“Vəkillər Kollegiyası vəkilləri cəzalandırmaq üçün vətəndaşdan “şikayətçi” düzəldir”

Elçin Sadıqov: “Bu metodla vəkilləri təqib etmək, onları daim təsir altında saxlamaq istəyir, əksər hallarda buna nail də ola bilirlər”

Foto: Meydan.TV


Elçin Sadıqov: “Bu metodla vəkilləri təqib etmək, onları daim təsir altında saxlamaq istəyir, əksər hallarda buna nail də ola bilirlər”

Bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov Prezident İlham Əliyevə müraciət edərək, müstəqil vəkillərə qarşı təqib və təzyiqlərin qarşısının alınması üçün kömək istəyib.

E.Sadıqov müraciətində vurğulayıb ki, vəkillərin, vəkilliyin əsas vəzifəsi insan hüquq və azadlıqlarını müdafiə etmək olsa da, Vəkillər Kollegiyasının rəhbərliyi bu işi görən vəkilləri təqib edir. Onun sözlərinə görə, kollegiya rəhbərliyi müxtəlif qalmaqallarda, dələduzluqda adı hallanan üzvlərlə bağlı heç bir tədbir görmədiyi halda, insan hüquqlarını müdafiə edən vəkilləri vaxtaşırı təzyiqə məruz qoyur, əsassız cəzalandırır.

“2019-cu ilin əvvəlində Vəkillər Kollegiyasının Rəyasət Heyəti bəyan etmişdi ki, bundan sonra dövlət orqanının şikayəti əsasında heç bir vəkili cəzalandırmayacaq. Çünki onlar yeni üsul tapıblar: vətəndaşlardan “şikayətçi” düzəltmək. Bu metodla vəkilləri təqib etmək, onları daim təsir altında saxlamaq istəyir, əksər hallarda buna nail də ola bilirlər. Məsələn, Vəkillər Kollegiyasının rəhbərliyi insan hüquqlarını müdafiə edən vəkil Şəhla Hümbətovanın haqqında Penitensiar Xidmətin şikayətini əsassız hesab etdi. Lakin ardınca Şəhla Hümbətovanın keçmiş müştərisi ondan şikayətə təhrik edildi. Nəticədə 27 noyabr 2019-cu ildə Şəhla Hümbətova Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildi. Bundan sonra, Kollegiyanın rəsmi internet səhifəsində vəkili nüfuzdan salmaq məqsədilə məlumatlar yayıldı”, – E.Sadıqov müraciətində yazır.

Vəkil öz başına gələnləri də sadalayaraq bildirib ki, 2019-cu ili oktyabrında hüquq müdafiəçisi Oqtay Gülalıyev avtomobillə vurulandan sonra o, görüntülərə baxaraq, hadisənin qəza yox, qəsd olması nəticəsinə gəlib, bu barədə fikirlərini “Facebook” hesabından paylaşmışdı. Buna görə Baş prokurorun o vaxtkı birinci müavini Rüstəm Usubov ondan Vəkillər Kollegiyasına şikayət etmiş, bu qurumda da dərhal onun haqqında intizam icraatı başlanmışdı. Kollegiya rəhbərliyi sözügedən şikayət əsasında başlanmış intizam icraatına xitam verib. Amma dərhal da başqa bir şikayətlə əlaqədar intizam icraatı başlanıb: “Guya Gürcüstan vətəndaşı olan Janashia Leila adlı şəxs məndən Vəkillər Kollegiyasına şikayət edib. O, mənim keçmiş müştərim olub, miqrasiya problemilə əlaqədar onun işini uğurla həll etmişəm. Ölkədən deportasiya olunması barədə qərarı ləğv etdirib, onun həbsdən azad edilməsinə nail olmuşam. Sonradan öyrəndim ki, Vəkillər Kollegiyasının rəhbərliyi Janashia Leiladan şikayətçi kimi dəfələrlə istifadə edib. 2019-cu ilin noyabrında Namiq Ələkbərov adlı vəkildən də şikayət edib. Həmin vəkildən pul alandan sonra intizam icraatına xitam verilib”.

E.Sadıqov vurğulayıb ki, o, yanvarın 8-də Janashia Leilaya ölkədə birillik yaşama icazəsi alımağa nail olub. Cəmi bir gün sonra o, vəkildən şikayətçi olub.

“Janashia Leilaya Vəkillər Kollegiyasının sədri yeni vəkil təyin edib – Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Qəmbərovu. Bu halda, mənimlə bağlı şikayətin Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən təşkil edilərək, idarə olunması şübhə doğurmur.

Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Gürcüstan vətəndaşının şikayətində göstərilənlərin həqiqətəuyğun olmadığı müəyyənləşdi. Barəmdə yaydıqları şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab edildi, onun təkzib verməsi qət edildi. Heç bir qanun pozuntusuna yol vermədiyim üçün Yasamal Rayon Prokurorluğunun 30 iyul 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması da rədd olundu. Amma Vəkillər Kollegiyası Rəyasət Heyəti məhkəmənin qətnaməsinə və prokurorluğun qərarına hörmət qoymadı…”

E.Sadıqov hesab edir ki, 9 ay keçəndən sonra – sentyabrın 25-də ona əsassız şikayətə görə töhmət verilməsi də, özünün razılığı olmadan fərdi vəkilliyinin ləğv edilib, 14 saylı büroya təyin edilməsi də siyasi sifariş əsasında baş verib.

“Cənab Prezident, qanunlara əməl və hörmət etməli olan qurumun qanunlara hörmətsizlik etməsini görmək olduqca ağrıdıcıdır. Ortada məhkəmə qərarı varkən, belə bir qərarın verilməsi isə sifarişdən və qərəzdən başqa bir şey deyil. Xahiş edirəm, müstəqil vəkilliyimə edilən qəsdlərin və Vəkillər Kollegiyası Rəyasət Heyətinin təqiblərinin qarşısını alınmasında mənə kömək edəsiniz”, – E.Sadıqov müraciətini belə tamamlayıb.

Ana səhifəXəbərlər“Vəkillər Kollegiyası vəkilləri cəzalandırmaq üçün vətəndaşdan “şikayətçi” düzəldir”