"Bunun hamısı İlham Əliyevin topladığı komandanın ümumi göstəricləridir"
Milli Məclisin plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da müxalifətin son aksiyasını tənqid edib:
“İnsanların xəyanət xronikasına baxdıqda adamı dəhşət bürüyür. Yəni bu illər ərzində doğrudanmı bu insanlarda bir qram da olsun, inkişaf yoxdur? Nə mütaliə, nə dünyanı dərk etmək, nə dövlətçilik anlayışı var. Bu illər ərzində siz nə işlə məşğul olmusunuz?”
Vitse-spiker bildirib ki, oktyabrın 25-26-da Qoşulmama Hərəkatının zirvə görüşünü təşkil edəcək:
"Belə bir vaxtda lazım idi ki, siz metronun “28 may” stansiyasının yaxınlığında qarışıqlıq yaradasınız? Məqsədiniz nədir? Azərbaycan vətəndaşı öz dövlətinə və dövlətçiliyinə bu qədər asi kəsilə bilərmi? Bu, nədən qaynaqlanır? Bu nifrət haradan gəlir? Siz Azərbaycan vətəndaşınız. Başa düşürəm, sifarişçiləriniz var. Sizə pullar verirlər ki, bu əməlləri törədəsiniz. Axı siz Azərbaycan vətəndaşısınız. Deməli, Azərbaycan nə qədər pisdirsə, bunlara o qədər yaxşıdır, şüarları budur. Azərbaycan bundan sonra da inkişaf edəcək, çox güclü inkişaf edəcək. İslahatlar ona gətirib çıxaracaq ki, ölkəmiz dünyanın ən sayılıb-seçilmiş dövlətlərindən biri olacaq. İndi də belədir".
Z.Əsgərov sərbəst toplaşmaq azadlığı ilə bağlı Konstitusiyanın 49-cu maddəsinə edilən istinadlara da münasibət bildirib:
"Hər bir Azərbaycan vətəndaşı təkbaşına və digərləri ilə birgə sakit toplaşa bilər. Amma burada şərtlər var. 1966-cı il 16 oktyabrda “Mülki və Siyasi Hüquqları haqqında” Pakt qəbul olunub. İnsan Hüquqları və əsas Azadlıqlar Haqqında” Avropa Konvensiyası 4 noyabr 1950-ci ildə qəbul edilib. Paktda qeyd olunub ki, sərbəst toplaşmaq azadlığı beynəlxalq pakt tərəfindən tanınır. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli və ictimai təhlükəsizlik mənafeləri üçün iğtişaşların və ya cinayətlərin qarşısının alınması, sağlamlığın və mənəviyyatın digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
Soruşuram, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, siz bunları bilmirsiniz? Çox yaxşı bilirsiniz! Qəsdən bu əməlləri törədirsiniz ki, 1992-ci ildə etdiyiniz kimi Azərbaycanda iğtişaşlar olsun, ara qarışsın. Deməli, bunlar bulanıq suda balıq tutmaq istəyirlər. Yeri gəlmişkən, 1990-cı illər yadıma düşdü, 1992-ci ildə “Mülki və siyasi hüquqlar haqqında” aktını prezident olan Əbülfəz Elçibəy Helsinki şəhərində imzalayıb. Əli Kərimli, bunu sizin “sevgi” bəslədiyiniz, sonra xəyanət etdiyiniz Elçibəy imzalayıb. Dövlətə və dövlətçiliyə xəyanətiniz bu gün də davam edir. Bu aktı sizin iqtidarınız da qəbul edib ki, hansı hallarda hansı məhdudiyyətlər qoyula bilər. Azərbaycan qanunvericiliyndə birbaşa göstəriş var ki, metro stansiyasının 200 metr yaxınlığında mitinq keçirmək olmaz. Bu ərazi metronun mühafizə zonası adlanır.
Əgər niyyətin sağlamdırsa, mitinqi 10-15 kilometr kənarda da keçirmək olar. Amma niyyət sağlam deyil axı. Əli Kərimli bir neçə gün əvvəl sosial şəbəkədə bəyanat verdi ki, nəyin bahasına olursa-olsun şəhərin mərkəzinə gəlin, qarşıdurma olmalıdır, hakimiyyətin üzərinə getməliyik. Sən kimsən, hakimiyyətin üzərinə gəlmək istəyirsən? Bir qrup adamın şıltaqlığına görə milyonlarla insanın hüquqlarını tapdalamalıyıq? Sənin hüququn varsa, mənim də hüququm var. Sənin toplaşmaq azadlığı hüququn var, mənim də istirahət etmək hüququm var. Dövlətimi müdafiə etmək hüququm var. Dövlətin hüquq-mühafizə orqanları nə etməlidir? Avropadan səslər gəlir, Avropa İttifaqından, Avropa Şurasından deyirlər ki, məsələni araşdırın, məlumat verin. Əvvəla, bizimlə diktə dilində danışmaq olmaz, gedin Londonda, İspaniyada, Berlində, Parisdə demokratiya adına olan biabırçılıqları araşdırın, sonra bizimlə söhbət edərsiniz. Biz yolumuzu özümüz könüllü seçmişik, hara getdiyimizi çox yaxşı bilirik, məsələləri də özümüz araşdırırıq, kimin günahı varsa, cəzasını alacaq, günahı olmayan azad olunacaq. Azərbaycan dövlətini, dövlətçiliyini, prezident İlham Əliyevi göz bəbəyi kimi qoruyacağıq. Daha bu xülyalardan əl çəkin, 1990-cı illər getdi, vallah, getdi. Gənclərə yazığınız gəlsin. Buraxın, təhsillərini davam etdirsinlər, elmlə məşğul olsunlar, bəlkə, doğrudan da, yaxşı elm adamları olacaqlar. Niyə onların vaxtını alırsınız. Əli Kərimli, sən onsuz da hər şeyini itirmisən, keçmişin, bugünün, gələcəyin məhv olub, gənclərə yazığınız gəlsin!”
AXCP sədri Əli Kərimli Meydan TV-yə açıqlamasında Ziyafət Əsgərovun dediklərindən təəssüfləndiyini bildirib:
“Əgər Daxili İşlər Nazirliyi müxalifət liderləri ilə hamıya məlum olan şəkildə davranırsa, prokurorluq ona haqq qazandırıb “Əli Kərimli özü başını avtobusa vurub” açıqlaması verirsə, belə bir ölkənin parlamentinin birinci vitse-spikeri də Ziyafət Əsgərov kimi olar. Bunun hamısı İlham Əliyevin topladığı komandanın ümumi göstəriciləridir”.
Əli Kərimli xatırladıb ki, Konstitusiya yalnız əsas qanun deyil, həm də birbaşa tətbiq olunan qanundur. Konstitusiyanın 49-cu maddəsində çox aydın şəkildə yazılıb ki, hər kəsin başqaları ilə birlikdə əvvəlcədən xəbərdarlıq etməklə toplaşmaq azadlığı var:
“Bu, təkcə Azərbaycan Konstitusiyasında təsbit olunan maddə deyil, həm də qəbul edilən beynəlxaq normadır. Azərbaycan da qoşulduğu beynəlxalq konvensiyalarda üzərinə öhdəlik götürüb ki, vətəndaşların sərbəst toplaşmaq azadlığına hörmət edəcək. Təsadüfi deyil ki, 19 oktyabr mitinqi ilə bağlı bəyanat verən Avropa Birliyi, ABŞ, Avropa Şurası, Avropa Parlamentinin fraksiyaları və beynəlxalq hüquq müdafiə təşkilatları hakimiyyəti məhz sərbəst toplaşmaq azadlığını pozmaqda ittiham edir. Yəni uşağa da aydındır ki, Azərbaycanda sərbəst toplaşma azadlığı yoxdur. Təkcə Ziyafət Əsgərova aydın deyilsə, mənim ona kömək etmək imkanım yoxdur. Çox təəssüf edirəm ki, ali hüquq təhsilli adam özünü bu səviyyəyə salıb”.
Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da şəhərin mərkəzində razılaşdırılmamış aksiya keçirməyə cəhd edib, polis qüvvələri aksiyanın qarşısını alıb.