Vəkil və baş redaktor hökmü siyasi xarakterli hesab edir

Elçin Şıxlı Rauf Mirqədirovun azadlıqdan məhrum edilməsində Rusiya amilinə üstünlük verdi

Source:


Elçin Şıxlı Rauf Mirqədirovun azadlıqdan məhrum edilməsində Rusiya amilinə üstünlük verdi

Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirova hökm oxunub. Jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı jurnalistə 7 il iş istəmişdi.

Vəkil Fuad Ağayev məhkəmənin “Zerkalo” qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov haqqında hökmünü mənfi qiymətləndirdi.

O, jurnalistlərə bildirdi ki, ittiham hökmü tam elan olunmadı: “Ona görə də düşünməyin ki, sənəddə tutarlı sübut var. Nə sübut varsa, bu, Rauf Mirqədirovun tərifindən başqa bir şey deyil. İttihamda Rauf Mirqədirova hansısa tapşırıqların verilməsi barədə deyilənlərin tam təkzibini yaxın zamanlarda ictimaiyyətə təqdim edəcəyəm. O zaman Mirqədirova qarşı irəli sürülən ittihamın nə dərəcədə gülünc və əsassız olduğunu görəcəksiniz. Siz özünüz də təqdim etdiklərimi görəndə, dəhşətə gələcəksiniz. Bizim mövqeyimiz güclüdür. Bilirsiniz, hər xaricə gedən insanı bu cür ləkələyəcəklərsə, o zaman heç kəs siyasi publisistikayla məşğul olmasın”.

Vəkil “hökmü siyasi sifariş hesab edirsinizmi” sualına belə cavab verdi: “Mirqədirovun həbsi lap öncədən siyasi xarakter daşıyırdı, ondan sonra həbs müddətinin uzadılması və bugünkü hökm də fəaliyyətin tərkib hissələridir. Amma hökmdə iki nəfərin də adı çəkilmişdi, belə görünür ki, onlar Mirqədirovun fəaliyyətinə rəhbərlik edirmişlər. Həmin adamlar azadlıqdadırlar, ümid edək ki, apellyasiya şikayətinə baxılanda Rauf bəy azadlıqda olacaq”.

O, Rauf Mirqədirovun da belə hökm gözlədiyini dedi.

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı məhkəmə hökmü haqqında belə dedi: “Yaxşı ki, 15 il azadlıqdan məhrum etmədilər. Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edirlərsə, gərək 6 il azadlıqdan məhrum etməyəydilər, daha az olaydı. Amma ümidimi itirmirəm, çünki apellyasiya şikayəti olacaq. Ümid edirəm ki, hökmü 1-2 il Apellyasiya Məhkəməsində azaldacaqlar”.

Baş redaktor hökmü siyasi xarakterli hesab etdi: “Lap əvvəldən Mirqədirovun həbsini siyasi motivli hesab edirəm. İttihamı oxuyanda da Rauf bəyin yazılarına görə cəzasını çəkdiyi açıq görünürdü. Görünür, yalan, yumşaq şeylərdən yazmaq lazımdır. Yazmaq lazımdır ki, bugün hava buludlu yox, günəşlidir, gəlin sevinək”.

Elçin Şıxlı Rauf Mirqədirovun həbsində Rusiyanın maraqlarının olması barədə ehtimala da toxundu: “Bu ehtimalı istisna etmirəm və bəlkə də daha çox üstünlük verirəm. Çünki “Zerkalo” rusdilli qəzet olmaqla Azərbaycanda ictimai fikri formalaşdırmağa gücü çatırdı və bunu da edirdi. Bu isə Rusiyanın 2008-ci ildən yürütdüyü işğalçı siyasətin ifşa olunması idi. Eyni zamanda, qəzetimiz Rusiyanın Dağlıq Qarabağın işğalında oynadığı roldan həmişə tənqidi baxımdan yazıb. O cümlədən, Rusiyanın Krımdakı rolu barədə Rauf Mirqədirov həmişə yazırdı, biz də çap edirdik. Bu baxımdan ehtimalın doğruluğuna inanmaq inanmamaqdan daha çoxdur”.

Rauf Mirqədirovun anası Rəfiqə xanım göz yaşları içində danışa bilməyəcəyini dedi.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Rauf Mirqədirov son sözündə bəraət istəmişdi.

Ana səhifəXəbərlərVəkil və baş redaktor hökmü siyasi xarakterli hesab edir