Velosiped qəzalarının sayı artıb

”Velosiped yolu yoxdursa, velosipedçinin maşın yolundan istifadə hüququ var”

Source:


”Velosiped yolu yoxdursa, velosipedçinin maşın yolundan istifadə hüququ var”

Azərbaycanda velosiped qəzalarının sayı artıb. Bu barədə “Trend”-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə velosiped qəzaları ilə bağlı 24 yol hadisəsi qeydə alınıb, nəticədə 7 nəfər ölüb, 19 nəfər xəsarət alıb:

“Hesabat dövründə məhz velosiped sürənin səhvi ucbatından isə 6 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb”.



“Velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir”

K.Əliyev deyib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində hərəkət edir, işıqlandırıcı vasitələrdən istifadə etmirlər:

“Yol hərəkəti haqqında” qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var”.



“Sürücülər velosipedçilərə yol vermir, hörmət etmir”

Velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edən Oktay Quliyev deyir ki, qəzaların artma səbəbi müxtəlif ola bilər. Əsas səbəb isə həm avtomobil sürücülərinin, həm də velosiped sürənlərin səriştəsizliyidir:

“Avtomagistralda velosiped sürdükdə əksər hallarda sürücülər velosipedçilərə yol vermir, hörmət etmir. Doğrudur, istisnaları qeyd etmək də lazımdır. Eyni anda velosipedi necə gəldi sürən, avtomagistralda qırmızı işığın tələbinə məhəl qoymayan, velosipedi nəqliyyat vasitəsi kimi olaraq yox, ekstrim idman vasitəsi kimi istifadə edənlər də var. Velosiped qəzalarının sayının artmasına birbaşa və ya dolayı yolla velosipedçilərin özləri səbəb olurlar”.



“İstirahət məkanlarından başqa yerlərdə velosiped zolağı yoxdur”

Oktay Quliyev deyir ki, doğrudur, Bakıda istirahət məkanlarından başqa yerlərdə velosiped zolağı yoxdur və məcburi şəkildə velosipedçi avtomagistralda sürməli olur. Bununla belə avtomobillərin hərəkətinə mane olmamalıdırlar:

“Düşünürəm ki, ehtiyatsız velosipedçilər xüsusi yollarda belə qəza törədə bilər. Necə ki, dənizkənarı bulvar ərazisində biz bu cür hadisələrin dəfələrlə şahidi oluruq. Velosiped insanların gözündə oyuncaq olaraq qaldıqca, velosipedçiyə dırnaqarası yanaşılacaq. Halbuki, velosipedə nəqliyyat vasitəsi kimi baxsaq, yolumuzu paylaşsaq, bu cür xoşagəlməz hadisələrin sayı azalar. Dəbilqə, işıqlar, əlçəklər və s. kimi təhlükəsizlik vasitələri isə velosipedçinin məsuliyyətində olmalıdır. Ən azından qəza zamanı zədələnmə ehtimalını azalda bilər”.



“Ehtiyatı və diqqəti əldən vermək olmaz”

Oktay Quliyev veloisped yollarının çəkilməsinin vacibliyindən də danışdı. Deyir, heç olmasa şəhər mərkəzində olmalıdır:

“İnanıram ki, bu gün Bakıda hansısa avtomagistralın kənarına velosiped zolağı çəkilsə, oradan dayanacaq kimi istifadə edəcək sürücülərin sayı çox olacaq. Bu da bizə əlavə stress gətirəcək. Ehtiyatı və diqqəti əldən vermədikcə, inanıram ki, qəza hallarının sayını nəzərə çarpacaq şəkildə azalda bilərik”.



“Maşın sürücüləri arasında maarifləndirmə aparılmır”

Velokuryer Tofiq Hidayətzadə isə deyir ki, 7 nəfər cəmi bir maşın qəzasında ölən insanların sayıdı. Rəqəmi bu dərəcədə şişirtmək lazım deyil:

“Maşın sürücüləri arasında maarifləndirmə aparılmalıdır. Velosipedlə maşın arasında 80 sm, sürət yüksək olduqda isə 1,5 metr məsafə buraxılmalıdır. Bir dəfə yolla gedəndə maşın güzgüsü ilə velosipedimin ruluna dəydi, rul buruldu, yıxıldım. Arxadakı maşın az qala məni əzəcəkdi. Güclə saxladı. Ancaq məni vuran avtomobilin sürücüsü heç düşüb baxmadı da mən yaxşıyam, ya yox”.



“Düşünürlər ki, sən səkidə də sürə bilərsən”

Tofiq Hidayətzadə deyir ki, əslində velosiped sürəndən çox şey asılıdır. O, hara necə girəcəyini, maşının yanından necə keçəcəyini hesablaya bilməlidir:

“Əks halda, qəza qaçılmazdır. Səhv etmirəmsə, qanunvericilikdə deyilir ki, velosiped yolun sağ istiqaməti ilə hərəkət etməlidir. Bəs, ona sola dönmək lazım olanda nə etsin? Ekstrim yaşayacaq, bu qədər sadədir. Ya da gedəcəyi yerə piyada kimi gedib çatacaq. Sürücülər arasında marifləndirmə aparmaq və velosiped üçün şərait yaratmaq çətin başa gələr. Ona görə də sayları az olan velosipedçilərin hərəkətini məhdudlaşdırmaq daha rahat olar”.

Velosipedçi deyir ki, Bakıdakı bir çox yollarda xaos yaşanır:

“Kim harada, necə istəyir hərəkət edir. Bəzən 5 tərəfdən hərəkət olur. Bu sahədəki problemlərdən biri də əksəriyyətinin velosipedə oyuncaq kimi baxmasından irəli gəlir. Düşünürlər ki, sən səkidə də sürə bilərsən. Əslində isə belə deyil. Bir ölkədə velosiped yolu yoxdursa, velosipedçinin maşın yolundan istifadə etmək hüququ var”.

Ana səhifəXəbərlərVelosiped qəzalarının sayı artıb