“Vətənə xidmətə görə” ordeni olan sabiq icra başçısına hökm oxundu (yenilənib)

Mahir Quliyev. Foto: http://www.bilesuvar-ih.gov.az

2006-2020-ci illərdə əvvəl 5 il Astaranın, daha sonra Biləsuvarın icra başçısı olmuş, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan Mahir Quliyev 11 il azadlıqdan məhrum edilib. Martın 18-də onun haqqında hökm çıxarılıb.

Hökmü Lənkəran Rayon Məhkəməsinin hakimləri çıxarsa da, məhkəmə prosesi Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında keçirilib.

Hökmdən əvvəl Mahir Quliyevin vəkili Leyla Məmmədova çıxış edib, özü son sözünü deyib.

Vəkil bildirib ki, keçmiş icra başçısı mənimsəmə və cinayət işində yazılan digər ittihamları qəbul etmir. O, Biləsuvar Rayon İcra Hakimiyyətindəki özbaşınalığa görə özünü günahkar sayır. Amma vəzifə səlahiyyətlərindən sui-istifadə edib büdcə vəsaitlərini mənimsəmə, rüşvət alma ilə bağlı ittihamlarla qətiyyən razılaşmır. Müdafiəçi xatırladıb ki, Mahir Quliyev vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə, şərəflə işlədiyinə görə Prezident İlham Əliyev onu 2018-ci ilin noyabrında “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Müdafiəçi onun səhhətindəki problemlərdən də danışıb, keçmiş icra başçısının uzun müddət komada qaldığını bildirib.

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzi keçmiş icra başçısına qarşı məhkəmə prosesinin əvvəlində 121 min manatlıq mülki iddia qaldırıb. Vəkil bu iddianın təmin olunmamasını istəyib. Müdafiəçi həmçinin Mahir Quliyevin üzərində həbs olan əmlakların o, Biləsuvarın icra başçısı vəzifəsində işləməmişdən əvvəl alındığını vurğulayaraq, onların üzərindən həbsin götürülməsinin vacib olduğunu vurğulayıb: “O əmlakların müsadirə olunması haqda dövlət ittihamçısının təklifi əsassızdır. Həmin əmlaklar alınanda Mahir Quliyev vəzifədə deyildi”.

Leyla Məmmədova çıxışının sonunda məhkəmədən xahiş edib ki, hüquqlarını müdafiə etdiyi şəxsə həbslə bağlı olmayan cəza verilsin.

Vəkilindən sonra keçmiş icra başçısı qısaca deyib ki, özünü qismən təqsirli bilir: “Əgər cəza çəkmək lazımdırsa, çəkərəm…”.

Məhkəmə Mahir Quliyevə 11 il azadlıqdan məhrumetmə cəzası kəsməkdən əlavə, DOST Mərkəzinin ona qarşı 121 min manatlıq iddiasını da təmin edib. Həmçinin sabiq icra başçısının Bakıda yerləşən iki mənzili və “Audi” markalı avtomobili müsadirə olunub.


Prokuror Mahir Quliyevin əmlakının da müsadirə olunmasını istəyib

14 il icra başçısı vəzifəsində işləmiş, 2020-ci ilin aprelində Biləsuvarda bu vəzifədə olarkən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Mahir Quliyevin mühakiməsi yekunlaşmaq üzrədir. Onun işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2021-ci ilin avqustundan başlayan məhkəmə prosesində istintaq yekunlaşıb. Martın 18-də hakim İlkin Abdullayevin sədrliyilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Prokuror bildirib ki, Mahir Quliyevə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə irəli sürülmüş ittihamlar məhkəmədə təsdiqini tapıb. Dövlət ittihamçısı sabiq icra başçısına 12 il həbs cəzası verilməsini istəyib. O, həmçinin təklif edib ki, icra başçısı və yaxınlarının adlarına olan bir sıra əmlaklar müsadirə edilsin. Həmin əmlakların siyahısı iş materiallarında var və onların üzərinə istintaq dövründə məhkəmə qərarıyla həbs qoyulub.

Prosessual qaydalara görə, dövlət ittihamçısından sonra təqsirləndirilən şəxsin vəkili çıxış edir. Mahir Quliyevin vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakim İlkin Abdullayev ona təxminən üç saat vaxt verib. Martın 18-də günün ikinci yarısında vəkil çıxış edəcək, keçmiş icra başçısı son sözünü deyəndən sonra hökm çıxarılacaq.

64 yaşlı Mahir Quliyev 2005-2006-cı illərdə Səbail rayonunda bələdiyyə sədrinin müavini, 2006-2011-ci illərdə Astara rayonunun, 2011-2020-ci illərdə isə Biləsuvar rayonunun icra başçısı olub.

Mahir Quliyev 27 noyabr 2018-ci ildə prezidentin sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeniylə təltif edilmişdi. Sərəncamda göstərilib ki, o, “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə” bu mükafata layiq görülüb.

Həbsdə olan keçmiş icra başçılarından Ağstafa, Yevlax, Kürdəmir və Neftçala rayonlarının keçmiş rəhbərlərinin mühakiməsi yekunlaşıb. Onlara 6 ildən 10 ilə qədər həbs cəzası verilib. Ağstafanın icra başçısı postunda çalışarkən DTX əməkdaşları tərəfindən saxlanılan Nizaməddin Quliyev haqqında çıxarılan 9 illik həbs hökmündən az sonra koronavirusa yoluxaraq, vəfat edib.

Ana səhifəSiyasət“Vətənə xidmətə görə” ordeni olan sabiq icra başçısına hökm oxundu (yenilənib)