Keçmiş prezident Co Baydenin administrasiyası dövründə gərgin olan ABŞ və Azərbaycan arasındakı münasibətlər son bir ildə yaxşılaşıb. Lakin ABŞ media qurumları ilə əməkdaşlıq etmiş Ülviyyə Əli (Quliyeva) və Fərid Mehrəlizadənin həbsdə saxlanılması iki ölkə arasında münasibətlərdə hələ də gərginlik mənbəyi olaraq qalır. Bunu “Washington Examiner” yazır.
Nəşr qeyd edir ki, son üç ildə Azərbaycan hakimiyyətini tənqid edən media qurumlarının əməkdaşlarına qarşı cinayət işləri açılaraq həbs edilirlər. Müstəqil media qurumları olan Meydan TV və AbzasMedia ilə bağlı cinayət işi xüsusilə vurğulanır.
“AbzasMedia işi”ndə yeddi nəfərə valyuta qaçaqmalçılığı, çirkli pulların yuyulması, vergidən yayınma və sənəd saxtakarlığı, “Meydan TV işi”ndə isə 12 nəfərə oxşar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittihamlar irəli sürülüb. Təqsirləndirilənlər bu ittihamları birbaşa jurnalistika fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.
Bu dövr ərzində ToplumTV-yə qarşı cinayət işi çərçivəsində isə doqquz jurnalist, siyasi fəala 12 ildən 15 ilədək həbs cəzası kəsilib. Onlar da ittihamları siyasi hesab edirlər.
Nəşr yazır ki, oxşar işlər üzrə məhkəməyə verilən 19 təqsirləndirilən şəxsdən ikisi ABŞ media qurumları ilə əməkdaşlıq edən 32 yaşlı Ülviyyə Əli və 31 yaşlı Fərid Mehrəlizadə Vaşinqtonun diqqətini çəkib.
Ülviyyə Əli ABŞ-nin “Amerikanın Səsi” radiosu ilə əməkdaşlıq edib. O, 2025-ci il mayın 7-də “Meydan TV işi” ilə əlaqədar həbs edilib. Ülviyyə Əli ittihamları rədd edir və jurnalist fəaliyyətinə görə hədəfə alındığını bildirir.
AzadlıqRadiosu-nun Azərbaycan xidmətinin əməkdaşı, iqtisadçı Fərid Mehrəlizadə 2024-cü il mayın 30-da saxlanılıb. O, xarici valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və sənəd saxtakarlığında təqsirli bilinərək 9 il həbsə məhkum edilib.
Quliyeva və Mehrəlizadənin azadlığa buraxılması üçün İşçi Qrupu yaradılıb
Hər iki jurnalistin həbsi və həbsdə olduqları müddətdə onlarla pis rəftar edildiyinə dair iddialar ABŞ-də fəaliyyət göstərən müxtəlif qrupları onların müdafiəsi ətrafında birləşdirib və son aylarda bu dəstək daha da güclənib. Qrupa “Amerikanın Səsi” və AzadlıqRadiosu-nun hazırkı və keçmiş əməkdaşları, eləcə də Virciniyada yerləşən və Erik Fillipsin rəhbərlik etdiyi “MediaSafe” jurnalist təhlükəsizliyi təşkilatı daxildir.
“Amerikanın Səsi”nin direktor müavini Kris Uolles “Washington Examiner”ə verdiyi müsahibədə deyib ki, məqsəd ABŞ-nin hökumət qurumlarının Quliyeva ilə Mehrəlizadəni düşdükləri ağır vəziyyətdən çıxarmaq istiqamətində həmrəy olduqlarını göstərməkdir.
Jurnalistlər azadlığa buraxılacağı təqdirdə ölkəni tərk etməyə razılaşıblar
İşçi qrupu həmçinin iki jurnalistin azadlığa buraxılma şansını artırmaq üçün strategiyaların hazırlanmasına kömək edib. “Amerikanın Səsi”nin daxili sənədinə görə, həm Quliyeva, həm də Mehrəlizadə azadlığa buraxılacağı təqdirdə ölkəni tərk etməyə razılaşıblar ki, bu da işçi qrupunun dəstəklədiyi addımdır.
ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri vəzifəsini icra edən Maykl Riqas “Washington Examiner”ə bildirib ki, qurum Azərbaycanda və digər ölkələrdə saxlanılan jurnalistlərin, o cümlədən Ülviyyə Əli və Fərid Mehrəlizadənin azadlığa buraxılması üçün bütün diplomatik, hüquqi və ictimai müdafiə imkanlarından istifadə edir.
“Washington Examiner” şərh almaq üçün Dövlət Departamentinə müraciət edib.
Nəşr məlumatlı mənbəsinə istinadla yazır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Azərbaycan üzrə qrupun həmsədrləri Stiv Koen (Demokrat-Tennessi) və Robert Aderholt (Respublikaçı-Almaniya) ötən ay Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimə məktub yazaraq, ondan məsələ ilə bağlı mövqeyini bildirməsi və narahatlığını ifadə etməsi xahiş olunub.
Azərbaycanla münasibətlərini inkişaf etdirməyə üstünlük verən Ağ Evin də məsələni nəzərə aldığı bildirilir. Məlumata görə, vitse-prezident Cey Di Vens bu ilin əvvəlində Bakıya səfəri zamanı saxlanılan iki jurnalistlə bağlı məsələni qaldırıb.
Bakıdan isə indiyədək müsbət siqnal gəlməyib
Nəşr yazır ki, müxtəlif sahələrdə qarşılıqlı əlaqələrə baxmayaraq, Bakıdan indiyədək müsbət siqnal gəlməyib.
“Tamamilə susqundurlar”, – “MediaSafe” təşkilatının rəhbəri Erik Fillips Bakının reaksiyası barədə suala cavabında deyib.
“Washington Examiner” şərh almaq üçün Azərbaycan Xarici İşlər və Ədliyyə nazirliklərinə müraciət edib. Nəşr yazır ki, rəsmi Bakı Ülviyyə Quliyeva və Fərid Mehrəlizadə ilə bağlı sorğulara birbaşa cavab verməsə də, jurnalistlərin təqib olunması ilə bağlı beynəlxalq tənqidləri “həm əsassız, həm də məsuliyyətsiz” adlandırıb.
Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərində əsas fikir ayrılıqları insan haqları, media azadlığı və Qarabağ məsələsi ilə bağlı olub. Vaşinqton Azərbaycanın 2023-cü ildə Qarabağda keçirdiyi hərbi əməliyyat, Laçın dəhlizinə tətbiq olunan məhdudiyyətlər və ölkədə jurnalistlərə və hökumət tənqidçilərinə qarşı təzyiqlərlə bağlı narahatlığını dəfələrlə ifadə edib. Azərbaycan hakimiyyəti isə münasibətlərin pisləşməsini Vaşinqtonun Qarabağ siyasəti və insan haqları ilə bağlı tənqidləri, həmçinin 907-ci düzəlişin tətbiqi ilə əlaqələndirib. Tramp administrasiyası dövründə isə ABŞ 907-ci düzəliş üzrə Azərbaycana tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var.
Hökumət təmsilçiləri isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə həbs edilmədiyini vurğulayırlar. Onlar iddia edirlər ki, həmin siyahılarda adları keçən şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız yerə tutulanları dərhal azad etməyə çağırır.