Vəkil: Onu jurnalist fəaliyyətinə görə cəzalandırırlar

”Təəssüf ki, vermədilər”, – deyə vəkil bildirib.

Source: Архив


Polad Aslanov son söz üçün vaxt istəyib

“Xeberman.com” saytının baş redaktoru və təsisçisi Polad Aslanovun məhkəməsi yekunlaşır. Məhkəmə istintaqı başa çatıb, prokuror P.Aslanova 17 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə prosesdə P.Aslanovun vəkili Elçin Sadıqov çıxış edərək, ona bəraət verilməsini istəyib. Vəkil bildirib ki, müvəkkili dövlətə xəyanətdə ittiham olunsa da, həbsinin əsl səbəbi onun jurnalist fəaliyyətidir. Vəkilin sözlərinə görə, ittihamın məzmunundan da bu görünür: “İttihamda göstərilib ki, Polad Aslanov yazıları ilə hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmağa çalışıb. Bu da onun məhz jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deməyə əsas verir”.

Vəkil P.Aslanovun məhkəmədəki ifadəsini də xatırladaraq, təzyiq altında alınan ilkin ifadənin sübut kimi qəbul olunmasına etiraz edib.

P.Aslanov məhkəmədə ifadəsində bildirib ki, həbs olunduğu gün həyat yoldaşı Gülmirə Aslanovanı da gecə saat 1-ə qədər Dövlət Təhlükəsizliyi Xidmətinin binasında saxlayıblar. Onu hədələyərək deyiblər ki, əgər tələb olunan ifadəni verməsə, həyat yoldaşını da həbs edəcəklər. İstənilən ifadə alınana qədər G.Aslanova və 6 yaşlı qızı buraxılmayacaq. P.Aslanovun sözlərinə görə, o da məcbur olub, onların tələbinə razılıq verib.

“Polad Aslanovun mobil telefonundakı yazışmaların, ondan ifadə alınarkən çəkilən videogörüntülərin bizə də verilməsini istədik. Təəssüf ki, vermədilər”, – deyə vəkil bildirib.

E.Sadıqov məhkəmə istintaqından da narazı qaldığını vurğulayıb. Müdafiəçi çıxışının sonunda P.Aslanov haqqında bəraət hökmü çıxarılmasını istəyib.

P.Aslanov özü isə son sözünü deməyə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Ona noyabrın 16-na qədər vaxt verilib.

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə – İranın xüsusi xidmət orqanlarına casusluq edib, dövlət sirri sayılan məlumatları ötürməkdə ittiham olunur. İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, o, Dəyanət Babayevi ölümlə hədələyib.

P.Aslanov ittihamların heç birini qəbul etmir. Baş redaktor DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

P.Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəSiyasətVəkil: Onu jurnalist fəaliyyətinə görə cəzalandırırlar