Vergi amnistiyası verilə bilər

”Borclar vətəndaşların cibi hesabına silinəcək”

Source:


”Borclar vətəndaşların cibi hesabına silinəcək”

Azərbaycanda vergi amnistiyası elan oluna bilər. “APA-Economics”in əldə etdiyi məlumata görə, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Layihə dekabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunacaq.

Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Belə ki, qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-ini, fevral ayında 50%-ini, mart ayında isə 70%-ini ödəyərsə borcun qalıq hissəsi amnistiya olunacaq.

Layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb.

Layihəni Meydan TV-yə şərh edən iqtisadçı Oqtay Haqverdiyev bildirib ki, bu problem illərdir həllini tapmır:

“Yəqin həllini bu vasitə ilə tapıblar. Dövlət nə vaxtsa müdaxilə etməli idi. Başqa yollar da var, ən çətini bu yol idi. Amma borclar vətəndaşların cibi hesabına silinəcək”.

İqtisadçı bildirib ki, problemin həlli baxımından müsbətdir. Çünki bir çox fiziki şəxsin borclarını vermək imkanları yoxdur, ona görə dövlət məsələyə müdaxilə edib. Amma iqtisadi baxımdan, büdcəyə bu cür təzyiq göstərmək doğru deyil.

Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli prezidentin təşəbbüsünü normal qarşılayıb.

Ancaq o, hesab edir ki, əsas borclar vergidən daha çox sosial sığorta haqları ilə bağlı olan borclardır:

“Qonşu Gürcüstanda bu istiqamətdə islahatlar aparıldı və yaxşı da nəticə verdi. Yəni sosial vergi adı altında 20 faiz tutulur, bizdə isə minimum 39 faiz tutulur, 14 faiz gəlir, 25 faiz sosial sığorta haqqı”.

İqtisadçı hesab edir ki, bu addımın davamı olsa, yəni sosial sığorta haqları ilə bağlı da addımlar atılsa, müsbət irəliləyiş əldə edilər.

Nazim Bəydəmirli deyib ki, böyük vergi ödəyicilərinin büdcə qarşısında kifayət qədər borcları var. Bu borclar aylara bölünüb və təşviq xarakteri daşıyır:

“Düşünürəm ki, biznes adamları çağırışa müsbət reaksiya verəcəklər. Amma əsas borclular dövlət şirkətləri olduğundan bu amnistiyadan da onlar daha çox yararlanmağa çalışacaqlar. Söhbət SOCAR, “Azenerji”, “Azərsu”, AZAL kimi şirkətlərdən gedir. Çünki kiçik sahibkarlığın çoxlu borcu olduğunu düşünmürəm. İş adamlarının əsas problemi sosial sığorta haqlarıyla bağlıdır. Yaxşı olardı, Dövlət Sosial Müdafiə Fondunun ləğvi başa çatdırılsın. Onun vergi toplama funksiyası Vergilər Nazirliyinə verilsin, bir qayda olaraq pensiyaçıların pensiyası Maliyyə Nazirliyi tərəfindən verilsin. Gürcüstanda bu qaydada islahatlar gerçəkləşdi. Ümumiyyətlə, Vergilər Nazirliyi özəl sektorla bağlı rəqəmlər açıqlasaydı, daha əhatəli şərh verə bilərdik”.

Ana səhifəAnalitikaVergi amnistiyası verilə bilər