Azərbaycan dilində bir neçə “vicdan”lı ifadə var: vicdanlı olmaq, vicdansız olmaq, vicdan əzabı, vicdan hissi, vicdanı təmiz olmaq, vicdanı ləkəli olmaq, vicdan ləkəsi, vicdanın səsi (susması), vicdan məhkəməsi, vicdan oyatmaq, vicdanına tapşırmaq, əlini vicdanına (vicdanının üstünə) qoymaq, vicdanı yol verməmək, və nəhayət, son illərdə dilimizə keçən vicdan azadlığı və vicdan məhbusluğu.
Almandilli sferada, yuxarıdakılardan “vicdan hissi” və “əlini vicdanına (vicdanının üstünə) qoymağ”ı çıxmaq şərtilə, bunlara əlavə olaraq belə “vicdan”lı ifadələr də vardır: vicdani qərar, vicdan konflikti, vicdani sıxıntı, vicdan yoxlaması, vicdan məsələsi, vicdan qorxusu, vicdan dişləməsi, vicdan qurdu (pis vicdan anlamında), vicdana qulaq asmaq (ya da asmamaq), vicdan sorğu-sualı (vicdanla haqq-hesabı), vicdana istinad etmək (vicdanı dəlil kimi göstərmək), vicdanına səslənmək, vicdan formalaşdırmaq, vicdanı inkişaf etdirmək, vicdanını kəskinləşdirmək, vicdanını kultivasiya etmək, xalqın və yaxud bütövlükdə insanlığın vicdanı olmaq, vicdan evliliyi (katolik hüquqlarına görə, qanuni olmayan bir münasibəti leqallaşdırmaq üçün gizli bağlanmış nigah), vicdan araşdırması (kilsədə günahları dinləyən instansiya qarşısında, bir katolikin özünün-özünə qarşı apardığı vicdan sorğu-sualı və etirafları) və nəhayət, vicdani səbəblər. Söz yox, bu ifadələr dilimizdə olmasa da, ancaq onları anlamaq olur.
Alman dilində “vicdan”lı ifadələrin çoxluğuna baxmayaraq, canlı söhbətlərində belə ifadələrə rast gəlmə sıxlığı elə də çox deyil. Bunlardan ən işlək olanı “vicdani səbəblər”dir. Lakin almandilli fəlsəfi ədəbiyyatda spesifik olaraq, geniş-dar vicdan, güclü-zəif vicdan, vasvası-laqeyd vicdan, incə-kobud vicdan kimi ifadələr də vardır.
Azərbaycan dilində “vicdan”lı ifadələrin azlığı, buna sıx bağlı olaraq da vicdani təsəvvürümüzün darlığı, görəsən, nə ilə bağlı ola bilər? Burada indilik iki səbəb göstərmək olar:
Birinci səbəb: İslami dünyagörüşdə vicdana geniş yer verilməmiş olmasıdır. Çünki islam dünyagörüşü insanları yüzillərlə allahın qəhri və cəhənnəm əzabı ilə qorxutmağa çalışmaq və buna arxayın olmaqla daxili-avtonom dünyəvi nəzarət mexanizması kimi vicdanın inkişafına elə də maraq göstərməmişdir. Təsadüfi deyil ki, Orta Əsrlər klassik islam mütəfəkkirlərindən heç biri vicdan anlayışı mövzusunu işləməyiblər. Ümumiyyətlə, onların Torada (və Quranda) qəlb adı ilə başlanan vicdan anlayışının St.Paul, Augustinus, Th.Aquinas, reformator M.Luther kimi yəhudi-xristian mütəfəkkirlərlə sonrakı inkişafında heç bir rolları olmamışdır. İndiki islamçıların ritorikasında da vicdana geniş yer verilməməkdədir. Bü günkü fəlsəfi vicdan nəzəriyyələri və modelləri hamısı yəhudi-xristian mənşəlidir.
İkinci səbəb: Uzun əsrlər boyunca Azərbaycan insanının azad olmamasıdır. Çünki vicdan ancaq azadlıqda böyüyüb yetişə bilir. Dış nəzarətin güclü olduğu yerdə, nökərdə vicdan doğulmamalı, ya da cır qalmalıdır. Buna əlavə olaraq, uşağını ona sərbəstlik və azadlıq vermədən böyüdən ənənəvi azərbaycanlı ailəsinin vicdanboğucu tərbiyəsini də unutmayaq. Göstərdiyimiz bu səbəb alman antropoloqu və sosioloqu A. Gehlen-in vicdan nəzəriyyəsindəki səbəb-nəticəyə də uyğun gəlir. Gehlen-in nəzəriyyəsinə görə, vicdan – insanlar üzərində qıraqdan həyata keçirilən idarəetmənin və nəzarətin tarixən azalması ilə birlikdə, kompensator kimi güclənmişdir. Bu nəzəriyyə avtonom və vicdanlı çağdaş Avropa insanını uğurla şərh edə bilir.
***
Vicdan – özümüzdən narazı qalmağa, məmnun olmamağa səbəb ola bilir. Vicdan əzabını, vicdani peşmanlığın ağrısını çoxumuz tanıyırıq, ancaq bir də vicdan həzzi var. Özü də bu həzzi süni olaraq da yaratmaq olur. Məsələn, bir də görürsən, bəzən bizim özümüzün xoşumuza gəlməyən bir adamın özünün-özündən xoşu gəlsin deyə, bizə yaxşılıq etmək istəyir. Bu, əslində bizə yaxşılıq deyil, o şəxsin vicdan həzzi almaq üçün özünün-özüylə masturbativ oyunudur.
(Bu sətirlərin müəllifi həyatda qarşılaşdığı belə “insanlıq”lara hər dəfə yox cavabı verib. Ancaq “Məni vur!” deyən mazoxistə “Vurmayacağam!” cavabı verən sadistin anekdotunda olduğu kimi sadistliyindən yox, yaxşılığın ambivalent xarakterini bir az bildiyindən. Bəzən də əksinə, gözəl və sadə bir insandan, vicdanı onu sevindirsin deyə, o, vicdan həzzi alsın deyə, ondan hətta ehtiyacı olmayan insanlığı da qəbul edib).
Özünə süni vicdan həzzi verməyə paralel formada zalım adamların da mazoxist vicdanı ola bilməzmi? Süni vicdan həzzi yaratmaq mümkün olduğu kimi, süni vicdan ağrısı da yaratmaq mümkündür. Qəddarlıqda yəqin ki, belə bir neqativ həzz də var.
Hər gün vicdansızlıq edib, hər gecə vicdan ağrısı çəkənə vicdansız demək olarmı?
***
Vicdansızlıqda bilə-biləlik əsas ölçü daşıdır. Özünə xeyir olacaq deyə, Başqasına xəyanət etdiyini BİLƏ-BİLƏ düşündüyünü düşünməyə davam edir, həqiqəti BİLƏ-BİLƏ yenə də başqa cür danışır, ya da yazır, etdiyinin pis iş olduğunu BİLƏ-BİLƏ yenə də onu edir. Vicdanı təmiz olmaq, əslində niyyəti təmiz olmaq deməkdir. Bu isə sonda alınacaq nəticəni bilməmək deməkdir. Qaşı qayırmaq istədiyim yerdə gözü çıxarda biləcəyimi bilmirdim, – niyyətin və vicdanın təmizliyi budur. Azərbaycanlı mentalitetində isə əsas ölçü və tələb sənin qaşı qayırmaq kimi BİLDİYİN yaxşı niyyətin (təmiz vicdanın) yox, gözü çıxarmamaq kimi qabaqcadan BİLMƏDİYİN nəticənin meydana gəlib-gəlməməsidir. Gözü çıxartdınsa, qaşı qayırmaq niyyətin (təmiz vicdanın) heç kimin tükünə də olmayacaq.
Vicdansızlıqda bilə-biləlik əsas ölçü daşı olduğu üçün yalançılıq ən ilkin və ən ibtidai vicdansızlıqdır. Buna görə də vicdansız adam dedikdə, ilk sırada yalançı adam gözümüzün qarşısında canlanır. (Yalanın yanlışdan fərqi, birincinin bilə-bilə danışılmasıdır. Buna görə də, yanılıb pis iş görmək vicdansızlıq deyil. Düzdür, bilməmək vicdan ağrısı yaratmasa da, ancaq tanımadan atasını öldürüb, bilmədən anası ilə evlənən Ödipus-un peşmanlıq ağrısı o səviyyədə olur ki, o, gözlərini iynə ilə deşib, özünü kor dilənçi edərək cəzalandırır). Vicdansızlıq – sizə öz yalanı ilə qalib gələn insanın daldada xısın-xısın sizə hırıldamasıdır. Vicdansız – vicdansızlıq etdiyini biləndir.
Yalandan üzünüzə duran, sizi şərləyən, sizə böhtan atan adamın gözlərinin içinə baxırsınız. Hələ də son umudunuz var ki, yox, çəkiləcək, belə etməyəcək, etsə də, axşam vicdanı dirəyəcək onu divara, uzaqbaşı ertəsi gün gəlib deyəcək ki, olmayıb belə hadisə, böhtan idi hamısı. Orada, onun vicdanına, sizin ondakı tərəfdarınıza və indi sizin son çarənizə umud edirsiniz. Bəlkə hələ də umud edirsiniz ki, bir gün bir üzr istəyən məktub alacaqsınız, “Bağışla məni, o vaxt vicdansızlıq etdim sənə”, deyə başlayan. Bəlkə də o vaxt o da sizin vicdansızlığınıza heyrət edir, ertəsi gün sizdən vicdanlı bir etiraf gözləyirdi. Kim bilir, bəlkə bizdən də belə bir vicdan məktubu gözləyənlər vardır.
Bəzən birisinin vicdanına umud etdiyimiz kimi, onun vicdanını sınaya da bilirik. Məsələn, Azərbaycanda kiçik ödəniş prosesinin əvvəlində pulu ödəyib, görüşün sonunda guya unutqanlıqdan “mən pulu ödəyim” deyib əlini yenidən cibinə salırsan və adamın “sən pulu ödədin axı” deməsini gözləyirsən. Onu ciddi vicdan narahatlığına, dərin tərəddüd əzabına salırsan. Hansını söyləsə, axşam peşman olacaqdır. Bu tələni, burada, Almaniyada bir almana quranda o, heç nəfəsi ilə də tərəddüd etmir, sizin unutqanlığınıza təəccüb içində “artıq ödəmisiniz!” deyir. O qədər vicdanla çalışırlar ki, vicdanlı olub-olmama dilemması da yaşamırlar.
“Vicdanla çalışmaq” işə götürən tərəfindən şəxsiyyətin dəyərləndirilməsi üçün Qərbdə tətbiq edilən “beş faktor modeli”nin (almanlar FFM, ingilislər Big Five deyirlər) tələblərindən biridir. Vicdanla çalışmaq – səliqəli, məsuliyyətli, etinalı, planlı, doğruçu, təmiz çalışmaq deməkdir. Xüsusi məsuliyyət tələb edən peşə və vəzifələr bir qırağa, adicə bir alman fəhləsinin işinə şahid olanlar “vicdanla çalışmaq” anlayışının nə demək olduğunu yaxşı başa düşürlər. İşçinin vicdanlılığı bizə hər hansı bir işi güvənlə ona tapşıra bilmək rahatlığı verir. Müsəlman kültüründən Avropaya gələnlər isə avropalının avropalıya güvənini öz arşınları ilə məkrli yozmağa meyllidirlər. Azərbaycan kültüründə tərbiyə almış və bu kültürün çürüklüyünü görməyən bir insanın (prezidentindən metroda jeton satanınacan) vicdanla çalışacağını gözləyə, ona arxayın ola, güvənə bilərikmi? Başqasına arxayınlıq və güvən əslində onun vicdanına arxayınlıq və güvəndir. Azərbaycan insanının bir-birinə sosial güvənsizliyinin, “birləşə bilmək sənəti”ndə (Tocqueville) uğursuzluğunun səbəblərindən biri də onların bir-birlərini qarşılıqlı olaraq öz vicdanlarına tapşıra bilmədiklərindəndir.
Beş faktor modelinin digər dörd ölçüsünü də yazsaq, postindustrial Qərb cəmiyyətlərində bir işəgötürənin tələbləri haqqında oxucunun təsəvvürləri tamamlanmış olar: nevrotik olmamaq (yəni emosional stabillik tələb olunur), qaraqabaq olmamaq (optimist və gülərüz olmaq tələb olunur), empatik olmaq (həssas və köməyəhazır olmaq tələb olunur) və yeniliklərə açıq olmaq.
***
Bir insanın öz işində vicdanla (səliqəli, məsuliyyətli, etinalı, planlı, doğruçu, təmiz) çalışmadığını görmək, dilinə gətirmək, bunu məhkəmədə sübut etmək mümkündür, ancaq Başqasına qıraqdan vicdansız demək imkanımız və haqqımız varmı? Varsa, necə var? Ümumiyyətlə, Başqasına “Sən vicdansızsan!” hökmünü həmişə vicdanla vermək olurmı?
Özünü hələ vicdansız saymayan bir şəxsin vicdansızlıq etdiyini sandığımız vaxtlar olur. Bizi hələ heç kim vicdansız saymasa da, özümüzü vicdansız bildiyimiz vaxtlar olur. Özü-özünü vicdansız saymayan, özü-özünə vicdansız deməyən bir şəxsi Başqasının vicdansız saymaq imkanı və adlandırmaq haqqı varmı? Qaça bilməsin deyə iti bir əli ilə bağlayıb, digər əli ilə də onu ağacla vura-vura öldürən, bütün bunları da toyuq-cücələrini yeyib deyə, atasının tapşırığı ilə edən 16 yaşlı azərbaycanlı yeniyetməyə vicdan ağrısı çəkdirmək mümkündürmü? Bəs, Jan Hus, Giordano Bruno kimi şəxsləri tonqalda diri-diri yandırmaq (autodafe) hökmü çıxaran inkvizisiya hakimlərinin; stalinlərin, bağırovların; cəza kimi adamın başını qılıncla kəsmək hökmü çıxaran islam şəriəti hakimlərinin vicdanını necə dilə gətirmək, necə oyadıb ağrıtmaq olardı?
Davam edəcəyəm.
Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.