Vəkili İlqar Məmmədovla görüşüb

”Koloniyada çarpayılar və oturacaqlar minimal ortopedik standartlara cavab vermir”

Source:


”Koloniyada çarpayılar və oturacaqlar minimal ortopedik standartlara cavab vermir”

“İlqar Məmmədovun saxlandığı koloniyada çarpayılar və oturacaqlar minimal ortopedik standartlara cavab vermir. Buna görə onda osteoxondroz kəskinləşib”, – İlqar Məmmədovun vəkili Cavad Cavadov “Turan”a belə deyib.

Bildirib ki, xəstəlik ötən həftə kəskinləşməyə başlayıb və o yeriməkdə çətinlik çəkir:

“Ağrılar nisbətən sakitləşib. Ancaq yenə qalır. O, mənimlə görüşə də gec gəldi. Çünki hərəkət etməkdə çətinlik çəkir”.

Martın 24-də Ədliyyə Nazirliyinin Tibb Xidmətinin mütəxəssisləri İ.Məmmədovu müayinə edərək ona kəskin osteoxondroz diaqnozunu qoyublar.

“Koloniyadakı çarpayılar və taburetkalar minimal ortopedik standartlara cavab vermir. Çarpayılar dəmirdir və  çürüyüb. Oturacaqların isə söykənəcək yeri yoxdur. Məhbuslar vəziyyətdən çıxış üçün çarpayıların çürümüş hissələrinə taxta dikt qoyub yatırdılar. Ötən ilin dekabrından həmin diktlər də yığışdırılıb”, – deyə vəkil bildirib.

Ədliyyə Nazirliyinin mütəxəssisləri İlqar Məmmədovun ortopedik çarpayı və oturacaqla təmin ediləcəyinə söz versələr də problem qalır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də hələlik İ.Məmmədovla görüşməyiblər.

Vəkil bildirir ki, İ. Məmmədov Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Şurası Nazirlər Komitəsinin onun barəsində qərarların yerinə  yetirilməsini tələb edir.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonunda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. O, 7 il azadlıqdan məhrum olunub. Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun həbsinin siyasi motivli olduğunu tanıyıb və onun azadlığa buraxılması barədə qərar qəbul edib. Ancaq Azərbaycan hakimiyyəti bu tələbə məhəl qoymayıb.

Ana səhifəXəbərlərVəkili İlqar Məmmədovla görüşüb