Vətəndaşlıqdan məhrumetmə cəzası təklif edilir

”34 cinayət üzrə cəza müddəti aşağı salınacaq”

Source:


”34 cinayət üzrə cəza müddəti aşağı salınacaq”

“Cinayət Məcəlləsinə vətəndaşlıqdan məhrumetmə cəzası da daxil edilsin”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin təklifidir. O, Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı keçirilən dinləmələrdə Konstitusiyaya son dəyişikliklərdən sonra buna imkan yarandığını deyib:

“Cinayət Məcəlləsinin xüsusi hissəsində bu məsələ nəzərdə tutulsa da, ümumi hissədə cəza növü kimi yoxdur. Təklif edirəm ki, bu, cəza növü kimi 43-cü maddəyə daxil edilsin”.

“34 cinayət üzrə cəza müddəti aşağı salınacaq”

Dinləmələr Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilib. Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev deyib ki, Cinayət Məcəlləsində ümumilikdə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. 34 cinayət üzrə cəza müddəti aşağı salınacaq:

“Bəzi cinayətlərin dekriminallaşdırılması o demək deyil ki, həmin şəxslər tam cəzasız qalacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq maddələr var”.

Layihə 4 istiqamətdən ibarətdir. Bunlar bəzi cinayətlərin dekriminallaşdırılması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqidir. Ümumilikdə mövcud alternativ cəza növlərinin daha geniş tətbiqi, yeni alternativ cəza növlərinin Cinayət Məcəlləsinə gətirilməsi nəzərdə tutulur. Qeyd edilir ki, cinayət iqtisadi, maliyyə, təsərrüfat fəaliyyəti ilə bağlıdırsa, ictimai təhlükəsi onun vurulmuş ziyanı ilə müəyyən edilərsə, həmin  hallarda vurulmuş ziyan tam ödənilirsə, onda şəxs ya tamamilə cinayət məsuliyyətindən azad olunur, ya da barəsində yüngül cəza  tətbiq edilir.

“Biz alternativ cəzalar tətbiq etməsək, məhkumların sayını necə azalda bilərik?”

Vüsal İsayev ökədə alternativ cəzalar tətbiq etməklə məhkumların sayını azaltmağı düşündüklərini də deyib:

“Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Dünya təcrübəsinə əsasən aparılan statistikaya görə, bu sistemin tətbiqi cəzaların 92 faizinin azalmasına gətirib çıxarıb. Eyni zamanda, həmin şəxslərin cinayətdən yayınması hallarının 94 faiz azalmasına səbəb olub. Biz Cinayət Məcəlləsində nəzərdə tutulan humanistləşdirmə və liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılmasını nəzərdə tuturuq. Bütövlükdə 36 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının hədləri aşağı salınıb”.

Vüsal İsayev bildirir ki, bunun nəticəsində 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan, az ağır cinayət kateqoriyasına keçirilib:

“13 sanksiyada azadlıqdan məhrumetmə cəzasının hədləri dəyişdirilib. Biz alternativ cəzalar tətbiq etməsək, məhkumların sayını necə azalda bilərik? Məhz buna görə son dəyişikliklərdə bəzi maddələr dekriminallaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə və ehtiyatsızlıqla törədilən cinayətlərdir”.


Ömürlük məhbuslarla bağlı ziddiyyətli məqamlar

Vüsal İsayev ömürlük azadlıqdan məhrumetmə cəzası ilə bağlı yaranmış ziddiyyətə aydınlıq gətirib. Deyib ki, ömürlük azadlıqdan məhrumetmə növündə yüngülləşdirmə yalnız cəzasının 25 ilini çəkmiş məhkumlara aid ediləcək:

“Bu illər ərzində onun davranışları da nəzərə alınacaq. Yalnız bu zaman onun cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə və ya şərti azadlığa buraxılma ilə əvəzlənə bilər. Hazırda ömürlük həbs cəzası 15 illik həbs qətimkan tədbiri ilə əvəzlənə bilir. Dəyişiklikdən sonra bu, 10 olacaq. Bu o demək deyil ki, ömürlük cəzaya məhkum edilənlər 10 ildən sonra azadlığa buraxıla bilər. Burada 25+10 hesablanacaq”.


Şahin Yusifov: “Prezidentin sərəncamımdan sonra həbs olunanların sayı azalıb”

Ş.Yusifov çıxışında bildirib ki, cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından keçən 8 ay müddətində məhkəmə sistemində canlanma olub:

“Dövlət ittihamçıları ağır olmayan və ictimai təhlükəlilik törətməyən şəxslər barəsində həbs qətimkan tədbiri istəmir. Belə təqdimatları hakimlər rədd edirlər”.

Ş.Yusifov əlavə edib ki, məhz buna görə də, həbs olunanların sayı azalıb. Ancaq o əlavə edib ki, görülən tədbirlərə baxmayaraq, hələ də məhkəmələr bir çox hallarda şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçilməsinə, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verirlər.

“Həbs qətimkan tədbirlərinin tətbiqi 30 faiz azalıb”

Ş.Yusifov qeyd edib ki, bunun obyektiv səbəbi ilə yanaşı subyektiv səbəbləri də var. Üzərində işlənməlidir:

“Məsələ ondadır ki, obyektiv səbəblər hazırda qüvvədə olan cinayət qanunvericiliyindəki bir sıra boşluq və çatışmazlıqlardan irəli gəlir. Müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı layihədə bu boşluqlar aradan qaldırılıb. Cinayət Məcəlləsində nəzərdə tutulan ictimai işlər cəzasının tətbiqi bir sıra hallarda mümkünsüz olurdu. Belə olan təqdirdə məhkəmələr azadlıqdan məhrumetmə cəzasını əsas götürərək bu cəzanı təyin edirdilər. Digər tərəfdən, yüksək məbləğlərdə cərimə, islah işləri, ictimai işlər cəzaları da icrasız qalırdı”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bildirib ki, Azərbaycan prezidentinin imzaladığı müvafiq sərəncamdan sonra Azərbaycanda həbs qətimkan tədbirlərinin tətbiqi bu il 30 faiz aşağı düşüb. Cəzalar digər qətimkan tədbirləri ilə əvəzlənib:

“Müzakirə edilən qanunvericilik dəyişikliklərindən sonra bu göstərici daha da aşağı düşəcək”.

Ana səhifəXəbərlərVətəndaşlıqdan məhrumetmə cəzası təklif edilir