Vəzifəli şəxsə hədə-qorxu gəlməkdə ittiham olunan kanal əməkdaşlarına hökm oxunub

İlqar Atayev və Sənan Abdullayev

Zərərçəkmişlər barışıq ərizəsi versə də, nəzərə alınmayıb

“Xəbər kanalı” adlı internet kanalının yaradıcısı Sənan Abdullayev və il yarıma yaxındır onunla birlikdə həbsdə olan İlqar Atayevin (sosial mediada daha çox Atabəyli kimi tanınır-red.) məhkəməsi yekunlaşıb. Dekabrın 12-də Gəncə Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hakim Faiq Mahmudovun sədrliyilə çıxarılan hökmə əsasən, onların hər biri 5 il 6 ay azadlıqdan məhrum edilib. Həm Sənan Abdullayev, həm də İlqar Atayev Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb-etmə) maddəsilə təqsirli bilinib.

Lakin adları çəkilən şəxslər özlərini təqsirli bilmir, kimsədən hədə-qorxu ilə pul tələb etmədiklərini deyirlər.

Zərərçəkmiş qismində 5 nəfər tanınıb. Onların arasında Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva da var.

Məlumata görə, zərərçəkmişlərin hamısı məhkəməyə barışıq ərizəsi təqdim ediblər, təqsirləndirilən şəxslərdən şikayət və tələbləri olmadıqlarını bildiriblər.

Buna baxmayaraq, prokuror onlara 7 il həbs cəzası verilməsini istəyib. Hakim də 5 il 6 ay azadlıqdan məhrum edib.

Cinayət işinin materiallarında iddia olunur ki, Sənan Abdullayev “Youtube” platformasında 2012-ci ildə “Xəbər kanalı” səhifəsini yaradıb. Birgə çəkiliş apardığı İlqar Atayevlə 2021-ci ilin əvvəllərindən Goranboy Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməllərə yol vermələri barədə video-materiallar yayıb. İddiaya görə, sonradan həmin materialların səhifədən silinməsi üçün icra hakimiyyətinin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat pul tələb edib və alanda da saxlanılıblar.

Ana səhifəXəbərlərVəzifəli şəxsə hədə-qorxu gəlməkdə ittiham olunan kanal əməkdaşlarına hökm oxunub