“Meydan TV işi” üzrə həbs olunan və bu gün, iyunun 24-də məhkəmə qərarı ilə həbs müddəti daha 3 ay uzadılan reportyor Xəyalə Ağayevanın məhkəmədəki çıxışını olduğu kimi təqdim edirik:
“Başda ötən həftə hökm alan “abzasçılar” olmaqla, bu saxta məhkəmələrin simasında repressiv Azərbaycan hökumətinə qarşı dimdik dayanan bütün həmkarlarımla qürur duyuram.
Bizim hazırki situasiyamız bir növ qol güləşinə bənzəyib. Hakimiyyətin tutan əllərinə qarşı jurnalistlərin yazan əlləri. Bu gün zor gücüylə ölkə mətbuatını yıxan hökumət qalib görünsə də, əslində məğlubdur. Çünki məhz bizim həbsimiz hökumətin xalqa qarşı törətdiyi cinayətlərin səmimi etirafıdır. Bizi həbs edib. O səbəbdən ki, bizim işimiz zəhmətdən üzülən adamları öz varlanmasına alət sayan, xalqa daim yalan yayanları ifşa etməkdir. Missiyamız bədəni və ruhu əzilənlərə həqiqəti göstərməkdir.
Biz bir qazan yemək üçün gün boyu yorğun düşmüş adamların axşam önünə yalnız propaqanda servis edənlərlə mübarizə aparırıq.
Biz elə bir azadlıq tələb edirik ki, o bizə yalniz sərbəst hərəkət yox, işləmək imkanı versin. Mətbuatın yox edilməsinə hesablanan qondarma qanunlar ləğv edilsin. Bu gün və bundan sonrakı proseslərdə gələn sifarişlərin həbsimi nə qədər uzadacağından asılı olmayaraq, peşə fəaliyyətimiz uğrunda mübarizədə həmkarlarımla çiyin-çiyinə dayandığım yerdə xoşbəxtəm. Həbsxana da mənim üçün dincəlmək yeridir”.
Bu gün Xətai rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş jurnalistlərin həbs müddətinin artırılması ilə bağlı prokurorun verdiyi vəsatətlərə baxılıb.
Ayrı-ayrılıqda keçirilən məhkəmə proseslərində Meydan TV-nin jurnalistləri Aynur Elgünəş (Qənbərova), Nurlan Libre (Qəhrəmanov), Aytac Tapdıq (Əhmədova), Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı, “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa (Ağayev) və bu iş üzrə həbs olunmuş jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva), eyni zamanda vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirovun həbs müddəti daha 3 ay uzadılıb.
2024-cü il dekabrın 6-da Meydan TV-nin beş əməkdaşı Ramin Cəbrayılzadə (Deko ), Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıbvə barəsində həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində də həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlı da fevralın 28-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi onun həbs olunması qərarını çıxarıb.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.
Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə Avropada Rusiya (38), Belarus (30), Ukrayna (28) və Türkiyə (20) ilə birlikdə ilk beş ölkə arasında yer alır.