”Onun həbsinin motivi ənənəvidir”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şöbəsinin həbsdəki fəalı Ruslan Qarayevin durumu yaxşıdır.
Bunu onun vəkili Əsabəli Mustafayev deyib. O, avqustun 14-də Sumqayıt Şəhər Polis İdarəsində onunla görüşə bilib. Vəkil deməsinə görə, görüş polisin qarşısında bir saatdan çox gözlətdikdən sonra mümkün olub.
”Durumu yaxşıdır. Siyasi fəalların həbsləri ilə bağlı digər işlərdən fərqli olaraq, bu dəfə Daxili İşlər Nazirliyinin ”102” xidmətinə və Ombudsman Aparatına zəng etmədən görüş baş tutdu. Ancaq saatyarım çöldə gözlətdilər”, – deyən vəkil R.Qarayevin həbsinin motivinin ənənəvi olduğunu ifadə edib:
”Guya yaşadığı evdən çölə çıxıb, ünvansız söyüş söyməyə başlayıb. Bu zaman təsadüfən, orada olan mülkigeyimli polis əməkdaşları ondan söyüş söyməsini dayandırmasını tələb ediblər. Guya R.Qarayev onların tələblərinə tabe olmayıb”.
Vəkil R.Qarayev barəsində qərarla razılaşmadıqlarını, həmin qərardan yuxarı məhkəmə instansiyalarına şikayət edəcəklərini bildirib.
AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qarayevdən avqustun 11-i səhər saatlarından xəbər almaq mümkün olmamışdı. Günün sonunda onun saxlanıldığı, 20 sutka inzibati həbs cəzası aldığı bildirilirdi.
R.Qarayevin saxlanılmasının dəqiq səbəbləri bəlli deyildi.
Məsələyə, hələlik, Sumqayıt polisi və məhkəməsindən münasibət almaq mümkün olmayıb.
Hazırda AXCP-nin 10-dan çox fəalı uzun müddətli həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə alınıblar.