Vəkillər Kollegiyası Fuad Ağayevə töhmət verdi

Vəkil: “Ortaya qoyduğum dəlillər nəzərə alınmayıb”

Source:
Vəkil Fuad Ağayev
Vəkil Fuad Ağayev


Vəkil: “Ortaya qoyduğum dəlillər nəzərə alınmayıb”

Həbsdə olan ictimai-siyasi fəallardan ReAl Partiyasının sədri İlqar Məmmədovun, bloger Mehman Hüseynovun hüquqlarını müdafiə edən vəkil Fuad Ağayevə töhmət verilib. Vəkillər Kollegiyası Rəyasət Heyətinin iyulun 9-da keçirilən iclasında bu haqda qərar çıxarılıb.

Fuad Ağayevin özünün də iştirak etdiyi iclasda Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun onun cəzalandırılması üçün Vəkillər Kollegiyasına göndərdiyi şikayətə baxılıb.

Fuad Ağayev iclasdan sonra bildirib ki, o, haqqındakı şikayətin əsassız olduğunu konkret dəlillərlə sübut edib. Vəkil təəssüflə qeyd edir ki, onun ortaya qoyduğu dəlillər nəzərə alınmayıb.

Fuad Ağayevin fikrincə, əsassız bir şikayətlə ona töhmət verilməsi vəkillərin daha qorxaq və asılı vəziyyətə salınmasına səbəb ola biləcək qərardır. Vəkil xatırladıb ki, müdafiəçinin cəzaçəkmə müəssisəsinə, istintaq təcridxanasına müvəkkilinin yanına gedərkən apardığı sənədlərin əlindən alınıb baxış keçirilməsi qanunda nəzərdə tutulmayıb. Onun isə işi ilə bağlı ReAl sədrinə apardığı sənədlər baxış adıyla alınıb və sonra qaytarılmayıb. Fuad Ağayevin sözlərinə görə, bunun özü çox ciddi qanun pozuntusudur.

Penitensiar Xidmətin rəisinin şikayətində yazılıb ki, Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarovu təhqir edib, müəssisə əməkdaşlarının fəaliyyətinə təsir göstərib.

İctimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Yalçın İmanovun fəaliyyətinə də 2017-ci il noyabrın 20-də Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında xitam verilib. Y.İmanov hüquqlarını müdafiə etdiyi Nardaran məhbusu Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncələrə məruz qalması, əlləri qandallanıb, 40 dərəcə istidə günün altında dəmir dirəyə bağlanaraq döyülməsi barədə şikayətini ictimailəşdirdiyinə görə cəzalandırılıb.

Son 7 ayda ölkədə fəalların hüquqlarının müdafiəsində iştirak edən xeyli vəkil cəzalandırılıb. Onlardan Yalçın İmanov və İradə Cavadovanın fəaliyyətinin tam, Fəxrəddin Mehdiyev, Əsabəli Mustafayev və Nemət Kərimlinin fəaliyyətinin isə bir il müddətinə dayandırılmasına qərar verilib.

Ana səhifəXəbərlərVəkillər Kollegiyası Fuad Ağayevə töhmət verdi