Vəkillər Kollegiyasına yeni sədr seçildi

Rəyasət Heyətinin yeni sədri Anar Bağırovun nazir oğlu ilə dost olduğu bildirilir

Source:
Anar Bağırov foto AZƏRTAC
Anar Bağırov foto AZƏRTAC


Rəyasət Heyətinin yeni sədri Anar Bağırovun nazir oğlu ilə dost olduğu bildirilir

Dekabrın 7-də vəkil Anar Bağırov Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri seçilib.

“Bulvar Otel”də keçirilən konfransda 116 nümayəndə iştirak edib.

Məlumatı “Azərtac”

yayıb

.

Bildirilir ki, konfransda VK sədrinin müavini Aydın Axundovun 2012-2017-ci illər üzrə hesabatı dinlənilib.

Daha sonra VK Rəyasət Heyətinin üzvü, “Bakı Hüquq Mərkəzi” hüquq şirkətinin direktoru, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində A.Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.

Aydın Axundov və Pərviz Ələkbərov yeni sədrin müavinləri seçilib.

Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni üzvləri də məlum olub. Rəyasət Heyətinə vəkillər Aydın Axundov, Pərviz Ələkbərov, Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vuqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva, Sahib Səfərov, Tural Hüseynov və Elçin Qəmbərov seçilib.

Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. Onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.


Anar Bağırov kimdir?

Yeni sədr Anar Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının “Vəkillərin peşəyə buraxılış və ixtisasartırma” fakültəsinin dekan əvəzi, Akademiyanın isə Elmi Şurasının üzvüdür.

Anar Bağırovu bir çoxu Ramiz Mehdiyevin ailə vəkili kimi tanıyır. Bu, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı məhkəmədə Ramiz Mehdiyevin nümayəndəsi olduğuna görədir.

Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasında da Anar Bağırovun müstəsna rol oynadığı

bildirilir

.

Dekabrın 4-də dərc olunan həmin məqalədə Anar Bağırovun dekabrın 7-də VK Rəyasət Heyətinin sədri olacağı qeyd edilib.

“Azadlıq.info”

yazır ki

, Anar Bağırov ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovun dostdudur. Onun çalışdığı “Bakı Hüquq Mərkəzi” də nazirin oğluna məxsusdur. Yəni, şirkət nazir oğlunun olsa da, onu idarə edən Bağırovdur.

Həmçinin qeyd olunur ki, hüquqşünaslar Namizəd Səfərov və Lətifə Əliyevanın da 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılmasında Anar Bağırovun əli olub.

Hüquqşünas Namizəd Səfərov Anar Bağırovu şəxsən tanımadığını desə də, yazılanları qismən təsdiqləyir:

Namizəd Səfərov
Namizəd Səfərov

“Anar Bağırov çalışdığım hüquq məsləhətxanasına rəhbər gələndən sonra Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıldım. Onu bilirəm ki, Anar Bağırov ədliyyə naziri Fikrət Məmmədovun oğlunun hüquq firmasında işləyib. Bütün hallarda yaxın gələcəkdə vəkillik institutunda yenilik olacağına inamım yoxdur”.


İradə Cavadova Rəyasət Heyətinə seçilmədi

Konfrans barədə Meydan TV-yə danışan İradə Cavadova yeni Rəyasət Heyətinə seçilmədiyini deyib:

“Mən iki gün əvvəl Rəyasət Heyətinin yeni siyahısının olduğu haqda məlumat almışdım. Amma konfransı aparan Aydın Axundov bu istiqamətdə o qədər açıq şəkildə iş apardı ki, hər şeyin hazırlandığı görünürdü. Məsələn, iclasda birinci sırada olanlar söz istəyib namizədliklərini vermək istəsə də, Aydın Axundov şərait yaratmadı. Hətta yaşlı vəkilin sözünü kəsib sona qədər danışmasına imkan vermədi. Məsələ ondaydı ki, Rəyasət Heyətinin siyahısı hazırlanıb. Vüqar Xasayevin namizədliyi verilsə də, keçmədi”.

İradə Cavadova
İradə Cavadova

İradə Cavadova yeni sədr Anar Bağırovun vəkilliyin statusunun artırılması istiqamətində  xeyli işlər görə biləcəyini düşünür:

“Məsələn, kollegiyanın buinası, maliyyə məsələsi, kimlərin vəkil olması kimi dəyişikliklərə ehtiyac var. Anar Bağırov gənc olduğundan bu istiqamətdə işlər görə bilər”.

Vəkillərlə bağlı problemin öhdəsindən gələ bilər

Vəkil Əsabəli Mustafayev də düşünür ki, Anar Bağırovun islahatlar aparmaq istəyi var:

“Onunla bir yerdə Hollandiyada pulsuz hüquqi sistemlə bağlı seminarda iştirak etmişik. İlk təəssüratım müsbətdir, danışıqlarından vəkilliyin vəziyyəti ilə bağlı narahatlığı hiss olunurdu. Onun islahat keçirmək istəyi var, amma əvvəlki rəhbərlikdə belə istək yox idi. Əgər dəstək də olarsa, Anar Bağırov vəkillərlə bağlı yaranan xeyli problemlərin öhdəsindən gələ bilər. Onun bu istiqamətdə nə qədər istəyinin olacağını gələcək göstərəcək.

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Vəkil deyir ki, Anar Bağırovun namizədliyinin dövlət qurumları tərəfindən dəstəklənməsi heç kimə sirr deyildi:

“Yeni sədrin hüquqşünas kimi peşəkarlığını yüksək qiymətləndirirəm, onun prokurorluq və məhkəmə sistemində vəzifə qazanmaq şansı vardı, amma vəkilliyə gəlməsi maraqlıdır. Görünür, hansısa dəstəyi hiss etdiyindən razılığını verib ki, müəyyən islahatları keçirsin. Əsas problem ondadır ki, Azərbaycanda vəkillik institutunun inkişafını vəkillərdən başqa heç kim istəmir, nə məhkəmə, nə icra hakimiyyəti, nə də hüquq-mühafizə orqanları. Çünki vəkillik institutu gücləndikcə, ciddi sədd qoyulur. Belə bir şəraitdə islahatların aparılması olduqca çətindir”.

Yeni rəhbərliyin işi çətin olacaq

Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşunas, media hüququ üzrə ekspert Xalid Agaliyev düşünür ki, yeni rəhbərliyin işi əvvəlki rəhbərliklə müqayisədə qat-qat çətin olacaq:

“İndiyədək müdafiə işi fərqli idi, minlərlə nümayəndələr vardı, məhkəmələrdə təmsilçilik işi yükünün əhəmiyyətli hissəsini onlar çiyinlərinə almışdılar. Ancaq bundan sonra bu ağır iş yükü yalnız kollegiya üzvlərinin çiynində olacaq. Yeni rəhbərlik bu agır işin öhdəsindən necə gələcək, bunu zaman göstərəcək. Ancaq gerçəklik budur ki, ötən 10-15 ildə görülməmiş, görülməli olan işləri yeni rəhbərlik reallaşdırmaq zorundadır. İstər vəkilliyə qəbulla bağlı, istərsə də vəkillərin basqılardan qorunması olsun. Bizə yeni rəhbərliyin bu sahədə effektiv addımlar atmasını arzulamaq qalır. Edə bilməyəcəklərsə, rəhbərliyin dəyişməsini problemlərdən çıxış kimi görən, yeni rəhbərliyə səmimi olaraq dəstək verən vəkillərin də xəyalları suya düşmüş olacaq”.

Xalid Ağaliyev

X.Ağaliyev eyni zamanda aşırı nikbinliyə qapılmağa ciddi əsaslar da görmür:

“Məsələn, bizdə İctimai Televiziya var, ancaq ictimai yayım prinsiplərinə əməl etmir. Bu, o demək deyil ki, orda bu prinsiplərdən xəbərsizdirlər. Bilirlər, yetərli peşəkarlar da var, sadəcə, ictimai yayım prinsiplərinə əməl etmək istəsələr, bu, onların karyerasının sonunu gətirər. Vəkillikdə də aşağı-yuxarı eyni durum hakimdir. Davamlı olaraq siyasi motivlərlə həbs edilən insanlarımızı müdafə etməklə ad çıxaran, vəkillik prinsiplərinə sadiqliyi şübhə doğurmayan hüquqçuları kollegiyadan yalnız ona görə atmırlar ki, kollegiya rəhbərliyi onları sevmir. Ona görə, uzaqlaşdırırlar ki, siyasi sistem belə tələb edir. Təəssüf ki, ölkəmizdə bu tələbə uymayanların aqibətinin heç də parlaq olmaması təcrübəsi hakimdir. Ona görə də çox da nikbin olmaq lazım deyil. Məncə, istər vəkillik olsun, istərsə də digər sahə, həmin sahələrin başında duran şəxslərin fərdi bacarıqları sitemlə bağlı problemləri kökündən çözməyə yetməz”.

Avtoritar rejimlərdə qurum rəhbərlərinin kimliyi önəm daşımır

Vəkil Qurban Məmmədov Anar Bağırovu yaxından tanımadığı üçün onun peşəkarlığına və insani keyfiyyətlərinə bələd olmadığını deyir:

Qurban Məmmədov

“Hər halda vəkillik institutunun inkişafını arzu edək. Amma avtoritar rejimlərdə ayrı-ayrı dövlətdən asılı qurumların rəhbərliyinə kimin seçilməsi xüsusi önəm daşımır. Vəkilliyin indiki bərbad vəziyyətini də mövcud hakimiyyətin idarəetməsində axtarmaq lazımdır. Şəxsən Azər Tağıyev mənə Vəkillər Kollegiyasına üzv olmağa imkan vermədi, halbuki, 1991-1998-ci illərdə Rəyasət Heyətinin üzvü olmuşam. 1998-ci ildə həbs olunduğumdan kollegiyadan xaric edildim, azadlığa çıxandan sonra bərpa olunmağıma imkan vermədilər. 2007-ci ildə test imtahanı versəm də, Azər Tağıyev şifahi imtahanda imkan vermədi, səbəb yaltaqlana bilməməyim və siyasi sayıqlığım idi. Sonradan öyrəndim ki, kollegiyaya üzv olmağıma Milli Məclisin sədri Murtuz Ələsgərovla Ramiz Mehdiyev mane olub. Yeni sədrdən bir istəyim var, Azər Tağıyevin vaxtında mənim kimi kollegiyadan qanunsuz uzaqlaşdırılan peşəkar vəkilləri bərpa etsin. Azərbaycanda vəkil qıtlığı ilə bərabər vəkil hazırlığı prosesi də getmir. Peşəkar vəkilin hazırlığı üçün illər və dövlətin maliyyəsi lazımdır. Hər halda yeni sədrə və Azərbaycanın peşəkar vəkillərinə uğurlar arzulayıram”.

Vəkil Adil İsmayılov bu barədə danışmaq istəmədiyini bildirib.

Ana səhifəXəbərlərVəkillər Kollegiyasına yeni sədr seçildi