Vəkillərin 4 vəsatətindən biri təmin olunub

“Xədicə İsmayıl və vəkillərin yoxlanılmasıyla bağlı qərar var”

Source:

“Xədicə İsmayıl və vəkillərin yoxlanılmasıyla bağlı qərar var”

Vəkil Yalçın İmanovun 4 saylı cəzaçəkmə müəssisəsinə qarşı şikayəti təmin edilməyib. Bu haqda Meydan TV-yə vəkil özü bildirib. Şikayətə mayın 11-də Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimli tərəfindən baxılıb. Məhkəmə nəzarəti qaydasında verilmiş şikayət 4 saylı cəzaçəkmə müəssisəsində saxlanan vicdan məhbusu Xədicə İsmayılın vəkillərinin və sənədlərinin müəssisəyə giriş-çıxışda axtarışa, qanunsuz senzuraya məruz qalmasının müdafiə hüququnun pozuntusu kimi tanınması, dəymiş ziyana görə maddi təzminat və sairlə bağlı idi. 4 saylı cəzaçəkmə müəssisəsini məhkəmədə rəis müavini Hikmət Kazımov və müəssisənin əməliyyat bölməsinin rəisi Vaqif Əyyubov təmsil edib.

Vəkil deyir ki, məhkəmə işə mahiyyəti üzrə baxıb, tərəfləri dinləyib, şikayəti araşdırsa da, müşavirədən sonra elan etdiyi qərarda şikayətin icraata qəbul edilməsindən imtina etdiyini elan edib. Vəkil Y.İmanov bunu qanunsuz hesab edir. Vəkil deyir ki, məhkəmədə şikayətin obyektiv araşdırılması ilə bağlı 4 vəsatət versə də, bu vəsatətlərdən yalnız 1-i təmin edilib. Təmin edilməyən – Xədicə İsmayılın, digər vəkillər Fəxrəddin Mehdiyev və Fariz Namazlının, müəssisə əməkdaşının dindirilməsinə dair – vəsatətlər təmin edilməyib. Yalnız vəkillərin 4 saylı cəzaçəkmə müəssisəsinə girişdə və çıxışda qanunsuz yoxlamaya məruz qalmasıyla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciətləri və həmin qurumların bu müraciətlərə cavabların şikayətin materiallarına əlavə edilməsi barədə vəsatət təmin edilib.

Y.İmanovun sözlərinə görə, məhkəmədə araşdırma zamanı cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsinin rəisi Vaqif Əyyubov bildirib ki, onlar vəkilləri və Xədicə İsmayılı əldə etdikləri əməliyyat məlumatları əsasında yoxlamaya məruz qoyurlar: “Əyyubov hətta Xədicə İsmayılın və onun vəkillərinin yoxlanılmasıyla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar olduğunu da məhkəmədə bildirdi. Mən ona bu qərarı məhkəməyə təqdim etməyi təklif etdikdə o, “bu, məxfi qərardır” – deyə, bundan imtina etdi. Vaqif Əyyubov qərarın məzmunu və konkret məhz hansı əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı da hər hansı açıqlama verməkdən imtina etdi”. Yalçın İmanov müəssisə rəhbərliyinin bu mövqeyini qanunsuz hesab edir və bildirir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün konkret səbəblər və əsaslar olmalıdır: “Halbuki, müəssisə nümayəndəsi mənim sualıma cavabında X.İsmayıl və onun vəkillərinin üzərində axtarışın keçirilməsinin hər hansı səbəbini və ya əsasını göstərə, əməliyyat-axtarış tədbirinin tətbiqinin şərtlərini əsaslandıra bilmədi”.

Vəkil Xətai rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verəcəyini, bu instansiyanı da tükəndirdikdən sonra şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə göndərəcəyini bildirir.

Ana səhifəXəbərlərVəkillərin 4 vəsatətindən biri təmin olunub