”Məni vəkillikdən çıxaranda səhvə yol veriblər”
Bakı Apelyasiya Məhkəməsində dekabrın 5-də vəkil Əlayif Həsənovun işinə baxılacaq.
Bu barədə Meydan TV-yə vəkil özü məlumat verib.
Bildirib ki, hələlik, iclasın saatı bəlli deyil:
“Məni vəkillikdən çıxarıblar. Çıxaranda səhvə yol veriblər. İntizam icraatı başlamadan məni vəkillikdən çıxarıblar. Bu da Vəkillik Haqqında Qanuna əsasən, imtahandan kənar, ixtisas kollegiyasının qərarı ilə vəkilliyə bərpa ola bilərəm. Ötən ilin noyabrında bununla bağlı məhkəməyə müraciət etdim. Ancaq iddiam təmin olunmadı. Ona görə də apelyasiya şikayəti vermişəm”.
Ə.Həsənov deyir ki, onunla bağlı ayrıseçkiliyə yol verilib:
“Odur ki, işi Azərbaycanda başa çatdırıb, Avropa Məhkəməsinə müraciət etmək istəyirəm”.
Əlayif Həsənovun Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı qərar qurumun Rəyasət Heyətinin ötən il 3 iyul tarixli iclasında qəbul edilib. Belə ki, Ə. Həsənovun hüquqlarını qoruduğu hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı Nuriyyə Hüseynova ötən il vəkilə qarşı iddia qaldırıb. N. Hüseynova 1 saylı Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla eyni kamerada saxlanılıb. Əlayif Həsənov Leyla Yunusa istinadən açıqlama yayıb ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir. Bununla bağlı Nuriyyə Hüseynova xüsusi ittiham qaydasında iddia qaldıraraq, vəkilin təhqir və böhtana görə cəzalandırılmasını istəyib. Yasamal Rayon Məhkəməsi 2014-cü il noyabrın 6-da vəkilin barəsində hökm çıxarıb. Hökmə əsasən, Əlayif Həsənov Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək, 240 saat ictimai işlər cəzasına məhkum edilib. Bu hökmdən verilmiş apellyasiya şikayəti də təmin edilməyib və hökm qüvvədə qalıb. Bundan sonra kollegiya onun məhkumluq məsələsini əsas götürərək Ə. Həsənovu üzvlükdən xaric edib.
Əlayif Həsənov Vəkillər Kollegiyasından Bakı İstintaq təcridxanasında Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında çıxarılıb.
Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə müraciətində əvvəllər də məhkum olunmuş Nuriyyə Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını, bu qadın tərəfindən döyüldüyünü bildirmişdi. Nuriyyə Hüseynova buna görə vəkili məhkəməyə verib və Əlayif Həsənov barəsində CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə hökm çıxarılıb. Vəkillər Kollegiyası da bunu əsas gətirərək, Əlayif Həsənovu vəkillikdən uzaqlaşdırıb.
Əlayif Həsənov isə bu qərarın siyasi sifariş olduğunu bildirir. Hesab edir ki, onun kollegiyadan uzaqlaşdırılması siyasi məhbusları müdafiə edən, ölkədə məhkəmə sistemini tənqid edən vəkillərə qarşı təzyiqlərin tərkib hissəsidir.
Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili, o cümlədən Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.