Fəxrlə özünə əsl döyüşçü deyən Akif Əliyev, bu cür həyatı yaşayan yeganə qazi deyil. Onun kimi Qarabağ savaşında sağlamlığı ilə yanaşı, həyatı da olmazın itgilərini görmüş qazilər ordusu var bu ölkədə.
“Buranın palçığından protezlərim də çürüyüb xarab olur”
Dərnəgüldə tramvay parkının yaxınlığındakı yataqxanaların əksəriyyətində məcburi köçkünlər yaşayır. Buradakı uçuq-sökük binalar, çəkilən su boruları, kanalizasiyanın daşdığı həyət, həyətlərin önündəki qaçqın bazarı, bir də səmənilər, 21-22 illik məcburi köçkün yaşayşı var ərazinin… Bu ərazidə hər iki ayağını müharibədə itirmiş Qarabağ qazisi Arif Əliyev də yaşayır.
“Kanalizasiya daşıb deyə protez ayaqqabılarım batır. Onları da qızlar təmizləyir. Protez yuyulası deyil ki, çıxarıb verəm yuyalar. Çürüyür, xarab olur. Tez-tez alası halım da yoxdur. Yayda isə buranın vəziyyəti daha betər olur. Maşını gördünüz – AKA. Onun yanına uzunboğaz rezin çəkmə olmadan yaxınlaşmaq olmur. Pəncərələri də aça bilmirik. Hələ ən təmiz otaq mənimkidir. Qonşu otağa keçsəniz iyi bu dəqiqə də hiss edərsiniz” – deyir Akif Əliyev.
Beş nəfərin sığındığı bir olaq – türkiyəli tələbə qızın qaziyə hədiyyəsi
Birinci qrup əlil olan Qarabağ qazisi üç qız atasıdır. Qızlarının ikisi orta məktəbi bitirib, evin kiçiyi isə 9-cu sinifdə təhsil alır. Bütün ailə yataqxananın cəmi bir otağına sığınıb. Əslən Ağdam rayonunun Sarıcallar kəndindəndir. İşğal altında olan kəndindən 21 il bundan öncə çıxıb. Əslində çıxmayıb, döyüşə gedib. Hazırda Dərnəgüldə tələbələr üçün nəzərdə tutulan yataqxanada yaşayır. O yataqxananı da ona dövlət verməyib. Həmin vaxt Türkiyədən Azərbaycana təhsil almağa gəlmiş tələbə qızın otağı olub.
“Mən polis işçisi olmuşam. 1993-cü ildə Ağdamda yaralanmışam. Daxili İşlər Nazirliyinin hospitalında yatmışam. Orda müalicə alırdım. O vaxtı xanımlar, qızlar, tələbələr bizə baş çəkirdilər. Bu otaqda Türkiyədən tələbə qız qalırdı. Məcburi köçkünlər zorla tuturdular otaqları. Qız da mənə təhsil müddətinin bitdiyini və gedəcəyini dedi. Otağını mənim üçün saxladı. Qıza da yol pulunu yığıb verdik getdi. 1995-ci ildə də ailə həyatı qurmuşam. Uşaqların hamısı bu bir otağın içində anadan olub. Həm torpağım gedib, həm əllərim şikəst olub, bir ayağım dibindən yoxdu, o biri ayağım da dizdən…”
Döyüşə könüllü gedən qazinin könül açmayan həyatı
Müharibə zamanında A.Əliyev gecə polisində işləyib. Ordan könüllü döyüşə gedib:
“1988-ci ildə gəlmişəm əsgərlikdən, orduya yazılmışam. Sonra polk yarandı ora qoşuldum. Ağdamın işğalı günü isə qaçmadım. Minamyot apardı ayaqlarımı. Bütün bədənim qəlpədir. Üç dəfə milli qəhrəmanlığa təqdimatım olub. Sevan gölünə qədər gedib çıxmışam. Laçın, Kəlbəcər, Şuşa, Ağdarə, Füzuli, Cəbrayıl, hamısında olmuşam. İyulun 23-də yaralanmışam”.
Qarabağ qazisi 1996-cı ildən ev üçün müraciət etdiyini söyləyir. Bu vaxtadək ona heç yerdə ev verilmədiyini deyir:
“Hansının qapısını döyürsən, deyirlər ki, mənim də qardaşım şəhid olub, mənim də əmim oğlu şəhid olub. Mən həm məcburi köçkünəm, həm də əliləm. Yeddinci mikrorayonda məcburi köçkünlər üçün neçə bina ucaltdılar. Bir nəfərə burdan ev vermək olmazdı? Mən onlara sual verirəm. Daxili işlər naziri Ramil Usubova sual verirəm, 40 dəfə yazmışam. Bir dəfə məni qəbul eləmir. Niyə?” – deyə, soruşur qazi.
“Bizi də yerləşdir də ay prezident!”
Arif Əliyev onlara göstərilən biganə münasibəti heç düşməninə də arzulamadığını deyir:
“Bizə bu münasibətlərinin səbəbini açıq desinlər, xalq da bilsin ki, biz ermənilərə güllə atdığımıza görə xalq düşməniyik. Açıq desinlər bunu bilək, qınımıza çəkilib oturaq. Onsuz da qırıla-qırıla gedirik. Zaur Həsənov mənim dostum olub. Bir dənə balaca obyekti vardı. Beş baş ailəsi olub. Niyə Cabir Quliyev özünə qəsd etməlidir? Yataqxanalarda Qarabağ əlilləri var. Həsən var burda, o da yataqxanada yaşayır. Bir dənə bina tikib, məcburi köçkün olan Qarabağ qazilərini yerləşdirmək olmazmı? Uşaq baxçalarından çıxarırlar. Köhnə yataqxanaları köçürüb villalar tikilir. Binalar tikiləndə bir mərtəbə artıq elə, bizi də yerləşdir də ay prezident!”
Qarabağ qazisinin ailəsində heç kəs işləmir, yoldaşı da onun vəziyyəti ilə əlaqədar heç vaxt işləyə bilməyib:
“Əlim yoxdu gedəm nə isə satam, ayağım yoxdu ki, ayaq üstə nə isə edəm. Hələ guya mənə ən yüksək pensiya verirlər, 430 manat, 110 manat da prezident təqaüdüdür. Üç qızım var. Sabah bu qapını döyəndə mən nə etməliyəm?”.
Qazi protez ayaqlarını İranda düzəltdirib. Bakıda düzəldilən protezlərin onu incitdiyi üçün İrana gedib. Bu işdə ona Daxili İşlər Nazirliyinin Hospitalının rəisi kömək edib:
“Gecə protezlərimi çıxaranda qızlarım otaqdan çıxmalı olur”
“Bunu da 20 il bundan öncə düzəltdirmişəm. Artıq köhnəlib. Baxın, neçə yerini skoçlamışam”. – deyə, şalvarının ayağını yuxarı çəkib nimdaş protezlərini göstərir.
Minomyot mərmisinin qəlpələri hələ də qazinin bədənində qalmaqdadır. 1993-cü ildə müalicə aldığı hospitala Heydər Əliyevlə birgə İranın o zamankı prezidenti Haşimi Rəfsəncani də baş çəkib. Həmin görüşün fotosunu qazi hələ də saxlayır:
“Barmaqlarım da qırıq-kəsikdir. Hamısını qəlpə edib. Bədənimdə 75 qəlpə var. Ciyərə gedib dirənəni də var. Minomyot mərmisinin qəlpəsi məni bu vəziyyətə salıb. Ən böyük qəlpəsi bax budur, əlimdədir. Xırda-xırda olur. Bizim dövlətimizdən mən necə narazı olmayım? Prezident bilmir ki, ağır durumda olan əlillər var? Mənim yanımda mütləq adam olmalıdır, birinci qrup əliləm. Müvəqqəti iki otaqlı ev versinlər. Mən gecə protezlərimi çıxaranda mütləq qızlarımı tualetə, ya da eyvana çıxarmalıyam. Nə qədər olar?”
“Onlar da özlərini yandıracaqlar”
Döyüşdə göstərdiyi şücaətlərə görə 3 dəfə Milli Qəhrəman adına təqdim olunan qaziyə “Vətən Uğrunda” medalı verilib.
“Mən Ağdamda döyüşənlərin hamısını tanıyıram, Ağdam 6000 şəhid verib. Ancaq mən adam da tanıyıram ki, o da mənim vəsiqəmdən alıb. Heç bir yerdə də döyüşməyib. Kürəyinə bir dənə hardasa bıçaq vurublar, pulunu verib, vəsiqəsini alıb. Allahsızlıqdı budu! Hamısı özlərinin adamıdı, bir məsələ olanda da belələrini çağırırlar. Zaur özünü yandırandan sonra 5 gün Firudin, Etimad, mən, neçə bizim kimisi xəstəxananın qapısında yatdıq. Ancaq Zaur can verən gün Mehdi Mehdiyev pırtlayıb ortadan çıxdı. Qarabağ əlillərinin hamısı onun üzünə tüpürdü ki, neçə gündür hardasan? Telekanallara müsahibə verən də o oldu. Bu özünü müdafiə etməkdir ki, Qarabağ əlilləri qalxmasın” – söylədi Arif Əliyev.
Qarabağ qazisi Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun prezident seçkiləri bitdikdən sonra şikayətçiləri qəbul etmədiyini deyir. Onun sözlərinə görə, qəbula gedən şikayətçilərdən rüşvət də istənilir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etmişəm. Prezidentə, Mehriban Əliyevaya da məktub yazmışam. O qədər məktub yazmışam ki, görsəniz məəttəl qalarsınız. Zaur məsələsində bir az hərəkətə keçdilər. Ancaq get-gedə ara sakitləşir. Ancaq yandıran, özünü öldürən öldürəcək. Qarşısını ala bilməyəcəklər. Onlarıa bir yerdəyəm, vəziyyəti görürəm də. Mən Papanin Hospitalında nə yaxşı ki, yatmamışam. DİN-in Hospitalında yatmışam. Ordan çıxan əlillərimizin hamısı xəstədir. Onlar da özlərini yandıracaqlar”.
“Yenə süfrəmiz boş olacaq…”
Novruz bayramına az qaldığını, ancaq həmin günlərdə də onu məhz dostlarının xatırladığını söyləyir Arif Əliyev. Vaxtilə Ağdam rayonundan olan polis həmkarlarının ona bayramlıq yardım, hətta pul göndərdiyini də vurğuladı. Yeni icra başçısının təyinindən sonra ona olunan kömək kəsilib:
“Nizami Sadıqov gələndən bütün yardımlar kəsildi. Həsən Sarıyevin dövründə paqon yoldaşlarım mənə pul da göndərirdilər. Nə Binəqədidən, nə də Daxili İşlər Nazirliyindən heç bir kömək görməmişəm. Ancaq Zaurun hadisəsi olanda iki daşın arasında mənim “delo”mu tapıb çıxardılar. Xəbər göndərmişdilər ki, “sən onlara qoşulma”. Bu necə olur? Qarşıdan bayram gəlir. Baxın görün, mənim qapımı Firudindən, Etimaddan başqa kimsə açacaq?”
Cavanlığını, sağlamlığını doğma elinin-obasının, vətəninin toxunulmazlığına fəda edən qazinin bu bayramı da qonaqsız və süfrəsi boş keçirəcək:
“Bizim Qarabağ zonasında bayram axır təkdə olur – axır çərşənbədə. Mən isə pensiyamı ayın 26-ı, 27-i alıram. Nə vaxt kartı bankomata salırsan sıfır göstərir. Bizim qeyd etdiyimiz axır çərşənbəyə isə nə qalıb ki? Yenə süfrəmiz boş olacaq…”.
Aytən FƏRHADOVA