Anar Bağırovun üzv olduğu vəkil bürosunun rəhbəri ədliyyə nazirinin oğludur
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bu vəzifəyə “Bakı Hüquq Mərkəzi”ndən gəlib. Bağırov Vəkillər Kollegiyasının üzvü olsa da, iş yeri həmin mərkəz idi.
Təsadüfi deyil ki, A.Bağırovun Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olmamışdan hələ xeyli əvvəl vəkillər arasında da, mediada da bu posta onun gətiriləcəyi barədə məlumatlar yayılmışdı. Bu barədə əsas amil kimi, onun ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovla dostluğu, nazir oğlunun işçisi olması vurğulanırdı. A.Bağırovun işlədiyi “Bakı Hüquq Mərkəzi” MMC-nin rəhbəri Fariz Məmmədovdur.
Vəkillərin 7 dekabr 2017-ci ildə keçirilən ümumi yığıncağında gözlənilən baş verdi – A.Bağırov Rəyasət Heyətinin sədri oldu. Bundan bir neçə ay sonra – 2018-ci ilin mayında Fariz Məmmədov 12 saylı vəkil bürosunun rəhbəri təyin edildi.
A.Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olmaqla yanaşı, həm də
12 saylı vəkil bürosu
nun üzvüdür. Beləliklə, Bağırov “Bakı Hüquq Mərkəzi”ndə olduğu kimi, bu gün də nazir oğlunun işçisidir.
A.Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olandan sonra ictimai-siyasi fəalların müdafiəsində iştirak edən xeyli vəkil cəzalandırılıb. Məsələn, müvəkkilinə – Nardaran məhbusu Abbas Hüseynova həbsxanada işgəncə verilməsi barədə mediaya danışdığına görə vəkil Yalçın İmanovun kollegiyadan kənarlaşdırılmasında xüsusi rolu olanlardan biri də Anar Bağırov idi. O dövrdə Bağırov hələ Rəyasət Heyətinin üzvü idi. O müzakirələrdə işgəncəyə susmadığına görə Y.İmanovu ittiham edənlərdən daha biri Muxtar Mustafayevin də qızı Türkan Mustafayeva “Bakı Hüquq Mərkəzi”ndə nazir oğlunun işçisi idi.
Yeri gəlmişkən, 20 noyabr 2017-ci ildə keçirilən həmin toplantıda Y.İmanovu dəstəkləyib, vəkilin müvəkkilinə verilən işgəncəyə göz yummamalı olduğunu, bütün qanuni vasitələrdən istifadə etməklə, onu müdafiə etməli olduğunu deyən Rəyasət Heyətinin üzvü İradə Cavadovanın özünü də A.Bağırovun sədrliyindən bir neçə ay sonra vəkillikdən uzaqlaşdırdılar.