Vicdan fahişələrinə bəraət qazandıranlar…

Günelin ermənilərdən üzr istəməyini qəbul etmirəm…

Source:

Bizimkilərin böyük əksəriyyətinin ən sevdiyi hobbi ona-buna qulp bağlamaqdır. Həqiqətən də bundan zövq alırlar. Xösusilə də, uğurlu adamlara. Yaxın-uzaq qohumlarından tutmuş, qonşuların, dövlət rəsmilərinin, tanınmış insanlarının hamısına qulp bağlayırlar . Belə insanlar ilk dəfə gördükləri insan haqqında elə böyük, analitik şərhlər verirlər ki, dünyanın məşhur psixoloqlarının rəyi bunların yanında qələt edir. Bu rəylərin 99 faizi mənfi rəylərdir.

Bu insanların guya, ən əsas simvolları milli mentalitetimizdir. Milli mentaliteti də təhrif edib, ora sarı gəlin, dolma, bozbaş və bakirəliyi əsas amillər kimi salıblar. Bunun səbəbləri çoxdur. İnsanların çoxu öz həaytını yaşaya bilmir, ya da yaşadığı həayet çox maraqsızdı, gününə rıng qatmağa çalışır, var olduğunu, mövcud oldüğünü göstərmək istəyir və s.

Ən pisi budu ki, bu insanlar həmişə özlərini vətənpərvər kimi göstərməyə çalışırlar. Təbii ki, çoxu bunu görüntü naminə, imic naminə edirlər. Belə insanlara bədii dildə psevdovətənpərvər deyilir. Loru dildə desək – vətənşüvən…

Bəzi kişi cinsindən olan insanlar var ki, ermənilərin, bizim milli musiqimiz olan “Sarı gəlin” i dünya mətbuatında  özününkü kimi təqdim etməsinə öz çaplarında ən sərt reaksiya verirlər. Amma öz ölkəmizdə millətin gəlininə söz atıb, onu yoldan çıxartmağa çalışırlar…Sarı Gəlinin dərdin çəkirlər, amma qonşu gəlinin qeyrətin çəkmirlər. Nə var “sarı gəlin” qeyrəti çəkməyə? Adam  yaxşı, vətənpərvər oğlan olur xalqın gözündə. Amma qonşu gəlinə söz atan bir boynuyoğuna cavab vermek təhlükəlidir. Adamı elə günə qoyarlar ki…

İdeya fahişələrinə, vicdan fahişələrinə bəraət qazandıranlar, onlara baş əyənlər var ki, qısa paltar geyinən, yolda üz-üzə gələndə kişinin gözlərinə baxan, restoranda işləyən, gecə işdən evə gec gələn, siqaret çəkən, birini sevib ayrılan, nişanı qayıdan, ən əsası, ərindən boşanan qadınlara fahişə deyirlər. Amma xalq artisti var ki, hamı onun sutenyorluq elədiyini bilir, heç kim də səsini çıxarmır.

Bu yaxında Günel Mövludun bir yazısı çıxmışdı. Ermənistan və Azərbaycan xalqının oxşar  talelərindən bəhs edir. Yazı humanistlik üzərində qurulmuşdu və Azərbaycan və Erməni xalqının müharibə və müharibədən sonrakı iztirabları qeyd edilmişdi. Azərbaycanda olan məmur özbaşınalığı və yerlipərəstlikdən danışmışdı. Düzdür, mən Günelin ermənilərdən üzr istəməyini qəbul etmirəm və bununla da onu müdafiə etməyə çalışmıram.

Amma bu yazı sosial mediada böyük ajiotaj yaratdı. Günelə qarşı ən təhqiramiz  ifadələr işlədib, ona vətən xaini damğası vurdular. Bu insanlar bu yazıdan bir iki həftə qabaq Azərbaycan kişilərini təhqir edən, Bakı şəhər icra hakimi Hacıbala Abutalıbova bir  tutarlı cavab verə bilmədilər. Bir neçə il əvvəl Ermənistana səfər edən bəzi yazarları topa tutmuşdular. Akif Nağının hərəkatı onlara ölüm hökmü çıxarmışdı. Hamı, bütün xalq onları söyür və lənətləyirdi. Amma dövlət rəsmilərindən olan Polad Bülbül oğlu, Fərhad Bədəlbəyli və Allahşükür Paşazadə Ermənistana səfər edəndə, onlar üçün heç bir söz demədilər. Hamı susdu.

Bəli, xislətləri budur. Vəzifəsi və arxası olan adam görəndə səsləri çıxmır. Amma gücsüz adam görən kimi vətənpərvər damarları dombalır. Günelin yazısına hətta deputat Aydın Mirzəzadədə Xocalı faciəsinin bu yaxındakı il dönümündə öz facebook profilindən sərt rəy bildirmişdi. Amma Aydın bəy ölkədə Qarabağ əlilinin intiharına səbəb olan məmurlara bir kəlmə də öz səsini çıxartmamışdı.

Güneli topa tutanların rəyindən belə nəticəyə gəlmək olar ki, sanki Qarabağı və 7 rayonumuzu Günel Ermənilərə təhvil verib, işğal olunmuş torpaqlardan 10 metr torpaq azad etməyin qarşısını da Günel alır və səbirsizliklə gözlədiyimiz “lazım” ın qarşısındakı ən böyük maneə məhz Güneldir.

Sivil cəmiyyətin inkişafının əsasını tolerantlıq, başqalarına və onların fikirlərinə hörmət təşkil edir. Çünki nə qədər çox fikirli olsa bir o qədərdə inkişaf edəcək. Başqalarını bəyənməyib onları qəbul etmiyə bilərik. Amma onların fikirlərini qəbul etmək insanlıq borcumuzdur. Bədgümanlıq etmək, İslam dininə görə böyük günahlardan sayılır. Əziz, özünü müsəlman sayıb, başqasına qarşı min gümanda olub, min rəy bildirən xalqım. Ağlımıza və dilimizə sahib olaq.

Ana səhifəMənim FikrimcəVicdan fahişələrinə bəraət qazandıranlar…