Villalara gedən su xətti köçkünləri susuz qoyub (VİDEO)

Bina “Muğan İstirahət Mərkəzi” adlansa da,  sakinlər burada dinclik tapmırlar. Yay mövsümü başlayanda onların evinə gələn su kəsilir. Köçkünlər deyirlər ki, buna səbəb ətrafdakı villa sahiblərinin binanın su borularından həyətlərinə əlavə xətt çəkmələridir. “Yayda gəlirlər, nazir evidir, nədir… Yəqin ki, kasıb üçmərtəbəli ev tikə bilməz. Suyu döndərirlər həyətlərinə, qaçqınlara su gəlmir”-sakin Yusif Məmmədov deyir.

Şuşa şəhərindən köçkün Ofeliya Babayeva – “Buradan baxanda görünür, əksəriyyəti villalardır. Onların yanında da biz çox pis vəziyyətdə dolanırıq. Görürsən hər cür şəraitləri var, amma biz çox əziyyət çəkirik. Ən çox da sudan əziyyət çəkirik”.

86 yaşlı Gülarə Məmmədova da deyir ki, su istilər düşdükcə gəlmir.  “İndi gündə bir dəfə suyu vururlar, yayda o da olmayacaq”.

Valideyn Samirə Bayramova giley-güzar edir: “Məktəb qurtardı, bağlarda dincəlməyə gəldilərsə, bizdə su yoxdur. Fikirləşmirlər ki, burada bina var, tək biz deyilik. Bizdə su problemi müsibətdir. Maşını olan gedir özü üçün haradansa su gətirir. Maşını olmayan “batdı”. Hamı su istəyir, hamının körpəsi var”.

Yusif Məmmədov bildirir ki,  villa sahiblərindən onların xətlərinə niyə müdaxilə etdiklərini soruşanda zorakılıqla qarşılaşırlar. “ Elə evlər var su xətti həyətdən keçir, içəri girib deyə bilmirsən ki, “suyu niyə kəsmisiniz?” Borunu niyə zədələyib, deşmişiniz ki, oradan su götürəsiniz? Su xətti onların həyətinin içində qalıb.  Soruşanda zorakılıq edirlər, az qala “tapança” çıxarıb adamı vuralar”.

 “

Azərsu

” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirir ki, əvvəllər həmin əraziyə 24 saat su verilib. Amma bilinməyən səbəblərdən indi bina sakinlərinə yalnız gecə su verilir. Mətbuat katibi suyun  binaya çatmamasına villalara ayrılan xətlərin səbəb olması ilə bağlı hələ ki, bir söz deyə bilməyəcəyini vurğulayır: “ Magistral xətdən ora xətt ayrılır. Üstündə xeyli tələbatçı, istehlakçı var. Bizim Su-kanal idarəsi orada yoxlama aparacaq. Bu məsələni araşdırıb bir tədbir görəcəklər”.

Bina sakinləri isə suya olan ehtiyaclarını ödəmək üçün qonşuluqda kimin maşını varsa, ona su qablarını verib, növbə ilə evlərinə su daşıtdırırlar.

Ana səhifəVideoVillalara gedən su xətti köçkünləri susuz qoyub (VİDEO)