Vətəndaşlar ”Topaz” varkən niyə ”qara bazar”a üz tutur?

“Topaz”ın monopolist fəaliyyətilə bağlı bir neçə fakt gətirək

Source:
foto, courtesy
foto, courtesy



“Topaz”ın monopolist fəaliyyətilə bağlı bir neçə fakt gətirək

Bir neçə gün bundan əvvəl Azərbaycan prezidenti “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanına dəyişikliklər edilməsi haqqında” sənəd imzaladı. Sənəddə qanunsuz idman mərc oyunlarına qarşı tədbirlər gücləndirilib, tələblər sərtləşdirilib. Həmçinin, Azərbaycanda qanunsuz idman mərc oyunlarının qarşısının alınması sahəsində polis və nazirliklərə yeni səlahiyyətlər verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün. Daxili işlər və vergilər nazirliklərinə isə tapşırılıb ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.

Bu isə o deməkdir ki, ölkədə qanunsuz totalizatorlarla mübarizəyə polis də qoşulur. Bəs Azərbaycanda qanuni mərc oyunları keçirən “Topaz” şirkəti fəaliyyət göstərdiyi halda, ölkə vətəndaşları “qara bazara”a və xarici bukmeker kontorlarına niyə üz tuturlar? Təəssüf ki, bu məsələ heç vaxt araşdırılmayıb. Qəbul olunan bütün sənədlərdə isə “Topaz”ın maraqları qorunub, vətəndaşların hüquqları arxa planda qalıb.

Bununla bağlı kiçik araşdırma zamanı bəzi faktlar ortaya çıxdı. “Topaz” ölkədə mərc oyunları keçirmək hüququ olan yeganə şirkətdir. Deməli, “Topaz” həm də bu sahədə monopolistdir. Şirkət də məhz monopolist səlahiyyətlərindən yararlanaraq, vətəndaşların cibinə girməyə cəhd edir. Əlacsız qalan vətəndaşlar da ya “qara bazar”a üz tutur, ya da xarici bukmeker kontorları ilə əməkdaşlıq edirlər.


“Topaz”ın monopolist fəaliyyətilə bağlı bir neçə fakt gətirək:

Bu şirkət səlahiyyətlərindən istifadə edərək, maksimum dərəcədə çalışır ki, vətəndaşlar pul qoyuluşları zamanı gəlir əldə etməsinlər. Məsələn, noyabrın 11-də bütün dünyada 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunları baş tutdu. Yığma komandaların qarşılaşmaları pul qoyuluşu edənlər üçün həmişə cəlbedici olub. Çünki yığma komandalar arasında səviyyə fərqi kəskin şəkildə seçildiyindən hansı komandanın qalib gələcəyini müəyyənləşdirmək daha asandır. Deməli, yığmaların oyunu mərc azarkeşləri üçün həm də gəlir əldə etmək üçün fürsətdir. Dünyanın bütün bukmeker kontorları səviyyə fərqi kəskin şəkildə seçilən oyunların hamısına əmsal tətbiq edirlər. Düzdür, favorit komandanın qələbəsi üçün əmsal çox aşağı olur. Ancaq pul yatıran şəxs bir neçə belə oyunu birləşdirərək, sanballı əmsal əldə edir. Bəs “Topaz” hansı addımı atır? Bu şirkət noyabrın 11-də keçirilən oyunların bir neçəsinə əmsal açıqlamayıb. Yəni onun xidmətlərindən istifadə edən şəxslər həmin oyunlara pul qoyuluşu etməkdən məhrum olublar. Təbii ki, bu da vətəndaşların hüquqlarının kobud surətdə pozulması, monopoliyanın göstəricisidir.


“Topaz” noyabrın 11-də keçirilən aşağıdakı oyunlara əmsal açıqlamaqdan imtina edib:

San Marino – Almaniya

Türkiyə – Kosova

Cənubi Kipr – Cəbəllütariq

İspaniya – Makedoniya

İsveçrə – Farer adaları

Lüksemburq – Hollandiya

Macarıstan – Andorra

Belçika – Estoniya

Portuqaliya – Latviya

Bu oyunlarda Almaniya, Türkiyə, Cənubi Kipr, İspaniya, İsveçrə, Hollandiya, Macarıstan, Belçika və Portuqaliya yığmalarının qalib gələcəyi gözlənilirdi. Təbii ki, pul qoyuluşu edən şəxslərin də əksəriyyəti vəsaiti məhz bu yığmaların qələbəsinə yatıracaqdılar. Ancaq “Topaz” onları bu şansdan tamamilə məhrum edib.

Belə olan təqdirdə, vətəndaşın “qara bazar” və ya xarici kontorlara üz tutmaqdan savayı çıxış yolu qalmır.

Hökumət isə “Topaz”ın monopoliyasını aradan qaldırmaq, yeni kontorların yaradılmasına icazə vermək əvəzinə, vətəndaşların seçim haqqını əlindən alır. Deməli, vətəndaşın maraqları göz görə-görə “Topaz”ın maraqlarına qurban verilir.

Vətəndaşların “Topaz”dan imtinasının səbəbləri çoxdur. Şirkətin oyunlar üçün açıqladığı əmsallar da xarici kontorların açıqladığı əmsaldan qat-qat aşağı olur.

Fakta nəzər salaq. Məşhur “gamebookers” saytının noyabrın 11-də və 12-də yığmaların iştirakı ilə keçirilən oyunlardan bir neçəsinə açıqladığı əmsalları təqdim edək:

İngiltərə – Şotlandiya – 1,42 – 4,60 – 9.50

Ş.İrlandiya – Azərbaycan – 1.67 – 3.40 – 6.25

Danimarka – Qazaxıstan – 1.22 – 6.00 – 15.50

Fransa – İsveç – 1.30 – 5.50 – 12.00

Slovakiya – Litva – 1.35 – 4.75 – 10.00

Türkiyə – Kosova – 1.15 – 8.00 – 17.00


İndi isə “Topaz”ın bu oyunlar üçün açıqladığı əmsallara diqqət edək:

İngiltərə – Şotlandiya – 1,30 – 4,00 – 7.75

Ş.İrlandiya – Azərbaycan – 1.50 – 3.20 – 5.75

Danimarka – Qazaxıstan – 1.20 – 4.60 -10.00

Fransa – İsveç – 1.20 – 4.55 – 10.00

Slovakiya – Litva – 1.30. – 3.85 – 8.25

Türkiyə – Kosova – açıqlamayıb.

Qeyd edək ki, birinci əmsallar meydan sahiblərinin qələbəsini, 2-ci əmsallar heç-heçənin, 3-cü əmsallar isə qonaq komandanın qələbəsinin göstəricisidir. Göründüyü kimi, “Topaz”ın əmsalları kəskin şəkildə aşağıdır.

Əslində oxucu əmsallara baxıb, fərqin o qədər də böyük olmadığını düşünə bilər. Amma pul qoyuluşu edənlər bu fərqin sonda böyük məbləğ olduğunun fərqindədirlər. Yenə də misal gətirək: Deyək ki, hər hansı bir şəxs bu oyunlarda meydan sahiblərinin qələbəsinə 100 manat pul qoyuluşu etmək niyyətindədir. Onda meydan sahiblərinin qələbəsi üçün açıqlanan əmsallar bir-birinə və alınan rəqəm də 100-ə vurulmalıdır. Belə olan təqdirdə “gamebookers” kontoruna 100 manat pul qoyuluşu edən şəxs 5.83 əmsalı ilə 583 manat götürəcək. Yəni 483 manat xalis gəlir əldə edəcək.

İndi isə “Topaz”ın əmsalını hesablayaq. Bu oyunların birlikdə əmsalı cəmisi 3.65-ə bərabər olacaq. Yəni 100 manat pul yatıran şəxs 365 manat götürəcək. Xalis gəliri isə 265 manat olacaq. Vətəndaş “Topaz”a pul qoyuluşu edərsə, “gamebookers”in təklif etdiyindən 2 dəfə az qazanacaq. Belə olan təqdirdə, vətəndaş xarici kontorlara və “qara bazar”a niyə üz tutmasın? Çox təəssüf ki, vətəndaşın marağını nəzərə alan yoxdur.

Meydan TV məsələ ilə bağlı “Topaz” rəhbərliyinin də mövqeyini öyrənməyə çalışdı. Lakin şirkətdən cavab vermək istəmədiklərini bildirdilər.

Ana səhifəAnalitikaVətəndaşlar ”Topaz” varkən niyə ”qara bazar”a üz tutur?