaşdırılıb. Gəlib, həmin əraziyə baxıblar, yoxlayıblar. Fəridə xanım özü də prosesdə iştirak edib. Bizdə texniki pasport, çıxarış var. Onun əlində heç bir sənədi yoxdur. Sadəcə, bu xanım, mərdimazar adamdır, yapışıb, əl çəkmir”.

Ana səhifəBölgəXaçmaz sakini həyətyanı torpaq sahəsinin mənimsənildiyini deyir