Azərbaycan və İran rəsmiləri məsələyə şərh verməyiblər
İranın Azərbaycanda ravvini öldürmək üçün narkotik alverçisini işə cəlb etdiyi deyilir.
Bu barədə “Washington Post” yazıb.
Nəşrin yazdığına görə, ravvin Şenor Seqal İran planının hədəfi olub, onun ölümü üçün 200 min dollar ayrılıb.
Məqalədə bildirilir ki, İran yanvar ayında qarşısı alınmış sui-qəsdin bir hissəsi olaraq Azərbaycanda yaşayan ravvini qətlə yetirmək üçün Gürcüstandan olan narkotik alverçisini işə cəlb edib.
İddiaya görə, Aslanov İranda SEPAH-ın xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinin əməliyyatçıları ilə görüşüb. Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, görüşü geniş cinayət əlaqələri olan İran vətəndaşı Məhəmməd Qolkari təşkil edib.
Qüds qüvvələrinin ravvin Şenor Seqalın öldürülməsini və təhsil mərkəzinə hücumu öz üzərinə götürən şəxsə 200 min dollar vəd etdiyi bildirilir.
Qəzet yazır ki, rəsmilərdən biri bildirib ki, Aslanov Azərbaycanın paytaxtı Bakıya qayıtdıqdan sonra Azərbaycan vətəndaşı Ceyhun İsmayılovu işə cəlb edib və onlar birlikdə Seqalı izləməyə başlayıblar.
Yaxın Şərq və Qərb ölkələrinin adı açıqlanmayan təhlükəsizlik rəsmilərinə istinadən xəbər verilir ki, sui-qəsd Azərbaycanın təhlükəsizlik xidmətləri tərəfindən aşkar edilib və Aslanov və onun bu işə cəlb etdiyi yerli şəxs yanvar ayında həbs edilib.
Hər iki şəxs terror aktı törətməkdə ittiham olunur.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir ki, Aslanov “dini icma üzvü haqqında məlumat toplamaq üçün işləyib, onun yaşadığı və iş yerinin ünvanını müvafiq mobil telefon proqramı vasitəsilə xarici xüsusi xidmət orqanının nümayəndəsinə göndərib”. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, Aslanov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub.
Bakıdakı səlahiyyətlilər hədəfin kimliyini açıqlamayıb. Bəyanatda hədəf kimi Seqalın adı çəkilməsə də, onun kimliyi yerli mətbuatda geniş şəkildə işıqlandırılıb.
Seqal “The Washington Post”a deyib ki, o, din xadiminə qarşı sui-qəsd və iki şübhəlinin saxlanılması barədə Azərbaycan mətbuatından xəbər tutub. O, Azərbaycanda özünü təhlükəsiz hiss etdiyini deyib:
“Biz burada dinc yaşayırıq. Mən burada küçələrdə gəzirəm, qorxu yoxdur”.
Azərbaycan və İran rəsmiləri şərh üçün çoxsaylı sorğulara cavab verməyiblər.