Vidadi Zeynalov məhkəmədə ifadə vermək istəmir

“Şahidlər gəlməsə, ifadə verməyəcəm”

Source:
Vidadi Zeynalov


“Şahidlər gəlməsə, ifadə verməyəcəm”

Fevralın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, prosesdə hakim Əfqan Hacıyev bir neçə şahidin müəyyən səbəblərdən prosesə gələ bilməmələri ilə bağlı məhkəməyə teleqram vurduqlarını deyib.

Sabiq aparar rəhbəri Vidadi Zeynalov isə buna etiraz edib və deyib: “Mən ifadə verməyəcəm deyəndə deyirsiniz ki, istintaqa ifadəm qəbul ediləcək. İndi bu adamlar niyə gəlib ifadə vermir? Niyə oların ifadəsi qəbul edilir?”

Hakim isə V.Zeynalovun dediklərinə belə cavab verib: “Əgər şahidin məhkəməyə gəlmək imkanı yoxdursa və təqsirləndirilən şəxs ifadə vermirsə, onun istintaqa ifadəsi elan edilir və məhkəmə tərəfindən qəbul edilir”.

Məhkəmədə hakim Vidadi Zeynalova növbəti dəfə ifadə verməyi təklif edib.

Vidadi Zeynalov isə Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəməyə əlavə şahid kimi gətirilməsini istəyib: “Əgər onlar gəlməsə, mən ifadə verməyəcəm. İttihamda qeyd edilən şişirdilmiş qiymətləri Maliyyə Nazirliyinin əməkdaşları qeyd edib. Onlar gəlib suallara cavab verməlidir”.

Vidadi Zeynalovun bu təklifi ilə bağlı vəkilləri məhkəməyə yazılı vəsatət təqdim edəcəklərini bildiriblər. Digər vəkillər də vəsatətin təmin edilməsini müdafiə ediblər.

Prokuror Fərid Nağıyev isə hazırda digər şahidlərlə bağlı məsələ tam yekunlaşmadığından vəsatətin baxılmamış saxlanmasını istəyib.

Məhkəmə yerində müşavirə edərək vəsatətin hazırki mərhələdə baxılmamış saxlanıldığını elan edib.

Vidadi Zeynalov buna da etirazını bildirib: “Bu qədər insanın taleyini necə kənara ata bilərsiz? Mənim Maliyyə Nazirliyinin işçilərinə suallarım var. Ekspertiza yenidən aparılmalıdır. İttihamda yazılan rəqəmlərin necə şişirdildiyi aydınlaşdırılmalıdır”.

Hakim məhkəmənin Vidadi Zeynalova vaxt verdiyini deyib və əgər növbəti dəfə ifadə verməsə istintaqa ifadəsinin elan ediləcəyini və həmin ifadənin qəbul olunacağını bildirib.

Məhkəmə prosesi fevralın 17-də davam edəcək.

İttihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Ana səhifəXəbərlərVidadi Zeynalov məhkəmədə ifadə vermək istəmir