”Vidadi Zeynalova hər ay stabil olaraq 500 min manat verilib”

Məmməd Məmmədov: ”Bu sistem belə qurulub, belə də gedəcək”

Source:


Məmməd Məmmədov: ”Bu sistem belə qurulub, belə də gedəcək”

“”Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov nazirliyin nomenklaturası olduğuna görə, o, birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Baş mühasibin işə qəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyə əmrləri birbaşa nazirlik tərəfindən verilirdi”.

Bu fikirlər “Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləmiş Məhəmməd Məmmədovun ifadəsində yazılıb.

Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin məhkəmə prosesi davam etdirilib.


“Vidadi Zeynalov Oqtay Rüstəmova göstəriş vermişdi ki…”

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Məhəmməd Məmmədov ifadə verib. O bildirib ki, nəsə səhv olub və buna görə həbs olunublar. M. Məmmədov istintaq zamanı verdiyi ifadəni təsdiq edib.

İclasda onun istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində bildirib ki, 2004-cü ildən “Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib:

“2015-ci ildə “Aztelekom” İstehsalat Birliyinin bazasında “Aztelekom” MMC təsis edildi. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qurumu olduğundan MMC-nin fəaliyyətinə nazirliyin rəhbərliyi, yəni nazir Əli Abbasov, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, aparat rəhbəri Vidadi Zeynalov nəzarət edirdi.

 İltimas Məmmədov texniki məsələlərə, Elmir Vəlizadə informasiya texnologiyalarına, Vidadi Zeynalov isə maliyyə məsələlərinə nəzarət edirdi.

Vidadi Zeynalov Oqtay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pul toplayıb ona təqdim etsin. Oqtay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500.000 manat, 2014-2015-ci illərdə isə aylıq 200.000 manat pul verilib. Qeyd edilən vəsaitlər Oqtay Rüstəmov tərəfindən nağd olaraq toplanıb, həmin proseslərə  müdaxilə etmək, qarşısını almaq səlahiyyətlərim yox idi. Sadəcə olaraq, cəmiyyətin baş direktoru kimi gedən proseslərdən məlumatım olurdu”.


“”Azintelekom” MMC-nin hesabından köçürülən vəsait dolayı yolla Vidadi Zeynalova ödənilib”

 Sabiq baş direktor ifadəsində bildirib ki, RYTN-nə tabe olan struktur qurumlardan beynəlxalq trafik mübadiləsini təşkil edən “Azintelekom” MMC olub:

“Beynəlxalq telefon danışıqlarının mübadiləsi “Azintelekom” MMC ilə “Aztelekom” MMC-nin arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib. Müqavilənin şərtlərinə görə, xarici dövlətlərdən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən “Aztelekom” MMC-nin abunəçilərinə daxil olan telefon zənglərinə görə “Azintelekom” MMC “Aztelekom” MMC-yə, “Aztelekom” MMC-nin telefon abunəçilərindən xarici dövlətlərə edilən zənglərə görə isə “Aztelekom” MMC “Azintelekom” MMC-yə ödənişləri həyata keçirib. Beynəlxaq danışıq trafikinə görə xidmət göstərdiyi üçün “Azintelekom” MMC-dən “Aztelekom” MMC-nin hesabına aylıq 1.000.000-2.000.000 manat arası vəsait köçürülüb. “Azintelekom” MMC-nin hesabından köçürülən vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib. Belə ki, Vidadi Zeynalov baş mühasib Oqtay Rüstəmova göstəriş verdiyi üçün “Azintelekom” MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb.

 Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi, vəsaitlərin əsas hissəsi isə “Optik Rabitə Montaj”, “Optik Rabitə Tikinti və Quraşdırma”, “Rabitəçi İstirahət Bazası”, “Qafqaz-S İnşaat” və “Komplas” MMC-lərin hesablarına köçürülməklə, müxtəlif müqavilələr əsasında nağdılaşdırılaraq Oqtay Rüstəmovun vasitəsilə Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsi ilə köçürülürdü. “Aztelekom” MMC-nin bank hesabı “Kapitalbank” ASC-nin “Rabitə” filialında olub”

“Aztelekom” MMC kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyində olan digər struktur qurumlarının rəhbərləri tərəfindən aparat rəhbəri Vidadi Zeynalova aylıq vəsait vermələrini eşidirdim,  həmin ödənişlərin hansı məbləğ təşkil etməsini bilmirdim”.


“Krediti yeni layihələrə xərcləmişəm”

Vəkillərin sualların cavablandıran M. Məmmədov bildirib ki, tikinti-quraşdırma işləri nazirliyin göstərişi ilə həyata keçirilib və pullar da nazirliyin göstərişi ilə xərclənib. Vəkillər ondan Oqtay Rüstəmovun Vidadi Zeynalova pul verməsindən nə vaxt xəbər tutmasını soruşublar. O, suala cavab verməyib. İclasda məlum olub ki, M.Məmmədov işlədiyi dövrdə bankdan kredit götürüb. M.Məmmədov bunu təsdiq edərək, krediti yeni layihələrə xərcləndiyini deyib. Bildirib ki, krediti götürəndə nazirlik ona zəmanət məktubu verib.

Suallara cavab olaraq M. Məmmədov deyib ki, O.Rüstəmov nazirliyin namenklaturası olub:

“Oqtay gəlirdi yanıma, deyirdi ki, nazirlikdən göstəriş var. Bu qədər pul filan yerə köçürülməlidir, lakin ad çəkmirdi”.


Vəkillər arasında mübahisə yaranıb

İclasda V.Zeynalovun vəkili Ceyhun Yusifovla M.Məmmədovun vəkili Şahin Rəfiyev arasında mübahisə baş verib. Hakim onlara xəbərdarlıq edib. V. Zeynalovun vəkili M. Məmmədovdan konkret ad çəkməyi tələb edib:

“Vidadi Zeynalov nazir olmayıb. İctimaiyyəti çaşdırmaq lazım deyil”. M.Məmmədov isə V.Zeynalovun adını çəkmədiyini deyib:

“Vəkillər istəyirlər ki, ad çəkim, amma çəkməyəcəm. Bu sistem belə qurulub, belə də gedəcək. Orada Vidadi yox, başqası olsaydı, onun adı çəkiləcəkdi”.


“İlk dəfə ifadə verəndə şokda idim”

Daha sonra təqsirləndirilən şəxslərdən Oqtay Rüstəmov ifadə verib. Bildirib ki, “Aztelekom” MMC-də baş mühasib işləyib. O bildirib ki, V.Zeynalovla heç bir əlaqəsi olmayıb, ona pul verməyib:

“İstintaq zamanı da dedim ki, bizi üzləşdirin, lakin etmədilər. Mən mühasib olmuşam, öhdəmdə heç bir dövlət əmlakı olmayıb. İşlərin həcminin artırılması, qiymətlərin şişirdilməsi mənim səlahiyyətimdə olmayıb. Mən ilk dəfə ifadə verəndə şokda idim. İlk dəfə idi müstəntiq qarşısında oturmuşdum. İnanmırdım ki, kimisə tutarlar. Orada mən deməmişəm ki, Vidadi Zeynalova pul vermişəm”.

Daha sonra onun istintaqa verdiyi ifadə elan edilib. Həmin ifadəsində O. Rüstəmov V. Zeynalova ayda 200 min  manat pul verdiyini deyib:

“İşimi itirmək istəmirdim. Ona görə də Vidadi Zeynalovun dediklərini etmişəm. Hər ay qeyd edilən şəxslərdən yığılan pulları aparıb Vidadi Zeynalova verirdim. Onun həmin pulları kiməsə verməsindən xəbərim yoxdur”. Lakin O. Rüstəmov həmin ifadəni təsdiq etməyib.




“Vidadi Zeynalovla aramda 10 pillə var idi”

Fasilədən sonra O. Rüstəmov sualları cavablandırıb. Bildirib ki, V. Zeynalova pul verməyib və ondan paket almayıb:

“Mənim onunla heç bir əlaqəm olmayıb. Vidadi Zeynalovla aramda 10 pillə var idi. Onun kabinetinin qarşısında, nazirlikdə kameralar var. İstəsəniz baxa bilərsiniz”. O, ittiham üzrə özünü təqsirli bilmədiyini deyib:

“Ayda iki dəfə “Aztelekom”da pul vəsaitlərinin xərclənməsi barədə toplantı olurdu. Bütün qovşaq rəisləri orada iştirak edirdi. Kim artıq, kim az xərcləyib bilinirdi. Düzgün xərcələməyənlər haqqında tədbir görülürdü”.

Suallara cavab olaraq O.Rüstəmov bildirib ki, vəzifəyə təyinatının kim tərəfindən olmasını xatırlamır:

“Hər halda Məhəmməd Məmmədov təsdiq etməsəydi, təyinat olmazdı”. O göstərişi kimdən alması barədə sualı cavablandırmayıb. Məhəmməd Məmmədov isə ondan göstərişi kimdən almasını deməsini istəyib:

“Vəkillər istəyir ad çəkəsən. Göstərişi Vidadi Zeynalovdan aldığını de”. V.Zeynalovun vəkili Ceyhun Yusifov isə ona etiraz edib:



“Vidadi Zeynalov kimdir ki? Niyə demirsiniz ki, Əli Abbasovdan almısınız?”

M.Məmmədov isə Əli Abbasovdan göstəriş almadıqlarını deyib. Prokuror Fərid Nağıyev isə deyib ki, vəkil Ceyhun Yusifovun vəkilliyinə xitam verilməlidir: “Görürük, şahid kimi danışır. Gəlsin Ceyhun Yusifov şahid kimi danışsın”.

Daha sonra O. Rüstəmov psixoloji xəstəlikdən əziyyət çəkdiyini, Maştağada yerləşən Ruhi Əsəb Xəstəxanasında yatdığını da deyib. İclasda hakim Fikrət Qəribov isə vəkillərə irad bildirib:

“Burada jurnalistlər oturub. Gedib yazanda da deyirsinz, jurnalistlər niyə yazır. Peşənizə hörmət edin. Üç vəkil birdən danışır. Ali təhsilli adamlarıq. Ayıbdı, heç olmasa müəllimlərimizin ruhlarına hörmət edək. Bizi belə öyrəyətməyiblər axı. İcazəsiz danışmaq olmaz”.

Daha sonra V.Zeynalovun vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edib. O, V.Zeynalovun ittiham aktını almadığını, şahidlərdən sonra ifadə vermək istədiyini deyib. Məhkəmədə V.Zeynalova ittiham aktı təqdim edilib. V. Zeynalov növbəti iclasda ifadə verəcəyini deyib.

Proses dekabrın 14-də davam edəcək.

Ana səhifəXəbərlər”Vidadi Zeynalova hər ay stabil olaraq 500 min manat verilib”