Vəkil: Qubad İbadoğlunun ailə üzvlərilə görüşünə qoyulan məhdudiyyət aradan qaldırılıb

Qubad İbadoğlu. Foto: Meydan TV

Bakı Apelyasiya Məhkəməsi şikayəti qismən təmin edib

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, eyni zamanda, London İqtisadi və Siyasi Elmlər Məktəbinin müəllimi Qubad İbadoğlunun ailə üzvlərilə telefon danışığı və görüş hüququ müstəntiqin qərarıyla məhdudlaşdırılmışdı. Sonradan telefon danışıqlarına qoyulan məhdudiyyət aradan qaldırılsa da, görüş qadağası davam edirdi.

Qubad İbadoğlunun vəkilləri bu məhdudiyyətlə bağlı istintaqın qərarının qanunsuz hesab edilməsi və aradan qaldırılması üçün Nərimanov Rayon Məhkəməsinə (çünki istintaqı aparan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu rayonun ərazisində yerləşir) müraciət etsə də, məhkəmə şikayətə baxmaqdan imtina etmişdi. Vəkillər də Nərimanov Rayon Məhkəməsinin həmin imtina qərarından apelyasiya şikayəti vermişdi. Avqustun 18-də Bakı Apelyasiya Məhkəməsində sözügedən şikayətə baxılıb.

Qubad İbadoğlunun vəkili Bəhruz Bayramov məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, şikayətləri qismən təmin olunub. Bakı Apelyasiya Məhkəməsi qərar verib ki, onların telefon danışığı və görüş məhdudiyyətilə bağlı şikayətini Nərimanov Rayon Məhkəməsi icraata götürüb baxmalıydı. Ona görə də məhkəmənin imtina qərarını ləğv edib, işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə geri qaytarıb.

Vəkilin sözlərinə görə, məhkəmədə iştirak edən müstəntiq məlumat verib ki, artıq Qubad İbadoğlunun ailə üzvlərilə görüşlərinə qoyulan məhdudiyyət aradan qaldırılıb:

Telefon danışıqlarına olan qadağa iyulun 30-da aradan qaldırılmışdı. Avqustun 15-də isə görüş qadağası aradan qaldırılıb. Sabah ailə üzvləri gedib Qubad bəylə görüşə biləcək”.

Qubad İbadoğlunun digər vəkili Fəxrəddin Mehdiyev isə jurnalistlərə açıqlamasında müvəkkilinin sağlıq durumu haqda danışıb. Vəkil bildirib ki, xroniki xəstəliklərdən əziyyət çəkən müvəkkilinin qapalı şəraitdə saxlanması, üstəlik, havaların da çox isti keçməsi səhhətindəki problemləri kəskinləşdirir. Dərmanların çatdırılmasında problem yaşanmadığını deyən müdafiəçinin sözlərinə görə, Qubad İbadoğlu əsasən, ürək, şəkər və qan təzyiqi kimi xəstəliklərdən əziyyət çəkir.

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətVəkil: Qubad İbadoğlunun ailə üzvlərilə görüşünə qoyulan məhdudiyyət aradan qaldırılıb