”Yaxşı olardı ki, Əliyev əyləşib bu kanala özü baxaydı”
Washington Post qəzetinin redaksiya məqaləsi
Azərbaycan prezidenti İlham Əliyevi müstəqil jurnalizmə müharibə elan etməkdə günahlandırır.
Məqalədə ABŞ paytaxtında Dövlət Katibi Con Kerri və Vitse-Prezident Co Baydenlə görüşdükdən sonra vətənə qayıdan Əliyevin öz “zorakı” idarəçilik metoduna sadiq qaldığı vurğulanır.
“Aprelin 21-də müstəqil rəqəmsal xəbər platforması olan Meydan TV-ə qarşı cinayət işi başlanılıb. Platformanın əməkdaşları qeyri-qanuni biznes fəaliyyətində, səlahiyyəti aşmaqda və vergidən yayınmada ittiham olunurlar,” Postun məqaləsində bildirilir.
Özü qondarma ittihamlarla 16 ay məhbəsdə qalmış Emin Milli bu ittihamları “müstəqil jurnalizmə müharibə elan olunması” kimi dəyərləndirib.
“İlham Əliyev həmişə tənqidə dözümsüz olub. Onun qızlarına məxsus qızıl yataqlarını ilk ifşa edən jurnalist Xədicə İsmayılı həbsə saldıqdan sonra üzə çıxan Panama Sənədləri əslində məsələnin daha geniş olduğunu göstərir”.
Meydan TV-nin Azərbaycanda mövcud informasiya boşluğunu doldurduğunu qeyd edən məqalə bu platformanın hökumətin xoşuna gəlməyən mövzulara toxunduğunu vurğulayır. Postun yazdığına görə məhz Meydan TV-nin fəaliyyəti nəticəsində cəbhə xəttindəki son toqquşmalarda baş verən təlafatın hökumət dediklərindən üç qat artıq olduğu üzə çıxıb.
“İlham Əliyev, belə görünür, məxfi polis və prokurorlar vasitəsilə azad mediaya qarşı savaşa biləcəyini güman edir. Ola bilsin ki, cənab Əliyev bu tendensiyanı atasından – Sovet DTK-sında özünə karyera qazanmış və sonradan Politbüroya təyinat almış Heydər Əliyevdən miras alıb. Bu DTK metodları hədəf alınanlar üçün ağrılı ola bilər, ancaq onlar həqiqəti qapada, tənqidi gizlədə bilməz. Bunu Meydan TV və Xədicə İsmayıl cəsarətlə sübuta yetiriblər”.
Washington Post-un redaksiya heyəti prezident Əliyevi bütün siyasi məhbusları azad etməyə Meydan TV-nin təqibinə son qoymağa çağırır.
“Yaxşı olardı ki, Əliyev əyləşib bu kanala özü baxaydı. Onda bəlkə müasir dövrdə bir millətin müvəffəq olması üçün hansı dəyərlərə sahib olması haqda nəsə öyrənərdi”, deyə redaktorlar yazını bitirir.
Tərcümə Amerikanın Səsinə məxsusdur