Vəkili həbs olunan fəalla görüşə bilmir

Foto: Mütəllim Orucov və Malik Rzayevin şəxsi arxivlərindən

Malik Rzayevin hazırkı durumu ilə bağlı məlumat yoxdur

Bir müddət əvvəl Almaniyadan Azərbaycana deportasiya olunan və on gün öncə həbs edilən
aktivist Malik Rzayev hələ də vəkili ilə görüşə bilməyib. Bu barədə Meydan TV-yə yaxınlarıyla bağladığı müqavilə əsasında onun hüquqlarını müdafiə edən vəkil Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, müqavilə noyabrın 1-də bağlanıb və həmin gün də orderini işi aparan müstəntiqə təqdim edib. Vəkil müstəntiqdən müvəkkili ilə görüşmək üçün məktub istəyib:

“Noyabrın 2-də nahardan sonra zənglərimə cavab olmadı. Noyabrın 3-də məktubu aldım. Müstəntiq bildirdi ki, Malik Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Noyabrın 4-də təcridxanaya getdim. Məlum oldu ki, orada yoxdu, müvəqqəti saxlama yerinə aparıblar. Müstəntiqə zəng edirəm, deyir ki, “hə, deyəsən, onu etap ediblər, dəqiqləşdirim, sizə bildirəcəm”. Ondan sonra da zənglərimə cavab vermədi…”

Nemət Kərimli deyir ki, qanuna görə, təcridxanadan şəxsin harasa aparılması müstəntiqin vəsatəti, prokurorun qərarı əsasında həyata keçirilməlidir. Müstəntiqin xəbəri olmadan Malik Rzayevin harasa aparılması isə qanun pozuntusudur.

Yaxınları Malik Rzayevin işgəncə altında olmasından narahatdır. Çünki onunla təxminən eyni vaxtda Almaniyadan deportasiya edilərək, Bakıda tutulan Mütəllim Orucov həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən ağır işgəncələrə məruz qaldığını deyib.

Adları çəkilən aktivistlərə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin yaxınları onların tənqidi fikirlərinə, hökumətə qarşı aksiyalarda iştiraklarına görə şərlənərək həbs olunduğunu deyir.

Ana səhifəXəbərlərVəkili həbs olunan fəalla görüşə bilmir