Vüqar Bayramov: Verilən hər 100 manatlıq kreditin 10 manatı geri qayıtmır

”Problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb”

Source:


”Problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb”

Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 1 597,3 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşib.

Mərkəzi Bankın məlumatına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 0,3 faiz və yaxud 4,4 mln. manat çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,9 faiz, illik müqayisədə isə 18 faiz artıb.

Sentyabrın sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5 faiz olub. Bu nisbət avqustun sonunda da 9,5 faiz, 2015-ci ilin sonunda 6,9 faiz, ötən ilin sentyabr ayının sonunda isə 7,1 faiz olub.

İqtisadçı Vüqar Bayramov deyir ki, 2016-cı ilə başlayanada bu göstərici 1 milyard 314 milyon manat idi. Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb:

“Problemi kreditlərin ümumi kredit portfelində payı 10 faizə yaxınlaşır. Deməli, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir”.

İqtisadçı bildirir ki, sözügedən dövrdə, ümumi kredit portfelinin həcmi 16 milyard 785 milyon manat olub. Problem ancaq qaytarılmayan kreditlərin həcminin artımında deyil:

“Bu ilin əvvəlində Mərkəzi Bank 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edirdi. Mərkəzi Bank kompensasiya vermədi, amma banklar 250 milyon manatdan daha çox itirdilər. Monitorinqlər göstərir ki, yubanmalar əsasən istehlak kreditləri, yəni kompensasiya təklif edilən kredit xəttləri üzrə qeydə alınır”.

Vüqar Bayramov deyir ki, digər tərəfdən, monitorinqlər göstərir ki, problemli kreditlər “ümüdsiz kreditlər” kimi geri qaytarılması, demək olar, mümkün olmayan kreditlərdir:

“Güman olunur ki, məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcək. Kompensasiya verməməklə “maliyyə intizamını” qorumağa çalışdığını bəyan edən Mərkəzi Bank əslində problemli kreditlərin həcminin artmasına şərait yaratmaqla bank sektorunda bu “intizamı” pozmuş oldu”.

Ana səhifəAnalitikaVüqar Bayramov: Verilən hər 100 manatlıq kreditin 10 manatı geri qayıtmır